03.11.2017 08:41
Azərbaycanda mülki şəxs silah ala bilərmi...
Bəzi şəxslər zərurətdən, yaxud xüsusi maraqdan silah gəzdirmək istəyində olurlar. Bu cür silahlar mülki silah adlanır, özünümüdafiə, ov və idmanla məşğul olmaq üçün nəzərdə tutulur.
XəzərNews.az Modern.az-a istinadən mülki silahın əldə edilməsi, tətbiqi barədə məlumatı təqdim edir.
Mülki silahın əldə edilməsi və istifadəsi “Xidməti və mülki silah haqqında” Qanunla müəyyən olunur.
Qanuna görə, mülki silahın dövriyyəsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qurum silahı və onun istehsal olduğu, satıldığı, saxlanıldığı və məhv edildiyi yeri yoxlaya; nəzarət funksiyalarının yerinə yetirilməsindən ötrü hüquqi və fiziki şəxslərdən müvafiq sənədləri, yazılı və ya şifahi məlumatları tələb edə; yol verilmiş pozuntuları aşkar etdikdə bu pozuntuların aradan qaldırılması üçün vətəndaşlar və vəzifəli şəxslər üçün məcburi olan göstərişlər verə; qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirləri görə bilər. Respublikada istehsal edilən və başqa ölkələrdən gətirilən mülki silahın bütün modelləri sertifikatlaşdırılmalıdır.
Mülki silahın əldə edilməsi
Qanunun tələblərinə müvafiq olaraq 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var. Mülki silahı əldə etmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Vətəndaş tərəfindən mülki silahın əldə edilməsinə xüsusi icazənin etibarlılıq müddəti altı aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir: mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.
Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Bu şəhadətnamə verilərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.
Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin etibarlılıq müddəti üç ildir. Etibarlıq müddəti qurtardıqda vətəndaşın ərizəsi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əsasında şəhadətnamə yeni üç il müddətinə uzadılır. Şəhadətnamənin müddətinin uzadılması barədə ərizə onun qurtarmasına üç ay qalmış verilir və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin verildiyi gündən bir ay müddətində baxılır. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün istifadəsinə icazə verilmiş ov silahları (odlu və ya soyuq) müvafiq icra hakimiyyəti orqanında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur. Yivli ov silahına icazə o ovçulara verilir ki, onların 5 ildən az olmayaraq müddətdə istifadəsində yivsiz ov silahı olsun.
Mülki silahın əldə edilməsinə xüsusi icazəsi olan, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi olan şəxs əlavə xüsusi icazə almadan soyuq ov silahını əldə edə bilər. Şəxsin mülki silahın əldə edilməsinə xüsusi icazəsi varsa, bu eyni zamanda onun özünümüdafiə silahının (aerozol qurğuları istisna olmaqla) saxlanılması və gəzdirilməsi üçün xüsusi icazəsi olması sayılır. Vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməsi ona həmin silah üçün döyüş sursatı əldə etməyə, saxlamağa və təyinatı üzrə istifadə etməyə hüquq verir. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Mülki silahla bağlı qadağa...
Şəxsin mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən artıq odlu ov və ya idman silahı olduqda; haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks göstərişi olduqda; o ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda; onun haqqında ov və balıq və digər su bioresurslarının ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən bir il müddətində); polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə; silahla təhlükəsiz davranma qaydalarının bilməməsi müəyyən olunduqda mülki silahın əldə edilməsi qadağandır.
Vətəndaş silahdan nə zaman istifadə edə bilər?
Mülki silahın istifadəçisi qanunla müəyyən edilmiş qaydada ona verilmiş silahı həyatı, sağlamlığı, mülkiyyəti və ya mənzil toxunulmazlığını cinayətkar qəsdlərdən qorumaq üçün; digər şəxs tərəfindən silahın ələ keçirilməsinin qarşısını almaq üçün; insana hücum edən və ya əhaliyə təhlükə yaradan heyvanı məhv etmək üçün; yardım çağırmaq üçün; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər müstəsna hallarda tətbiq edə bilər.
Odlu silahı tətbiq etməzdən əvvəl şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Xəbərdarlıq edilmədən silah yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə;
hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edilərsə.
İnsanların toplaşdığı və ya kənar şəxslərin ziyan çəkə biləcəyi yerlərdə, qadınlara, yanında azyaşlı uşaqlar olan şəxslərə, açıq-aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə, azyaşlı olduğu aşkar görünən və ya məlum olan şəxslərə qarşı onlar tərəfindən silahlı və ya qrup şəklində basqın hallarından başqa odlu silahın tətbiq edilməsi qadağandır.
Xəbər 1775 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|