15.11.2017 13:08
Mərkəzi Bank uçot dərəcəsini DƏYİŞMƏDİ
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul edib.
Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən XəzərNews.az-a daxil olan məlumatda bildirilib.
Rəsmi məlumata görə, qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Monetar şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı, eləcə də bank sistemində likvidliyin təsiri altında formalaşır. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir etmişdir. Qiymət stabilliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir.
Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınıb.
İqtisadi aktivlik. Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım baş vermişdir. Ticari sektor iqtisadi artıma daha çox töhfə vermişdir. Qeyri-neft sektorunun ticari sahələrində iqtisadi artım ümumilikdə 3%, o cümlədən qeyri-neft sənayesində 3.1%, kənd təsərrüfatında 2.8% olmuşdur. Qeyri-ticari sektorda iqtisadi artım 2.4%, o cümlədən ticarətdə 2.1%, turizmdə 3.2%, rabitə və informasiya sahəsində 6.2% təşkil etmişdir. Dövlətin investisiya tələbi və qeyri-neft məhsul və xidmət ixracının genişlənməsilə yanaşı istehlakçı inamının tədricən bərpası iqtisadi artıma müsbət təsir göstərmişdir.
Xarici balans və valyuta bazarı. İxracın şaxələnməsi, idxalın əvəzlənməsi prosesi, eləcə də neftin dünya qiymətinin yüksəlməsi Azərbaycanın xarici sektor göstəricilərinin yaxşılaşmasını təmin edir. Cari ilin 9 ayında xarici ticarət balansının profisiti 2 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (0.5 mlrd. ABŞ dolları) əhəmiyyətli çoxdur.
Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları (11.8%) artaraq 42 mlrd. ABŞ dollarını ötüb.
Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
Monetar şərait. Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun milli valyuta ilə likvidliyə olan tələbatı monetar şəraitə təsir göstərmişdir. 2017-ci ilin 10 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.5% artıb.
Monetar şəraitə təsir göstərən digər mühüm amil bank sistemində likvidliyin akkumulyasiyasının davam etməsi olmuşdur. Bu proses bankların kredit portfelinin ilin əvvəlindən 26.1% azalması şəraitində baş verib.
Bank sistemində yüksək likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbin yüksək olaraq qalması ilə müşayiət olunmuşdur. Cari ilin ötən dövründə Mərkəzi Bankın təşkil etdiyi qısamüddətli notların yerləşdirilməsi və depozitlərin cəlb edilməsi hərraclarında tələb təklifi bir neçə dəfə üstələmişdir. Dövlət qiymətli kağızları bazarında da analoji vəziyyət müşahidə edilib.
İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin 10 ayında orta illik inflyasiya 13.7% təşkil edib.
Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişib.
İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olub.
Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunub.
Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixdə müzakirə ediləcək.
Xəbər 1793 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|