Qanunlara edilən dəyişikliklər “reket jurnalistlər”in əl-qolunu bağlayır
Media rəhbərlərinin sözlərinə görə, onlar qanunvericiliyə əməl etməyəcəklərsə, cinayət məsuliyyətinə cəlb olunacaqlar .
Milli Məclisin ötən həftə baş tutan iclasında internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi və digər məsələlərlə bağlı cəzaların müəyyənləşdirilməsi məsələsi müzakirə edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 388-1 maddəsi əlavə olunub. Həmin maddəyə əsasən, belə hal baş verdikdə fiziki, vəzifəli və hüquqi şəxslərin müxtəlif məbləğlərdə cərimələnəcək.
Bu cərimələr eyni qaydada, internet informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə də tətbiq ediləcək. Bundan başqa, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə də cərimə tətbiq olunacaq. Bu maddə üzrə göstərilən əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur. Bununla bağlı "Kütləvi informasiya vasitələri haqqında”, "Telekommunikasiya haqqında”, "Televiziya və radio yayımı haqqında” qanunlara da oxşar düzəlişlər ediləcək.
Onu qeyd edək ki, bu dəyişikliklər bu gün jurnalistika adına xələl gətirən "reket”lərin fəaliyyətinin aradan qaldırılmasına yönəlib. Belə ki, əvvəllər müxtəlif adlarla "reket” fəaliyyəti göstərən qəzetlər artıq yeni elektron informasiya portalları yaradaraq, insanları şantaj edirlər. Düzdür, yaranmış bu problemlə bağlı ciddi mübarizə aparılır, lakin hələ də "reket jurnalistika” deyilən anlayış tamamilə şüurlardan çıxmayıb. Bəs görəsən qanunvericiliyə edilən son dəyişikliklər "reket jurnalistika” ilə mübarizəyə necə təsir göstərəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, hər bir vətəndaş qəbul edilən qanunlara əməl etməyə borcludur: "Qadağan olunmuş informasiyaların yayılması ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər "reket mətbuat”la mübarizədə vacib amillərdən biridir. Qeyd edim ki, bu dəyişikliklər və əlavələr heç də jurnalistikanın məhdudlaşdırılması deyil, əksinə, bu peşə sahiblərinin öz sahələrini daha dərindən bilməsi üçün vacib şərtlərdəndir. Qadağan olunmuş məlumatların yayılması təkcə jurnalistika ilə bağlı olmaya bilər. Bu addımı jurnalistikadan kənar peşə sahiblərinin də atması mümkündür. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən qanunvericiliyə edilən dəyişikliklər və əlavələr günün tələbinə uyğundur. Belə addımlar təkcə Azərbaycanda deyil, dünyanın istənilən demokratik ölkələrində də atılır”.
V.Rəhimzadə qeyd etdi ki, "reket mətbuat” jurnalistikaya zidd və eləcə də qanunlara riayət etməyən mətbuat orqanlarıdır: "Onlar jurnalistikanın peşə qaydalarına məhəl qoymurlar və ümumiyyətlə jurnalistikadan anlayışı olmayan insanlar "reket mətbuat”da yer alır. Təəssüflər olsun ki, onlar nəyi və necə yazmağı bilmirlər. Bunlar insanları təhqir, şantaj edir və şəxsi həyatını gündəmə gətirməkdən çəkinmirlər. Əgər mövcud qanunvericiliyə əməl etməyəcəklərsə, bunun da hüquqi mexanizmi var və cinayət məsuliyyətinə cəlb ediləcəklər”.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirdi ki, Milli Məclisin "KİV haqqında” Qanuna 19-1-ci maddəni əlavə etməsi təqdirəlayiqdir: "Əlbəttə, biz bunu müsbət qarşılamaqla gələcəkdə yayılması qadağan olunan informasiyaların ictimailəşdirilməsinin qarşısını almış oluruq. Təcrübə göstərir ki, son zamanlar dövlət sirrinə aid edilən məlumatların internet mediada tirajlanması adi hal kimi qəbul olunur. Bəzən bu kimi informasiyalar hüquq-mühafizə orqanları və dövlətin digər səlahiyyətli qurumlarının müdaxiləsindən sonra saytlardan yığışdırılır. Təəssüf ki, bu zaman artıq gec olur, artıq yayılması qadağan olunan informasiyalar müxtəlif yollarla bilərəkdən və yaxud da bilməyərəkdən sosial platformalarda ictimailəşdirilir”.
N.Niftiyevin sözlərinə görə, qanunun icrası ilə bağlı qeyd edilən məsələlərdə pozuntu halına yol vermiş internet resursun birdəfəlik qapadılmasından söhbət getmir: "Burada konkret müddət nəzərdə tutulub, həmin müddətdən sonra internet media yenidən fəaliyyətini davam etdirə biləcək. Əlbəttə, burada müddət məsələsi yayılan informasiyanın nə dərəcədə əhəmiyyətliliyindən asılı olacaq. Təəssüf ki, bir neçə ildir "reket media”ya qarşı müxtəlif səviyyələrdə mübarizə aparılsa da, onun arzuolunan effektini görmürük. Ümid edirik ki, "KİV haqqında” Qanuna sözügedən əlavə ilə həm də "reket media”ya qarşı mübarizə tədbirləri gücləndiriləcək. Daha doğrusu, yayılması qadağan olunan informasiyaların təsnifatlandırılması zamanı "reket media”nın sui-istifadə edərək tirajladığı məsələlər də öz əksini tapacaq. Qanuna əlavələr həm də jurnalistlərin yayılması qadağan olunan informasiyalar haqqında məlumatlılıq səviyyəsini artıracaq”.
Modern.az İnformasiya Agentliyinin baş direktoru Elşad Eyvazlı bildirdi ki, qadağan olunan informasiyanın yayılması ilə bağlı məsələ qanunvericiliyə yeni əlavə və dəyişikliklərlə sərtləşdirildi: "Bu da ondan ibarətdir ki, əgər hansısa məlumat qadağan olunursa və bu, qanunvericilikdə təsbitini tapıbsa, deməli burada cinayət məsuliyyəti yaradan vəziyyət yaranacaq. Bu məsələni geniş şəkildə ictimailəşdirməliyik ki, "reket jurnalistika” ilə məşğul olanlar gələcəkdə bu kimi addımları atmasınlar. Düşünürəm ki, bu, ciddi şəkildə effekt verəcək. Qeyd edim ki, Mətbuat Şurasının tərkibində "reket jurnalistika”ya qarşı mübarizə komissiyası yaradılıb və mən də onun üzvüyəm. Bu komissiyada hüquq-mühafizə orqanlarının nümayəndələrinin də yer alması artıq "reket jurnalistlər”in ciddi əndişəsinə səbəb olub. Hətta yanlış, qərəzli, böhtan xarakterli məlumatların monitorinqini apararkən görürük ki, burada azalma müşahidə edilir. Amma qanunvericiliyə edilən son dəyişikliklərdən sonra əminəm ki, belə mənfi tendensiyalı yazılar kifayət qədər azalacaq”.
Kaspi.az
Xəbər 2178 dəfə oxunub.