Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


25.07.2017  10:03 

Ziya Məmmədovun müavini ilə qudasının həbsdən qurtulmasının səbəbi





A+  A-

Arif Əsgərovun “Bombardier” bombası partlamaq ərəfəsində; Heydər Əsədovun baş baytarı 2 ilə milyonçular klubuna üzvlüyə qədər “şişib”
Möcüzə baş vermədi. Ziya Məmmədovun 13 illik nazir vəzifəsinə son verilsə də, fəaliyyəti tam şəkildə yoxlanılmadı. Büdcə pullarının çəkilən yolların altında, tökülən beton-dəmir konstruksiyalı körpülərin üstündə itirilən izlərini araşdırmadılar. 30 il dağılmayacağı zəmanəti ilə çəkilən Bakı-Quba-Rusiya Federasiyası sərhədinə qədər beton yol 5 il sonra asfalt yamaqlar vurulmaqla gediş-gəliş üçün yararlı hala gətirildi. Yolda bu gün də yamaqvurma işləri davam edir.

Səbəb sadədir - büdcədən bu məqsədlə ayrılan pulları siliblər. Yolun çəkilişi üçün podratçı şirkətlərə verilməli olan büdcə vəsaitlərinin böyük hissəsi yoxa çıxarılıb. Yerdə qalanına isə podratçılar daha aşağı keyfiyyətli mal-material istifadə etməklə öhdələrinə götürdükləri işləri görüblər.

Hələ yol çəkilişi zamanı mətbuatda yeyintilər haqda yazılar, araşdırmalar dərc olunub. Azərbaycanın yol-nəqliyyat infrastrukturu təsərrüfatındakı yeyintilərin əlamətləri tam çılpaqlığı ilə ortadadır. Dağılmış yollara vurulan yamaqlar buna sübutdur. Həmin vaxt bu məsələlərə adekvat reaksiya verilməyib. İndi isə Ziya Məmmədov vəzifədə deyil. Haradasa istirahət edir, ayağını-ayağının üstünə aşırıb nazirliyi dövründə özününküləşdirə bildiyi 100 milyonlarla vəsaitini idarə edir. Gec də olsa ölkədə onun fəaliyyətini araşdırmaq istəyində olan hüquq-mühafizə orqanlarının varlığı da nəzərə çarpmır. Əvəzində onun çoxşaxəli korrupsiya fəaliyyətinin səsi uzaq İsveçdən gəlir.

İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın miqyası böyüməkdə davam edir. İstintaqa yeni şirkətlərin cəlb olunması haqqında məlumatlar gəlməkdədir. Artıq bu istintaq işində adı keçən şirkətlərin yerləşdikləri ölkələrin ən yüksək səviyyəli rəsmiləri məsələyə münasibət bildiriblər. Belə görünür ki, İsveç Baş Prokurorluğu Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat hüquqi müstəvisi ilə yanaşı, siyasi müstəviyə də keçir. İsveç Baş Prokurorluğunun apardığı təhqiqat ölkəmizdə də diqqət mərkəzindədir. Bir müddət əvvəl hətta Ziya Məmmədov və Arif Əsgərovun ölkədən çıxışlarına qadağa qoyulduğunu haqda xəbərlər də vardı.

Sabiq şefi kimi işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun adı İsveçin “Bombardier” şirkətinin adı keçən 56 milyonluq yeyintidə hallanırdı. 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı daim böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdi. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Bu yaxınlarda “Yeni Müsavat” bu haqda yazandan sonra A.Əsgərov üzə çıxdı və dedi ki, onu bu iş üzrə istintaqa çağırmayıblar.

Bu qalmaqallı olayın toz-tozanağı yatmamış, bir neçə gün əvvəl İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.
Bu məsələ ilə bağlı Arif Əsgərov nə deyə bilər?

Çünki bu dəfə də yeyinti qalmaqalında mərkəzi fiqur kimi onun adı hallanır. Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200" siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterflo 200" siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır.

Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur. Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar.

Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.

Bu məmurların kimliyini bilmək üçün Artur Konan Doylun əsərinin qəhrəmanı Şerlok Holmsa ehtiyac varmı?

Məlumata görə, Arif Əsgərovun ortancıl oğlu, 1988-ci il təvəllüdlü Ürfan Əsgərov Türkiyə Respublikasının vətəndaşı ilə evlidir. Həmin xanım sabiq türk diplomatlarından birinin qızıdır. Ürfan Əsgərovun qayınatasının son iş yeri isə Türkiyə Respublikasının Vyanadakı səfirliyi olub. Ehtimal edilir ki, Arif Əsgərov qudasının Türkiyənin rəsmi dairələrindəki əlaqələrindən yararlanaraq üzləşdiyi problemlərdən qurtarmağa çalışır. O həm özünü, həm də sabiq şefini xilas etməyə yollar arayır.

