23.06.2017 13:15
Şeyxdən Ramazan təbriki
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.
QMİ-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, təbrikdə deyilir:
"Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!
Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara sonsuz səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy Islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun.
Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.
Allah Təbarəkə və Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.
Bu ilki Ramazan xalqımız və dövlətimiz üçün əlamətdar məqamlarla yadda qaldı. Şanlı Aprel qələbəmiz sayəsində Lələtəpə üzərində dalğalanan bayrağımız, məcburi köçkün soydaşlarımızın ordumuzun erməni işğalından azad etdiyi əzəli Azərbaycan torpaqlarına dönüşü, Cocuq Mərcanlıda inşa olunan nəfis, əzəmətli məscid və onun minarələrindən ucalan Azan çağırışı bizim Böyük Qayıdışımızın başlanğıcıdır, inşallah!
Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli davamçısı Zati-aliləri Prezident İlham Əliyevə Azərbaycanın bugünkü uğurları, gələcək tərəqqisi, Haqq işimizin qələbəsi naminə misilsiz fəaliyyətində böyük nailiyyətlər diləyir. Dindarlar İslam dəyərlərinin ümumbəşər əhəmiyyətinə önəm verən, müqəddəs dinimizin sülhsevər, mütərəqqi mahiyyətini beynəlxalq miqyasda müdafiə edən dövlət başçımız İlham Əliyevin İslam Həmrəyliyi İli elan etmək kimi qlobal əhəmiyyətli qərarını yüksək dəyərləndirirlər. Zati-aliləri Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək, Azərbaycanı qlobal miqyasda ümumbəşəri ideyaların mərkəzində duran bir ölkə kimi gündəmə gətirməklə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atmış oldu.
Bir daha əziz bayram - Eydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.
Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu və niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"
Xəbər 1588 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|