30.06.2017 13:12
Ehtiyac meyarı artırılır
Bu gün Milli Məclisin növbədənkənar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsinə başlanılıb.
XəzərNews.az xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirdi ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50,0 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 milyon manat vəsait yönəldiləcək.
Bundan başqa, 2016-cı il ərzində SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250,0 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib.
Həmçinin, lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün Fondun nizamnamə kapitalının 546,0 milyon manat artırılması nəzərdə tutulub. 2017-ci iin yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191,0 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur.
2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək.
Bununla əlaqədar olaraq 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4,0 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq.
Bundan başqa, ölkədə yol infrastrukturunun tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin 36,0 milyon artırılması nəzərdə tutulub. Ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların əməkhaqlarının tənzimlənməsi, həmçinin bu səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndələrinin saxlanılması üçün 14,1 milyon manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5,0 milyon manat artırılması nəzərdə tutulur.
Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041,0 milyon manat artırılaraq 17941,0 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq.
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil etməklə mütləq ifadədə 16766,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511,0 milyon manat və ya 3,1 faiz çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250,0 milyon manat, Vergilər Nazirliyi üzrə 135,0 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 50,0 milyon manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76,0 milyon manat təşkil edəcək.
Xəbər 1355 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|