“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


20.08.2017  11:12 

Günvurmadan necə qorunaq?





A+  A-

Yay mövsümü ilə əlaqədar vətəndaşlar arasında günvurma hallarının artımı müşahidə olunur. Günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmək, fasiləsiz günəş altında fiziki işlə məşğul olmaq kimi hallar insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur.
Nəzərə almaq lazımdır ki, qızmar günəş şüaları ən çox yaşlılar, uşaqlar və xəstələr üçün təhlükəlidir. Şübhəsiz ki, belə hallar insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir və günvurmaya ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin xəstəliklərindən əziyyət çəkənlər məruz qalırlar.

Tibb mütəxəssisləri bildirirlər ki, günvurma başın birbaşa günəş şüalarının təsiri altında həddindən artıq qızması nəticəsində kəskin ağır vəziyyətin yaranmasıdır. Bu zaman beyin qan damarları genişlənir və beyinə güclü qan axını baş verir, bu da mərkəzi və periferik sinir sisteminin pozulmasına gətirib çıxarır.

XəzərNews.az-ın məlumatına görə, həkim Yazgül Abdiyeva Trend-ə bildirib ki, uşaqlarda və qocalarda günvurma xüsusilə ağır keçir.

Onun sözlərinə görə, günvurma əksər hallarda başı açıq şəkildə gün altında xeyli müddət qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beynin qan dövranı pozulur. Günvurmanın əlamətləri zəiflik, qızarmış sifət, baş gicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, ürəkbulanma və qusma, ağır hallarda bədən hərarətinin 40 dərəcə C və daha artıq dərəcəyə yüksəlməsi, qıcolmalar və huşun itirilməsidir. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra baş verir.

Y.Abdiyeva bildirib ki, günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni kölgəyə və ya sərin yerə aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır. Zərərçəkənə soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlərə) parçaya bükülmüş buz parçası və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoymaq lazımdır:
“Başqa bir üsul isə zərərçəkənin paltarını soyundurub soyuq suda isladılmış parçaya bükülməsi, başına buz qoyulmasıdır. Xəstənin vəziyyəti ağırlaşdıqda dərhal təcili tibbi yardım briqadasının çağırılması çox vacibdir”.

Y.Abdiyeva bildirib ki, günvurma adətən, uzun müddət çimərlikdə günəş vannası qəbulu zamanı və ya açıq çöl-səhra şəraitində tikinti işlərində işləyən zamanı və s. olur.

Günvurma zamanı tər buraxmayan isti geyim, atmosfer havasının nisbi rütubətliyinin normadan yüksək olması, sərxoşluq, yorğunluq, piylənmə, az maye qəbulu, keçirilmiş kəllə-beyin travması, ürək-qan dövranı çatışmazlığı, dehidratasiya, qaraciyər, mədəaltı vəzi, endokrin xəstəlikləri patoloji prosesləri daha da dərinləşdirir.

Həkim hesab edir ki, bu zaman həyati vacib orqanların (beyin, tənəffüs və ürək-qan dövranı sistemi) ödemi baş verir. Nəticədə tər ifrazı artır və tənəffüs yollarıyla buxarlanma (maye itkisi) sürətlənir, orqanizmdə su-elektrolit balansı pozulur və susuzlaşma inkişaf edir. Bu patoloji vəziyyətin ağırlıq dərəcəsi diareya, çox tərləmə, su qəbulu rejiminin pozulmasından da asılıdır:

“Əgər maye qəbulu lazımi qədər deyilsə, hipertonik dehidratasiya inkişaf edir. Bu hal üçün susuzluq, sinir oyanıqlığının artması, sayıqlama, hallüsinasiya, ərtaflarda tremor (əsmə), qıcolma xarakterikdir. Yaxud günvurma diareya ilə birgə baş verərsə, bu zaman hipotonik dehidratasiya inkişaf edir. Bu, daha ağır hal olur, şok və ya koma ilə nəticələnir. Bədən temperaturu 42-43 dərəcədən yüksək olarsa, ölüm baş verir”.

Günvurmanın üç - asfiksiyalı, paralitik, psixopatik formalarının olduğunu deyən Y.Abdiyeva bildirib ki, asfiksiyalı formada xəstədə tənəffüs və damar-hərəki mərkəzin fəaliyyətinin zəifləməsi baş verir. Tipik akrosianoz, koma əlamətləri, apnoe, asistoliya əlamətləri ola bilər. Paralitik forma üçün ara vermədən baş verən qıcolmalarla müşahidə olunan koma xarakterikdir:

“Sonradan bu vəziyyət ürək və tənəffüsün dayanmasına keçir. Psixopatik forma çox vaxt isti müəssisə və gün altında olmaqdan 5-6 saat sonra baş verir. Huşun pozulması (sayıqlama və hallüsinasiya) çox vaxt qıcolma və ifliclə müşayiət olunur. Günvurma zamanı su-elektrolit balansının pozulma dərəcəsinə görə infuzionterapiya və ya maye rejiminin korreksiyası aparılır. Təcili və təxirəsalınmaz tibbi yardım günvurma dərəcəsindən asılı olaraq aparılır.

Əgər xəstədə yüngül dərəcəli günvurmadırsa, onda xəstə ilk növbədə kölgə və ya sərin bir yerə aparılmalıdır. İlk əvvəl xəstə üst geyimindən azad olunur, ona sərin su içirdilir, başa sərin kompress qoyulur, soyuq suda isladılmış mələfəyə bürüdülür. Günvurma orta ağır dərəcədədirsə, xəstənin fiziki yolla hərarətini salmaqla yanaşı medikamentoz yardım da olunmalı, fiziki soyutma (dəri daim soyuq mələfəylə silinir) aparılır. Baş və qasıq nahiyəsinə buz yastıqcığı qoyulur. Əgər bədən temperaturu 38,50 C-dən aşağı olarsa, fiziki soyutma dayandırılır. Əgər xəstədə qan dövranı və tənəffüs bərpa olunmursa, traxeya intubasiyası aparılır və xəstə süni tənəffüs aparatına qoşulur”.

Xəbər 1621 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +