XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


05.10.2017  13:54 

Övladına görə rüşvət verən tanınmış jurnalistlər – Adları və heyrətamiz cavabları





A+  A-

Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları yenə müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə, saytlarda müəllimlərə verilən pullardan danışılır, bu sahədə rüşvətin yenə də tüğyan etdiyi bildirilir. Aidiyyəti qurumlar, xüsusən Təhsil Nazirliyi isə rüşvət yığan müəllimlərin cəzalanacağını, direktorların işdən qovulacağını bəyan edir.
Amma reallıq bundan ibarətdir ki, bəyanatların tonundan asılı olmamayaraq, Müəllim Günündə hədiyyə adıyla yığılan pulların məbləği nəinki azalır, hətta günü-gündən artır, daha doğrusu, belə demək mümkünsə, proses daha mədəni müstəviyə keçir. Bunun əsas səbəbi kimi prosesdə ziyalıların öndə getməsi göstərilir. Yəni çox vaxt neqativ hallardan bəhs edənlərin özləri bu prosesdə körükçü rolunu oynayır. Məsələn, bəlli olur ki, "müəllimlərin rüşbət yığımını” "öz qəzetində” rüsvay edən jurnalistlərin özləri övladlarının müəllmlərinin hədiyyəsini kəm etmir...

Buna görə də BakuPost.az-ın əməkdaşı bu dəfə tanınmış jurnalistlər arasında sorğu keçirərək, builki Müəllim Günündə kimin nə qədər xərc çəkməsiylə maraqlanıb. Xeyli maraqlı və hətta oxucuları çaşdıracaq cavablar var.

GÜNAHKAR KİMDİR: "ŞPAQAT" AÇAN TƏHSİL SİSTEMİMİZMİ?

Tanınmış jurnalist, "Qaynar” xəbər portalının baş redaktoru Zahir Əzəmət müəllimlərə pul köməkliyi edilməsinin çox vacib olduğunu deyir: "Hər dəfə müəllimlər günündə "pul yığımı" mövzusu müzakirə olunanda utanıram. Çox ağır məsələdir. Kimdir günahkar: Çox cüzi maaşla əsəblərini, gəncliyini, az qala bütün ömrünü balalarımıza xərcləyən, gözünün nurunu belə onlardan əsirgəməyən müəllimlərimizmi, yaxud hələ də sosializmlə boşluq arasında "şpaqat" açan təhsil sistemimizmi? Biz nə vaxt müəllimlərimizin maaşının ən azı bir neçə dəfə qaldırılmasını tələb etdik, buna nail olduq ki, indi onları ittiham edirik? Müəllim peşəsinə şeir-mahnı bəstələməyimizə baxmayın, böyük əksəriyyətimizə həmin maaşla gedib işləmək təklif olunsa, rədd edərik. Qeyri-səmimiyik”.

TƏHSİL NAZİRLİYİ LƏĞV EDİLMƏLİDİR



Jurnalsit hesab edir ki, bu problemin həlli təhsil sisteminin köklü dəyişməsindədir: "Qoy bütün orta məktəblər özünümaliyyələşdirmə mexanizminə keçsin, rəqabət yaransın. Hesab edirəm ki, 8 illik məcburi təhsil sistemi 4 illik məcburi və pulsuz təhsil ilə əvəz edilməlidir. 5-11-ci siniflərdə təhsil isə bütün məktəblərdə pullu olmalıdır. Biz valideynlər "repetitor"lara hər ay xərclədiyimizin bir qismini orta məktəblərə rəsmi ödəyək, müəllimlərin maaşı 10 dəfə qalxsın, məktəblərin maddi bazası yaxşılaşsın, rəqabət mühiti yaransın, ondan sonra görün bu problemlər olacaqmı? Bundan əlavə, Təhsil Nazirliyini, Bakı Təhsil İdarəsini, İcra Hakimiyyətlərindəki Təhsil Şöbələrini ləğv edib, yüz milyonlara vəsaitə qənaət edib, onu gerçək təhsilə də yönəltmək olar. Nəzarət mexanizmi TQDK-ya verilməli və sadələşdirilməlidir. Fürsətdən istifadə edib bütün Azərbaycan müəllimlərini təbrik edir, gəncləri bağrıma basır, yaşlıların əllərindən öpürəm. Övladlarımız sizə əmanətdir, bizim kimi qorxaq, mənasız, gücsüz valideynlərin dedi-qodularına fikir verməyin və övladlarımızı daha cəsarətli, daha savadlı böyüdün”.

VALİDEYNLƏR MƏNİ WHATSAPP QURUPUNDAN SİLDİLƏR

"Yeni Müsavat” qəzetinin əməkdaşı, tanlnmış jurnalist Sevinc Telmanqızı isə başqa cür düçünür. Onun sözlərinə görə, neçə illərdir müəllimlərlə mübarizə aparır:
"Neçə ildir, Zaminlə (həyat yoldaşı Zamin Hacı – red.) bu məsələdə dirəniş göstəririk.
Maləsəf, buna görə də valideynlər bizi o qədər də sevmirlər. Hətta bu yaxınlarda valideynlər içində bu məsələdə "ala qarğa” olduğum üçün "vatsap” qrupunu bağladılar, yenisini açdılar. Məni də ora daxil etmədilər”.



Jurnalist bildirib ki, müəllim pul tələb etməsə də, valideynlər bunu cani-dillə həyata keçirirlər:
"İnsafən, bizdə sinif müəllimi öncədən anons verib ki, pul yığmayın, hədiyyə də istəmirəm. Amma bizim valideynlər heç bunu özlərinə sığışdıra bilmirlər. Düşünürlər ki, el-aləm, eşidən-bilən bizə nə deyər? Biabır olarıq... Ona görə də yığmağa hazırlaşırdılar, sonucundan xəbərim olmadı. Əsas odu ki, biz bu yığım prosesinə qoşulmadıq, digər valideynlərin psixoloji terrorunu da dəf etdik. Bilirsiz, mən, eləcə də Zamin qəzetdə bir şey yazıb, həyatda başqa şey etsək, özümüzə hörmətimiz qalmaz. O valideynlərin mənə pul yığımına görə hörmət etməməsi heç bir əhəmiyyət kəsb etmir. Əsas odu, mən özümə, öz inandığım dəyərlərə xəyanət etmirəm”.

TƏKCƏ İBRAHİM NEHRƏMLİNİN OĞURLADIĞI PULLA MÜƏLLİMLƏRİN MAAŞINI 2 DƏFƏ ARTIRMAQ OLAR


"Azpolitika.info” saytının rəhbəri Elnur Məhərrəmli hesab edir ki, cuzi əmək haqqı alan müəllimlərin rüşvət tələb etməsi çox normal haldır:

"Biz də müəllimlər günü ilə bağlı, necə deyərlər, palaza bürünüb, ellə birgə süründük. 2 övladım orta məktəbdə oxuyur, onların müəllimlərinin bayramının təbrik olunması üçün müəyyən məbləğ ödəmişik. Lakin sözsüz ki, bunu könüllü şəkildə etmişik. Əgər dövlət öz müəlliminin maaşını artırmırsa, onun firavan yaşayışının qayğısına qalmırsa, on milyardlarla neft pulunun daxil olduğu bir ölkədə müəllim 200-250 manatla (100-150 dollar) yoxsulluğa məhkum edilirsə, bu xalqın, ölkənin, elə öz övladının gələcəyi naminə gərək, vətəndaş özü dövriyyəyə girsin. Biz də əldən gəldikcə belə etməyə çalışırıq ki, müəllim az da olsa sosial qayğılarından azad olsun, diqqətini dərsə, təlim-tərbiyəyə verə bilsin.



Lakin bizim ölkəmizdə çox məsələlər baş-ayaq olduğu üçün ara-sıra, müəyyən bayram günlərində məktəblərdə pul yığılması hadisəsinə də anormal münasibət var. Korrupsiya, rüşvət deyən kimi insanların yadına ilk növbədə övladlarının müəllimlərinə ödədikləri cüzi miqdarda pullar düşür. Baxmayaraq ki, bunu da könüllü edirlər. Heç kimdən məktəbdə zorla pul almırlar. Lakin, məsələn, "Xəzər adaları” adlı bir fırıldaqla Azərbaycan xalqının cibindən 800 milyon dolların oğurlanmasına bizim ölkəmizdə çox az adam diqqət yetirir, belə dəhşətli talançılığa görə heç kimin tükü də tərpənmir. Halbuki, elə təkcə bu məbləğlə Azərbaycanda müəllimlərin maaşını azı 2 dəfə artırmaq olardı. Müəllimə verdiyimiz 5-10 manat bizi yandırır, amma bir avantüristin kimlərləsə əlbir olub, dövlət büdcəsindən 800 milyonu çırpışdırmasına əhəmiyyət vermirik. Çünki biz azərbaycanlıların məntiqinə görə, cibimizə nə girdisə, o bizimdir, nə çıxdısa o bizdən çıxdı. Qalan məsələlər bizi maraqlandırmır.
Yəni deməyim odur ki, bu ölkədə ən son danışılası məsələlərdən biri də elə məktəblərdə pul yığılmasıdır”.

QIZIMIN SİNİF MÜƏLLİMİNƏ 30 MANAT...

Lent.az saytının redaktoru Kamalə Quliyeva da müəllimlərə hədiyyə verilməsinin tərəfdarıdır:



"Hansısa valideynin övladının əziyyətini çəkən, yaxşı təhsil verən müəllimi könüllü olaraq kiçik bir hədiyyə ilə dəyərləndirməsinə pis baxmıram. Amma bunun kampaniyaya, bazara çevrilməsinin, valideynlərinin üzərinə məcburi öhdəlik kimi qoyulmasının əleyhinəyəm. İki övladım var, ayrı-ayrı məktəblərdə təhsil alırlar. Oğlum Z. Əliyeva adına liseydə 11-ci sinifdə oxuyur. Orda təhsil aldığı 3 il müddətində bir bayrama belə pul yığılmayıb. Qızımın oxuduğu liseydə də sinif rəhbəri özüylə bağlı pul yığılmasından imtina edib. Yalnız digər fənn müəllimlərini təbrik etmək üçün könüllülük qaydasında 30 manat yığılması təklif edilib”.

10 MANAT VƏ 50 MANATLIQ ƏTİR

"Cebhe.info” saytının redaktoru Elnarə Kərimova da demək olar ki, eyni fikirdədir. O, övladlarının biri üçün 10 manat, digəri üçün 50 manat xərcləyib:




"Məktəbdə "Müəllimlər günü” ilə bağlı xüsusi tələb yoxdur. Ən azından mənə deyilməyib. Amma sinifdəki müəllimlər ücün hədiyyə alinmasi məqsədilə valideynlər adambaşına 10 manat pul toplanacağını bildirlblər. Hesablanıb və müəllim sayı qədər gül dəstəsi almağa çatır. Sinidfəki şagirdlərin valideynlərinin hamısı pul vermədiyindən vəsait ancaq gül dəstəsi almağa yetəcək. Əgər hansısa valideyn özü müəllimi ayrıca təbrik etmək istəyirsə, bunu deyə bilmərəm. Ancaq indiyə qədər təbrik etməyən valideynlərin uşaqlarına qarşı hansısa ayr-seçkilik olduğunu görməmişəm. Bəlkə ona görə ki, sinif rəhbəri sözün həqiq mənasında müəllimdir.

Jurnalist əlavə edib ki, sinif rəhbərinə ayrıca hədiyyə göndərib: "Ona bir ətir almışam və hədiyyə kimi göndərdim”. Söhbət əsnasında bəlli olub ki, jurnalist ətirə 50 manat pul xərcləyib.

BALAMIZ SEÇİLMƏSİN DEYƏ, ƏLİMİZİ CİBİMİZƏ ATMIŞIQ...



Oxu.az saytının redaktoru, keşmiş ANS-çi Amil Hacıyev isə Müəllimlər Gününü "qara gün” adlandırıb:
"Sabah müəllimlər üçün bayram, valideynlər üçün qara gündü. Hamını verdiyi manatlar yandırır. Hamımız balamız seçilməsin deyə əlimizi cibimizə atmışıq. Bu gün bizim 50 manatımıza görə balamıza qiymət qoyan müəllimənin "Ali və Nino” kitab evinin reklam şəklindəki kimi təsvir edilməsi məni təəcübləndirmədi”.

DİREKTOR TAPŞIRIB: HEÇ KİMDƏN PUL YIĞILMIR

"Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyevin isə heç bir xərci çıxmayıb:



"Müəllimlər günü ilə bağlı orta məktəblərdə şagirdlərdən pul və qiymətli hədiyyələr tələb olunmasını mən də eşidirəm və sosial şəbəkələrdən oxuyuram. Hətta bəzi internet media resursları da bu barədə informasiyalar yayır. Xüsusi ilə də 5 oktyabr yaxınlaşanda… Məni tanıyanlar, mediadan və sosial şəbəkələrdən izləyənlər bilirlər ki, zaman-zaman Azərbaycanda orta və ali təhsilin durumu, qəbul sistemindəki çatışmazlıqlarla bağlı tənqidi fikirlərimi yazıram, müxtəlif yollarla ictimailəşdirirəm. Lakin ədalət naminə deməliyəm ki, son illər müəllimlər günü ilə əlaqədar övladlarımın müəllimlərinə pul və hər hansı bir qiymətli əşya hədiyyə etməmişəm.

Mənim iki övladım Səbail rayonu 162 saylı tam orta məktəbdə təhsil alır. Hətta dünən axşam uşaqlardan soruşdum: bəlkə sizdən də nə isə istəyirlər, deyin biz də verək, sinif yoldaşlarınızın, müəllimlərinizin yanında pis olmayın. 10-cu sinifdə oxuyan kiçik oğlum bildirdi ki, direktor Sevinc Abbasova sinif otağına girərək heç bir müəllimə hədiyyə verilməməsi ilə bağlı uşaqları qəti şəkildə tənbeh edib. Bildirib ki, əgər hər hansı bir müəllim onlardan nə isə tələb etsə dərhal ona müraciət etsinlər.

Biz süpürgə, fond, pərdə nə bilim sosial şəbəkələrdə yazılan digər qeyri-qanuni ödənişlərlə də qarşılaşmamışıq. Bu məsələdə məktəb rəhbərliyindən çox şey asıldır”.

Son olaraq Təhsil Nazirliyinin məsələylə bağlı mövqeyini əlavə edirik:
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin "146" qaynar xəttinə müraciət edə bilərlər.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: "Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

Xəbər 2795 dəfə oxunub.




06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +