15 sentyabr – “Bilik günü” ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunur.
Yeni dərs ili ərəfəsində məktəblərdə böyük hazırlıq işləri aparılıb və ilk dərs günü 16 orta məktəbdə dərslərə başlanıb.
Bu il 100 yaşı qeyd olunan, zəngin tarixə malik Səbail rayonu 20-ci yaşayış sahəsindəki 162 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbiri açıq elan edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova məktəbin tarixi barədə məlumat verərək qeyd edib ki, 100 yaşı tamam olan məktəb binasında bu ilin yayında əsaslı təmir-yenidənqurma işləri aparılıb, məktəbdə müasir təhsil üçün hər cür müasir şərait yaradılıb, burada kimya, fizika, biologiya, ədəbiyyat, informatika, çağırışa qədərki hərbi hazırlıq və digər kabinetlərdə şagirdlərin nəzəri biliklərini tətbiq etmələri üçün zəruri avadanlıqlar quraşdırılıb. Bu kabinetlərlə yanaşı, məktəb üçün yeni olan ekoloji kabinet də yaradılıb.
Məktəbdə idman və akt zalları da müasir səviyyədə təmir olunub, ləvazimatlarla təchiz olunub, yeni avadanlıqlar quraşdırılıb, məktəbin yeməkxanası tam yenilənib.
Bu qayğı və diqqət bütün pedaqoji kollektivi daha yaxşı işləməyə, vətənimiz üçün savadlı və vətənpərvər nəslin yetişdirilməsi işində daha uğurla çalışmağa sövq edir.
Bildirilib ki, məktəbdə 1400 şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 105 nəfərdən ibarət pedaqoji kollektiv üzvlərindən iki nəfər elmlər namizədidir. Bu il məktəbi 90 nəfər bitirmiş, məzunlardan 38-i müxtəlif ali məktəblərə daxil olublar. Sevindirici haldır ki, məzunlardan Mahirə Əsədzadə bu il qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olub və Prezident təqaüdünə layiq görülüb.
S. Abbasova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə kollektiv adından ölkə başçısına öz dərin təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Səbail RİHBA İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məktəb kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Son illərdə qazanılan bütün uğurlar ölkə başçısı İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
162 nömrəli məktəb ölkə başçısının tapşırığına əsasən Səbail RİH tərəfindən əsaslı şəkildə təmir olunub və sentyabr ayının 11-də Prezident İlham Əliyev bu məktəbə gələrək burada aparılmış əsaslı təmir və yenidənqurma işlərinin yekunu ilə şəxsən tanış olub.
İ. Kərimov ölkəmizin Birinci Vitse-рrеzidenti xanım Mehriban Əliyevanın respublikamızda təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb, Heydər Əliyev Fondunun dəstəyi ilə görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən 700 bal toplamış məzun Mahirə Əsədzadə, valideyn Niyaz Niftiyev və başqaları məktəbdə yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını çatdırıb,
Ənənəvi “Bilik günü” tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xəbər 2176 dəfə oxunub.