21.12.2017 16:52
“Azərbaycan demək olar ki, uçurum kənarında idi”
Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləyib.
XəzərNews.az İlham Əliyevin çıxışının tam mətnini təqdim edir:
- Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində Azərbaycanda və bir çox ölkələrdə beynəlxalq konfranslar, tədbirlər keçirilmişdir. Sonuncu beynəlxalq konfrans isə bu gün Bakıda öz işinə başlayır. Mən konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram, onlara “Xoş gəlmisiniz!” deyirəm. Qeyd etməliyəm ki, bu gün konfransda 40-a yaxın ölkədən 150-dək xarici qonaq iştirak edir. Hörmətli qonaqlarımızın iştirakı bu konfransın və bu mövzunun əhəmiyyətini bir daha göstərir.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.
Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir.
Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir. Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gələn il isə bizim digər qədim şəhərimiz – Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülübdür.
Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir.
Bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir.
Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki, ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir.
Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən yüksək səviyyədə həllini tapıbdır. Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenafobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.
Azərbaycan keçən ili “Multikulturalizm İli” elan etmişdi. Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər. Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamafobiya, ksenafobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir.
Qeyd etdiyim kimi, Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Eyni zamanda, bizim Avropa ölkələri ilə də sıx əlaqələrimiz var. Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalamışdır. Yəni, bu da Avropa İttifaqının üzvlərinin üçdəbir hissəsidir. Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz var. Bir sıra məsələlər ətrafında çox ciddi iş gedir və bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlamışdır. Bu, bir daha ölkəmizin həm beynəlxalq gündəlikdə duran məsələlərə münasibətini, eyni zamanda, bizim siyasətimizi əks etdirir. Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı bax dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilir.
Bir məsələni də qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə dövlət siyasəti aparılır və aparılacaq. Ancaq bizim bu istiqamətdəki siyasətimiz ictimai rəyə söykənir. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu duyğularla, bu fikirlərlə yaşayır. Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar.
Bu il biz İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmişik. IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Əllidən artıq ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq gəlmişdi. Bu, həm böyük idman yarışı idi, eyni zamanda, bu, bir dostluq bayramı, qardaşlıq bayramı idi. Bütün İslam ölkələrinin aparıcı idmançıları Bakıda idilər. Əlbəttə, biz fəxr edirik ki, Azərbaycan milli komandası bu yarışların qalibi oldu, birinci yerə layiq görüldü. Amma əsas məsələ bunda deyil. Əsas məsələ ondadır ki, bu Oyunlar bir daha göstərdi ki, İslam həmrəyliyi var və gənc nəsil gərək gələcəkdə bu gözəl dəyərləri daim dərk etsin və gücləndirsin. İki il bundan əvvəl isə Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları 2015-ci ilə qədər heç vaxt keçirilməmişdir. İlk Avropa Oyunları Azərbaycanda keçirilmişdir və Avropadan 5 mindən çox idmançı burada yarışırdı, minlərlə qonaq gəlmişdi. Azərbaycan komandası bu Oyunlarda ikinci yerə layiq görüldü.
Yəni, bu iki hadisə özlüyündə bir göstəricidir. Əlbəttə ki, bunlar böyük, möhtəşəm idman tədbirləri idi. Amma, eyni zamanda, həm Avropa, həm İslam Oyunlarının iki il ərzində bir şəhərdə, bir ölkədə keçirilməsi həm Avropa, həm İslam aləminin bizə olan münasibətini göstərir, həmçinin onu göstərir ki, bir daha dediyim fikirlərə qayıdıram - Azərbaycan sivilizasiyalar, dinlər və qitələr arasında nadir rol oynayır.
Digər önəmli təşəbbüs 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz belə qərara gəldik ki, Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət edək. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri Bakıda görüşdülər. Çox səmərəli görüş keçirilmişdir, çox səmimi fikir mübadiləsi aparılmışdır. Biz hesab etdik ki, bu təşəbbüsün davamı olmalıdır, yəni, bu, sadəcə olaraq bir görüş olmamalıdır. Bu məqsədlə növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə “Bakı Prosesi” adı verildi. Bu gün “Bakı Prosesi” yaşayır, inkişaf edir. Gələn il biz “Bakı Prosesi”nin on illik yubileyini qeyd edəcəyik. “Bakı Prosesi” bütün beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır. Yenə də təşəbbüs Azərbaycan tərəfindən gəldi.
Əminəm ki, biz belə təşəbbüslərlə ümumi işimizə töhfə veririk. Ümumi məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq.
Azərbaycan gənc müstəqil dövlətdir. Müstəqilliyimizin cəmi 26 yaşı var. Müstəqilliyin ilk illəri çox ağır keçmişdir, çox faciəvi hadisələr baş vermişdir. 1993-cü ilə qədər Azərbaycan demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü, inflyasiya min faizlərlə ölçülürdü, bütün sənaye müəssisələrimiz, demək olar ki, fəaliyyətsiz qalmışdı və ölkənin inkişafı üçün perspektivlər çox qaranlıq idi. Bundan əlavə, o vaxtkı hakimiyyət Azərbaycanda vətəndaş müharibəsinə start verdi və qardaş qanı axıtdı. Mənfur qonşu Ermənistan bundan istifadə edərək torpaqlarımızın bir hissəsini işğal etmişdir. Yəni, Azərbaycan demək olar ki, uçurum kənarında idi. Belə vəziyyətdə Azərbaycan xalqı özünə xas olan müdriklik göstərərək böyük lider Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolu ilə gedir. 1993-cü ildən başlanan siyasi, iqtisadi islahatlar, beynəlxalq arenada rolumuzun artması, ölkə daxilində bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, vətəndaş müharibəsinin dayandırılması, yeni Konstitusiyanın qəbul edilməsi və ölkəmizin strateji inkişafı ilə bağlı çox dəqiq qərarlar xalqımızı ağır vəziyyətdən çıxara bildi və bu gün də Azərbaycan uğurla inkişaf edir. Eyni zamanda, müstəqilliyin ilk illərində Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər də demək olar ki, pozulmuşdu. Yumşaq desək, bu sahədə, çox böyük səhvlər, dəqiq desək, cinayətlər törədilmişdir. Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bu sahədə də dönüş yarandı, dövlət-din münasibətləri lazımi səviyyədə quruldu. Bu gün dövlət-din münasibətlərinin səviyyəsinə və mahiyyətinə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər.
Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər qanlı cinayət – Xocalı soyqırımını törətmişlər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb.
BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb. Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət qədər dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. O missiyalar dediyim mənzərə ilə üzləşmişlər və öz məruzələrində bunu əks etdirmişlər.
Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Qeyd etdiyim kimi, dünyanın əksər ölkələri çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Ermənistan xalqı öz müqəddəratını təyin edib, onların öz dövlətləri var. İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcək. Bu, əslində çox zərərli, təhlükəli və xəstə bir məntiqdir. Ermənilər bir çox ölkələrdə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq.
Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir. Əli silahlı erməni quldur dəstələri soyqırımı törətmişlər, zor gücü ilə torpaqlarımızı işğal etmişlər, günahsız insanları bu torpaqlardan qovmuşlar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir.
Bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada çox etibarlı tərəfdaşa çevrildik, bir neçə il bundan əvvəl 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu, bizim böyük siyasi qələbəmiz idi. Çünki o vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil ölkə kimi yaşayırdı və bu illər ərzində beynəlxalq ictimaiyyətin rəğbətini qazana bilmişdir. Ölkədə çox ciddi iqtisadi islahatlar aparılır. İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir. İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artmışdır.
Biz, eyni zamanda, çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir.
Məndə və bilirəm ki, cəmiyyətdə ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün reallaşan nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.
Azərbaycan bölgədə çox önəmli nəqliyyat mərkəzinə çevrilir. İki ay bundan əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu qitələri - Asiyanı Avropa ilə ən qısa yolla birləşdirdi. Hazırda biz “Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində işləyirik. Bu istiqamətdə də çox önəmli nəticələr var. Biz ilin sonuna qədər növbəti nəticələri gözləyirik ki, qısa müddətdə – bəlkə də iki-üç il ərzində bu yolu da biz qonşu ölkələrlə birlikdə istifadəyə verək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcəkdir. Bu, bizə əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividendlər gətirəcək. Bu, regional əməkdaşlığa da çox ciddi müsbət təsir göstərəcək. Eyni zamanda, əminəm ki, bu, bizim bugünkü konfransımızın burada yazılan mövzusuna da öz müsbət təsirini göstərəcək. Çünki millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün hesab edirəm ki, sadəcə olaraq, söz danışmaq kifayət deyil. Konkret layihələr, konkret maraqlar olmalıdır, maraqların uzlaşması, balansı və qarşılıqlı asılılıq olmalıdır. Bizim regionda icra etdiyimiz layihələr bu qarşılıqlı maraqları təmin edir.
Əlbəttə ki, bütün bu nailiyyətləri biz qonşularımızla birlikdə əldə etmişik. Tranzit olmaq istəyən hər bir ölkə gərək öz qonşuları ilə yaxın münasibətlər qursun. Bizdə də bu, belədir. Biz qonşularımızla çox sıx əlaqələr qurmuşuq. Əlbəttə ki, bu, regional təhlükəsizliyə və sabitliyə də öz müsbət təsirini göstərir.
Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb. Biz bundan sonra da bu yolla gedəcəyik.
Fürsətdən istifadə edərək, sizə - bütün qonaqlara Bakıya gəldiyiniz üçün bir daha təşəkkürümü bildirirəm və konfransa uğurlar arzulayıram. Sağ olun.
Xəbər 1567 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|