Bundan başqa, mətbuatda Arif Əsgərovun və Ziya Məmmədovun yaxınlarının “Azərbaycan Dəmir Yolları” QSC-dəki fəaliyyətlərini əks etdirən faktlar da bir-iki deyil. Məsələn, Ziya Məmmədovun oğlu Anar Məmmədovun, Arif Əsgərovun oğlu Elnar Əsgərovun yaxın adamı hesab olunan Xəyal Camal oğlu Rəhimovun bir zamanlar rəhbərlik etdiyi “Real Təmizlik” Məhdud Məsuliyyətli Cəmiyyəti Birləşmiş Ərəb Əmirliyində yaradılmış “ZQAN Holdings Limeted” şirkəti tərəfindən təsis edilib. Bu şirkətin Ziya Məmmədovun ailə şirkəti olmasını sübut etməyə ehtiyac yoxdur. MMC-nin ləğv edilmiş Nəqliyyat Nazirliyinin tabeçiliyində olan qurumlarla, “Azərbaycan Dəmir Yolları” QSC ilə maliyyə əməliyyatları olub. Həmin maliyyə əməliyyatları vaxtilə araşdırılmağa başlayanda Rahib Hüseynovu qabağa vermişdilər. Susması üçün isə əllərindən gələni edirdilər. Hamı bilirdi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin kiçik bir şöbə müdiri böyük maliyyə yeyintilərinə özbaşına qol qoya bilməz. Hətta istintaq materiallarında elə hallar vardı ki, həmin dələduzluq hərəkətində nəinki Rahibin iştirakı, hətta heç onun izi-tozu belə olmadığı görünürdü. Amma son nəticədə məsələ kiçik bir şöbə müdirinin üzərində cəmləşdirilib ört-basdır olunmasına nail olundu.

Z.Məmmədovun “vurulması”ndan sonra onun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun da tutduğu vəzifədən çıxarılacağı, həbs ediləcəyi haqda məlumatlar yayılırdı. Amma gələn məlumatlar onu deməyə əsas verir ki, H.Əsədovun da başı üzərindən “qara bulud”lar çəkilib.

Təkcə H.Əsədovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinə rəhbər gətirdiyi Azər Süleymanovun fəaliyyətinə diqqət etmək kifayət edir ki, durum aydınlaşsın. H.Əsədov A.Süleymanovu həmin vəzifəyə 2 il əvvəl gətirsə də, gələn məlumatlar onu deməyə əsas verir ki, o, artıq milyonçular klubunun qapısını ürəklə döyə, içəri keçib yuxarı başda otura bilər.

Verilən məlumata görə, A.Süleymanov qısa müddətdə Göygöl rayonunda böyük ev, “Karusel” İstirahət Mərkəzi inşa etdirib, Mehdiabadda böyük villasının tikintisini və təmirini də başa çatdırıb. Qardaşı Azad Süleymanovun adına Binəqədi rayonu S.S.Axundov küçəsi, 7 C ünvanında “İsmayıloğlu” MTK-nın inşa etdiyi hündür mərtəbəli binanın II ala qapı, 6-cı mərtəbəsində 2 mənzili alaraq birləşdirib və hazırda orada təmir işləri ilə məşğuldur.

Respublika Baytarlıq Laboratoriyasında direktor müavini işləyən dayısı oğlu Elşad daima xaricdə turist səfərindədir. Xidmətin heyvan məhsullarına nəzarət şöbəsinin sektor müdiri qanunvericiliyə zidd olaraq dövlət qulluğu komissiyasından keçmədən 3 ildir qanunsuz müqavilə ilə vəzifə tutan Aydın Hüseynov isə “daxili bazarı koordinasiya” edir. Belə ki, Aydın Hüseynov şirkətlərin istehsal etdiyi heyvandarlıq məhsullarının xaricə ixrac etmək üçün baytarlıq-sanitariya vəziyyətini guya ki, monitorinq etmək məqsədilə hər qeyri-iş günləri, gizlincə, respublikanın rayon və şəhərlərində fəaliyyət göstərən istehsal müəssisələrinə göndərilir və iş günləri isə heç bir şey olmamış kimi öz işinin üstündə olur. Onun belə səfərlərindən sonra həmin şirkətlərin xaricə məhsul çıxartmaq məqsədilə reystrə daxil edilmək üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəsatət verilir.

Bu səfərlərin iş günlərindən kənar olması həm də ortada qanundan kənar fəaliyyətin olmasına dəlalət edir. Mətbuatda yazılanlara görə, Aydın Hüseynov ölkəyə Rusiyanın Stavropol, Moskva vilayəti, Rostov, həmçinin İran və s. dövlətlərdən quşçuluq məhsulları idxal edən iş adamlarının başına olmazın “oyunları” gətirir. “İxrac edən ölkədə quş qripi var” deyərək əvvəlcə məhsulun Azərbaycana buraxılmayacağı səhnəsini “qurur”. Təlimata görə quş qripi baş verən ocaqdan 10 km radiusunda olan ərazidən quşçuluq məhsulu çıxarıla bilməz. Ancaq idxal sənədlərdən də göründüyü kimi, iş adamlarının ölkəyə idxal etdiyi məhsullar xəstəlik baş vermiş ərazidən 100 km məsafədə olan təsərrüfatdan çıxır. Belə olan halda 100 km məsafədə istehsal olunmuş quş məhsullarına heç bir məhdudiyyət qoyula biməz. Aydın Hüseynov və Azər Süleymanov tandemi bundan maddi maraqlar çərçivəsində manipulyasiya edərək böyük pullar qazanır. Bu, yalnız aysberqin görünən tərəfidir.

Heydər Əsədovun baş verənlərdən xəbərsiz olmasını söyləmək üçün sadəcə, sadəlövh olmaq vacib şərtdir!

(musavat.com)

Xəbər 1716 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +