Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


05.02.2018  16:05 

Elçin Əlibəylinin yarımçıqlığı...





A+  A-

Bu yaxında Elçin Əlibəylinin verilişində qonaq oldum. Elçin bəy məni tanımırdı, hər halından bəlli idi. Görünür, adımı siyahıya prodüser salmışdı. Aparıcının tanımadığı və oxumadığı müəlliflə dialoq qurması həm asandı, həm çətin. Asandı ona görə ki, sözləri ehtiyatla seçməyə bilər. Adətən, bizdə aparıcı tanımadığı müəllifə dırnaqarası baxır, xüsusilə qonaq qadındırsa və Elçin bəyin təbirincə desək, instaqramda tanınma potensialı olan görkəmi varsa. Bu abzası yarıda qoyuram. Yazının sonuna yaxın yekunlaşdıraram.
Mövzu klassiklərin tənqidi idi. Məlum müəlliflərin məlum sosial şəbəkə paylaşımlarından sonra cəmiyyət klassikləri tənqid etmək olarmı sualı üzərində düşünür. Əslində, mən proses olaraq bu işi bəyənirəm. Klassiklər gündəmə gəlib. Adamlar adəti düşüncə çərçivəsindən çıxıb, yeni şeylər üzərində baş sındırırlar. Bəziləri tənqid olunan klassikləri yenidən oxuyurlar, əsərlərindən parçalar paylaşırlar.

Verilişdə ilk sual Məmməd Arazı tənqid edən Əsəd Qaraqaplana verildi. Əsəd şairin yaradıcılığını sorğulayıb və kəskin tənqid olunub. Necə ki Kəramət B. Xəlil Rza Ulutürkü xalqlar arasında ixtilaf yaradan adlandırıb, necə ki Ayxan A. Sabiri bizi biabır edən, azərbaycanlıları aşağılayan müəllif kimi qəbul etdiyini yazıb. Əsəd dediyini təkrarladı, özü daxil bir neçə müasir şairləri bəzi klassik sayılan müəlliflərdən güclü imza saydığını bildirdi. Bu sözlərdən sonra klassikləri əlçatmaz sayan insanların necə qəzəbləndiyini təxmin edə bilərsiz. Razıyam ki, cümlə qulağa yad gəlir, adamı diksindirir. Necə yəni Əsəd tutalım, Məmməd Arazdan güclü şairdir? Ola bilərmi belə iş? Əlbəttə olar. Hətta bəlkə olmalıdı da.

Güclü şeir ölçən cihaz yoxdu. Şairliyin rentgeni də kəşf olunmayıb. Məsələn, könül istərdi ki, bu tip mübahisələrə son vermək üçün cihazlar kəşf olunsun. Gedək ki “salam, gəlmişəm şairliyimi ölçdürməyə. Çıxardardılar səni şair aparatına, yoxlayardılar, MRT çəkimi kimi qovluğu vurardılar qoltuğuna, Yazıçılar Birliyinin sədri kimi bir bilici baxaydı deyəydi ki, “əzizim, sizin güclü şair olmağınız üçün vaxt lazımdır. Sizə resept yazıram, gedin, filan-filan kitabları oxuyun, bir əsər yazın, gəlin, təkrar yoxlayaq, görək durumunuz nə yerdədi.”

Bu cihazlar olmadığı müddətdə daha sivil dialoqlar qurmalı, insanlar bir-birinin istedadlarını bacardıqca az şübhə altına almalıdırlar deyə düşünürəm. Verilişdə də səsləndirdiyim kimi, əvvəlcə sözləri seçərək tənqid etməyi öyrənməliyik. Tənqid ciddi işdir, ona məsuliyyətsiz yanaşaraq, onunla oyuncaq kimi davranaraq adını, kimliyini ömrünün sonuna qədər zədələyə bilərsən. Əsəd və adını çəkdiyim müəlliflər tənqidlərini mən qəbul etdiyim şəkildə ifadə etməyiblər deyə düşünürəm. Lakin bu, qəzəbli oxucuların klassiklərə dəymək olmaz yanaşmasını dəstəkləyirəm anlamına gəlməsin. Klassiklərə dəymək nəinki olar, hətta olmalıdır. Qəribə burasındadır ki, klassiki sorğulayan kimi, dünyada biabır olduq qorxusu düşür canımıza.

Niyə unuduruq ki, yanında hörmətdən düşəcəyimizdən qorxduğumuz dünya məhz tənqidə davamlı, fərqliliyə və yeniliyə açıq cəmiyyət quruculuğu üçün çalışır. Dünya mətbuatı başlıqlara sıxışdırılmış şairləri, sözü kəsilən yazıçıları çıxarır. Dünya keçmişinə, tapdığı və mütləq həqiqət sandığı doğrularına şübhə ilə yanaşaraq tərəqqi yoluna çıxmağı doğru sayır. Qərb deyil klassikini, peyğəmbərini belə gülüş motivinə çevirir, dişinə vurub həqiqiliyini yoxlayır. Sabir, Mirzə Cəlil, Axundov, lap elə Əsəd mənim üçün cəmiyyətə ötürmək istədikləri və paylaşmağı bacardıqları dəyərdən başqa məna kəsb eləmirlər. Lakin mənim üçün. Bir başqası üçün yazıçının, şairin başqa təyinatı var bəlkə. O zaman qoy, Əsəd kiminsə üçün Məmməd Arazdan daha güclü şairi olsun. Bir başqası üçün Məmməd Araz Nizamini üstələsin. Xorla danışmayaq, xorla sevməyək, xorla düşünməyək.

Klassiklərə ünvanlanan tənqidlərə əmioğlu, əmiqızı məzmununda cavab veririk. Dəyərdən yapışmadan, sağlam sevgi ifadə etmədən. Toxunulmazdı, çünki mənim şairim, mənim yazıçımdı, mənim heykəlim, mənim fəxrimdi. Bu ifadələrdə vacib olan mənim hissəsidi. Mən bu sevginin səmimiliyinə fikirləri klassiklərin şeirlərini oxuyub, onların dəyər saydıqlarını öz yaşamına gətirən adamlar ifadə etsə inanaram. Milləti tarac edənlərin doluşduğu məclislərdə Sabirin dəyərindən danışmaq sizcə də gülünc deyilmi? Sabir bunun üçünmü yazırdı?

Mən klassiklərin tənqid olunmağından qorxmuram, qoy Xəlildən də yazsınlar, Mirzə Cəlildən də. Mənim Məmməd Araz sevgim, Axundov pərəstişim tutalım Əli Vəliyevin tənqidi ilə laxlayırsa, bünövrəsi pis qoyulub demək. Bəlkə də o binanı dağıtmaq, yenidən tikmək mümkündü. Bəlkə də yaradıcılığı tənqid olunan hansısa klassik bir oxucunun gözü ilə yenidən kəşf olunacaq. Niyə klassikləri özümüz görməyək, onları başqalarının sözləri, başqalarının təqdimatları ilə tanıyaq? İnanın, bu tənqidlərdən sonra klassiklər bizə nə qədər yaxınlaşdı, nə qədər şeir müasirləşdi.

İlk abzasa son vermək üçün isə həm də digər yazdıqlarımı ümumiləşdirməliyəm. Niyə adlarını qeyd etdiyim müəlliflər klassikləri, ümumiyyətlə başqalarını keyfiyyətli tənqid edə bilmirlər? Niyə onların yanaşmalarında mənim də fərqində olduğum və qəbul edə bilmədiyim aqressiya görünür? Çünki yeni nəsil müəlliflər özlərini ifadə etməyə meydan tapa bilmirlər. Klassikləri tənqid etməkdə dirçəlmək cəhdi də var, haqlısız. Bəli, burda özünü tanıtım istəyi də yox deyil. Bu cəhdləri mən də görürəm, lakin digərləri kimi qəzəblənmirəm. Əksinə acıyıram. Eşidilmək istəyidir onlarınkı.

Verilişin aparıcısı Elçin Əlibəyli mənə siz özünüzü ciddi yazıçı hesab edirsinizmi deyə birbaşa sual verdi. Mən də onun gözləntilərinizin əksinə, bəli dedim əminliklə. Adam cavabdan qəzəbləndi, məni müştəbeh adlandırdı, doktorluq işi yazsa da, özünə sənətşünas demədiyini bildirdi. Mən onun əminsizliyinizə görə təəssüf edirəm. Hər halda bir bildiyi var, özünə sənətşünas deməməyi həyatını bu işə həsr eləməməyi ilə bağlı ola bilər. Uzağa getmirəm, həyat yoldaşım, neft və qazma işləri üzrə doktorluq işi üzərində çalışır. Lakin o, özünü neft mütəxəssisi kimi hiss eləmir. Mənsə özümü yazıçı kimi hiss eləyirəm. On ilə yaxındır hekayələr, qısa romanlar yazıram, hazırda dördüncü kitabımı bitirmək üzrəyəm. On ildir ki, kitabsız, yazısız gün keçirmirəm. Başlayanda həvəs kimi görünən yazmaq ehtirası və məsuliyyəti on ildir ki, keçmir.

Nə qədər aparıcı, minlərlə oxucu məndən, mənim kimi onlarla müəllifdən “siz ciddi yazıçısız?” sualına “xeyr, biz gənc yazarıq, biz hələki özümüzə yazar demirik” deyə cavab umurlar. Bunun əksini eşitmək onları qəzəbləndirir. Əsəd, onun kimi onlarla müəllif cəmiyyət onları aşağıda görmək istədikləri üçün lazımınca ifadə edə bilmirlər özlərini. Aparıcılar 40 yaşlı müəllifləri efirlərə çağırıb, hələ də gənc yazar kimi təqdim edirlər. Verilişdə çoxlu “dünya” sözü işləndi. Söhbət mənim də tanıdığım dünyadan gedirdisə, orda gənc yazıçı 16 yaşına qədər müəlliflərə deyilir.

Elçin bəyin məni tanımadığına sevindim. Bu illər ərzində eşidilmək yanğısı ilə lazımsız küy yaratmadığım, qalmaqalla tanınmadığım üçün xeyli məmnun qaldım özümdən. Mən isə onu tanıyırdım. 7-8 il öncə necə tanıyırdım elə də qalıb. Mənə ünvanladığı oxşar sualı başqa qadın yazıçılara da verdiyi yadımdadı: “Bəlkə ədəbiyyata görkəminizə güvənərək gəlmisiz?” Mən də sual vermək istəyirəm. Siz bu gün sivil sayılan hansı dövlətdə, mədəniyyətdə özünü yarımsənətşünas adlandıran adamın verilişinə çağırdığı qonağa belə sual verdiyini göstərə bilərsiniz? Sizcə bu qədər önyarqı, sayğısız yanaşma ilə ədəbiyyata gələnlər özlərini nə qədər müdrik apara bilərlər?

Aşağılamayaq. Yüksəldək. Aparıcı, şair, yazıçı olaraq, vətəndaş olaraq, insan olaraq.


Sahilə İbrahimova

Xəbər 4779 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +