“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


22.05.2017  09:58 

“Koreyalı” pişik və …Hipokrat





A+  A-

Cənubi Koreyanın əczaçılıq şirkətlərindən birinin rəhbəri Bakıya işgüzar səfərə gəlir, amma vəd olunan vaxtdan bir neçə gün sonra. Gecikmə səbəbi bizə təəccüblü görünəcək bir hadisəylə bağlı olur.
İki övlad atası olan bu koreyalı iş adamının ailəsi Kanadada yaşayır – hər iki övladının orada ali təhsil almaları səbəbindən. Özü isə paytaxt Seulda könlünü sevimli pişiyinə verir. Pişik ən əziz sirdaşına çevrilir, evdə və işdə daim onunla birgə olur. Bir gün o, pişiyini ofisdə qoyub bir neçə saatlıq harasa gedir. Qayıdanda adəti üzrə “dostu” qarşısına çıxmır. Bəlkə, küsdürmüşəm? – sualını təkrar-təkrar özünə versə də, hər dəfə cavabı eyni olur: Ola bilməz! Saniyələr ötdükcə narahatlığı daha da artır və axtarışa başlayır. Nə pişik tapılır, nə də işçilərdən kiminsə “onu gördüm” deyəni olur.
Ofisin pəncərəsindən birinin açıq olması onun şübhələrini artırır. “Ola bilər ki, pişik pəncərədən aşağı düşüb” düşüncəsi və onu tapmaq ümidi ilə hündürmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən ofisindən aşağı enir. Ətrafdakı insanlardan və dükan sahiblərindən maraqlanır. Yuxarıdan bir pişiyin yerə düşərək ağır vəziyyətdə çabalayıb zarıdığını, xilas olunsun deyə, (heyvanlar üçün nəzərdə tutulan) təcili yardım briqadası çağırıldığını və heyvan xəstəxanasına aparıldığını öyrənir.
O, vaxt itirmədən xəstəxanaya yollanır. Öyrənir ki, pişik çox ağır vəziyyətdə bura gətirilib, ən müasir rentgen müayinəsindən keçirilib (!) və demək olar, onda salamat bir əzanın qalmadığı aşkar olunub. Ona gərəkən ilkin tibbi yardım göstərilib və həyatı xilas olub. Daha sonra palataya köçürülüb. Lakin cərrahi əməliyyata zəruri ehtiyac yarandığından (sağlam və qüsursuz yaşaması səbəbindən) buna razılıq verib-verməməsini aydınlaşdmaq üçün sahibinin gəlişini gözləyiblər.
O, tərəddüd etmədən buna razılıq verir və əməliyyat xərci 3500 ABŞ dollarına başa gəlir. (Bu, orada heç də böyük bir rəqəm hesab olunmur). Pişik əməliyyatdan sonra qısa müddət reanimasiyada qalır, oradan da palataya keçirilir. Tam sağaldıqdan sonra sahibi onu heyvanlar üçün nəzərdə tutulan mehmanxanaya yerləşdirib Bakı səfərini gerçəkləşdirir…
Bu, “koreyalı” bir pişiyin həyat hekayəti. İndi sizin hamılıqla nə düşünəcəyinizi deyə bilmərəm. Bəlkə də bir qisminiz elə mənim kimi düşünəcəksiniz ki, dünyanın bir tərəfində insanların sahibli-sahibsiz itinə-pişiyinə bu qədər önəm verilir, o biri tərəfində isə insanların bəzən it-pişik qədər də dəyəri olmur.
Cənubi Koreyada həkimlərin kimin başına and içdiyindən xəbərsizəm – Hipokratın, yaxud da bir başqasının – heç bunun fərqində də deyiləm. Heyvanına bu qədər dəyər verilən bir ölkədə insanın dəyəri indi görün, hansı səviyyədədir – bax, bunun fərqindəyəm.
Əslində, dəyərlərin itdiyi yerdə heç nəyin dəyəri, tam sağlam olmayan cəmiyyətlərdə isə bədənin heç bir əzası sağlam olmur. Orada hansısa “sağlam əl”dən, müqəddəslikdən danışmaq da yersizdir, mənasızdır. Bu, elə bir “mərəz”dir ki, dərdinin tibbi əlacı da yoxdur. Hələ Sovet dönəmindən bizləri inandırmağa çalışıblar ki, həyatımız sağlam əllərdədir. Bu, hər nə qədər mümkün olası bir iş olmasa da, sağalan və sağalmaz dərdə düşənlər “sağlam” ilə “sağmal”ın fərqini daha yaxşı bilirlər…
İndi həkimin xəstəni təmənnasız müayinə və ya müalicə etməsi çox az hallarda ola bilər. Pulun və ya “adamın” olmadığına görə səni xəstəxanaya yerləşdirmək istəmirlərsə, yaxud, tibb məntəqəsində sənə bir elə də əhəmiyyət vermirlərsə, yaxud da əlindəki reseptlə “firma-həkim-aptek işbirliyi” məngənəsində qovrulursansa, bil ki, burda günahkar, təkcə, həkim deyil, onu yetişdirən və formalaşdıran cəmiyyətin özüdür – yəni, həm də sənin özünsən. Həmin o cəmiyyət ki, indi onun daxili orqanlarının bir çoxu yararsız adıyla “ixtisara” düşüb, yəni kəsilib atılıb. Mən ikinci bir məkan təsəvvür etmirəm ki, bu gün onun əhalisinin bəlkə də üçdə birinin öd kisəsi kəsilib atılmış olsun. Səbəb nədir? Daha çox kəsib doğramaqmı?..
Hər dəfə yeni dərman preparatları ortaya çıxanda hamılıqla canlı təcrübə obyektinə çevrilirik, üzərimizdə hər cür “sınaq-təcrübə” işləri aparılır. Bir həkim ki, “bu dərmanları qəbul et, görək nə göstərir, nəticə yaxşı olsa, ikinci kursu da təyin edərik, qane etməsə, ayrı dərmanlar yazarıq”, yaxud da “əgər ağrılar baş versə, filan dərmanları da qəbul edərsən” və s. bu qəbildən olan naşı sözləri işlədirsə, indi özünüz nəticə çıxarın: sağlamlığımız hansı əllərdədir. Bu, bizim səhiyyəmizdir. Bu, həm də o səhiyyəmizdir ki, səhlənkarlıqğı və qeyri-peşəkarlığı səbəbindən cərrahi əməliyyat zamanı xəstəsi ölən həkim kameralar qarşısında utanıb eləmədən, zərrə qədər də olsa, üzündə peşmançılıq, vicdan əzabı sezilməyən bir görkəmlə görün, nə deyir: “Belə şeylər olur, burda nə var ki?..”. Həkim düz deyir, burda “heç nə” yoxdur və ona görə də belə şeylər daha çox bizlərdə olur – uşaq ölümü, ana ölümü, ikisinin birgə ölümü… Çünki məsuliyyət yox, cəza da yox. Bu səbəbdən də “sınaq-təcrübə laboratoriyası”nda ölənlər hələ çox olacaq. Mən eşitməmişəm ki, belə məsuliyyətsizliyə gorə hansısa həkim ciddi cəzalandırılsın. Olsa-olsa, töhmət alacaq, bir müddət sonra o da “hörmətlə” yuyulub təmizlənəcək.
Firma-həkim-aptek “işbirliyi” son dövrlər səhiyyəmizin bətnində bədxassəli şiş kimi elə kök atıb ki, dərdinə əlaç da tapılmır. Ona görədir ki, bu gün mənşəyi və mənbəyi məlum olmayan dərman preparatları dərman bazarında meydan sulayır. Buyurun, internetə daxil olun, görün ki, titullu bəzi həkimlərin özləri belə ölkəmizdə qəbulu yolverilməz hesab olunan dərman preparatlarının (internet üzərindən) açıq satışı ilə məşğuldurlar. Həmçinin, bir çox apteklərdə (əsasən də Hindistan və Çin istehsalı olan) bu dərmanların açıq satışı aparılır. Həmin o dərmanları ki, onların idxalı və satışını Səhiyyə Nazirliyi (SN) qəti yolverilməz hesab edir. O zaman, adıçəkilən nazirliyin İnnovasiya Xidməti, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nədən bunları görməzdən gəlir?
Hepatit son dövrlərin ən geniş yayılmış xəstəliklərindən hesab olunur. Təhlükəli Hepatit B və C virusunun daşıyıcıları isə günü-gündən artmaqdadır. Statistik məlumatlara görə, ölkəmizdə hepatitə yoluxanların sayı yarım milyondan çoxdur. Bəs, onların müalicəsi necə aparılır, mövcud dərmanlar bu xəstəlikləri sağalda, yaxud yüngülləşdirə bilirmi? Ümumiyyətlə, bu gün satışda olan hepatit dərmanları nə dərəcədə təminatlıdır, onların düzgün satışı aparılırmı? Azadinform İnformasiya Agentliyi ötən ilin bu vədəsində bu istiqamətdə araşdırma apararaq müdhiş faktları ortaya qoydu. “Hepatitli xəstələrə ÇAĞIRIŞ: Apteklər və həkimlər sizi aldadır!” başlıqlı ARAŞDIRMA yazısında (21.04.2016) faktlarla mənşəyi və tərkibi bilinməyən saxta sofosbuvir tərkibli dərmanların pirat yollarla ölkəyə gətirildiyini və açıq satışda olduğunu üzə çıxardı. Məlum oldu ki, saxta, lisenziyası olmayan, tərkibi yoxlanılmayan sofosbuvir tərkibli bu dərmanları bir sıra apteklər - həm də çox tanınmış brend, xüsusən də “Elit”ar apteklər, bəzi adlı-sanlı həkimlər (!) fərdi qaydada və açıq şəkildə satışını həyata keçirir. Sitat: “Bunların sırasında ölkəyə idxalına lisenziya verilməyən “Hepsinat”, “Hepsinat LP” (Hindistan), “Mpviropak”, “Qratosovubir”, “Harbobay”, “Harvony”, “Saphera” (Misir), “Sovaldi” (Türkiyə) və bizim də adını bilmədiyimiz neçə-neçə dərmanlar var... Bəzi həkimlərin istər fərdi, istərsə də həkim-aptek işbirliyi müstəvisində bu işlə məşğul olması (sofosbuvir tərkibli saxta dərmanların ölkəyə qanunsuz idxalı və satışını həyata keçirmə) – onların qanunsuz varlanma ehtirasları hepatitli xəstələri taleyin ümidinə buraxmaq, birbaşa ölümün pəncəsinə atmaqdan savayı bir şey deyil. Bunun nə demək olduğunu təsəvvür edirsinizmi? Dövlətin qanunlarına birbaşa sayğısızlıq, vətəndaşları düşünülmüş şəkildə aldatma, onların üzləşdikləri çətinliklərdən sui-istifadə etmə, həyatlarını real təhlükəyə atma, bir sözlə - cinayət. Hələ ki, cəzasız qalan cinayət...”.
Zəruri olaraq qeyd edirik ki, dövlətimiz səhiyyəmizin inkişafı, insanlarımızın sağlamlığı naminə bütün zəruri tədbirləri görür, ölkəyə saxta və qanunsuz dərmanların idxalı ilə bağlı sərt və prinsipial mövqe sərgiləyir. Amma bütün bunlara baxmayaraq, bəzi əczaçı və terapevt-hepatoloq “hipokratçılar” şəbəkə qurub, hətta, qanunların fövqündə durduqlarını, toxunulmaz olduqlarını düşünür, hələ ki, düşündükləri kimi də hərəkət edirlər. Sahə üzrə nəzarətedici rəsmi qurumlar isə bunları nə “görmür”, nə də “görmək” istəmir...
Bir neçə ildir ki, təhlükəli Hepatit C virusuna qarşı effektli (90 faizdən yüksək sağaltma gücünə malik) dəman preparatı ölkəmizə idxal olunur. Indi həmin həkimlərin bir çoxundan – “qara ciyər sevdalılarından” - hansı dərmanın bu virus daşıyıcısı olan xəstələrə faydalı olduğunu soruşsanız, anındaca Sovet dönəmindən qalma “Ribavirin”, “İnterferon” və “Peqasis”in SN tərəfindən ayrıldığını dilə gətirəcəklər. Amma özləri də gün kimi aydın şəkildə bilirlər ki, bu dərmanların bir elə də müalicəvi gücü yoxdur. Çox istərdik ki, İki gündən bir mavi ekranlardan düşməyən, “dəyərli” məsləhətlərini bizlərdən əsirgəməyən “qara ciyər sevdalıları” olan hepatoloqlar özləri həmin dərman preparatının adını desinlər. Təbii ki, deməyəcəklər. Desələr belə, yüzdə 99 faiz öz xəstələrinə məsləhət bilməyəcəklər. Bilirsinizmi, niyə? Azadinform-un araşdırmasında bəlli olduğu kimi, saxta və lisenziyasız dərmanları qanunsuz yollarla ölkəyə gətirən və gətizdirənlərin böyük əksəriyyəti həm də elə bəzi hepatoloq həkimlərin (!) özləridir. Bu, birbaşa olaraq həmin xəstəliyə yoluxmuş insanların taleyi ilə “Hop-stop” havasını oynamaqdır.
Göründüyü kimi, pirat yollarla gətirilən, mənşəyi və tərkibi bilinməyən, açıq satışda olan saxta sofosbuvir tərkibli dərman preparatlarının idxalı və satışının qarşısının alınması üçün mətbuatda zaman-zaman “həyəcan təbili” çalınsa da, hələ ki, bunun real nəticəsi yoxdur.
Şərqin İbn Qeysər və Əbu Cərrah kimi dahi həkim-alimləri yazmışdılar ki, xəstənin vəziyyəti nə qədər ağır, onun vəziyyəti nə qədər fəlakətli, vücudu nə qədər zəifdirsə - dərmanların sayını bir o qədər azaltmaq, xəstəliyin əsl səbəbini tapmaq və onu müalicə etmək gərəkdir. Əks halda, həkimlər xəstənin vəziyyətindən sui-istifadə edib, vücudunun xəstəliyə müqavimətinin azalmasını görərək, ən təhlükəli müalicəni - dərmanları təklif edəcəklər.
Həmin o alimlər hardan biləydilər ki, bir zamanlar gələcək saxta dərmanları daha böyük “həvəslə” təklif edəcəklər...
Cənubi Koreya “səyahətimizi” davam etdirək. Bu ölkə alimlərinin yeni icad etdiyi "KU-60019" maddəsi qocalan hüceyrələrin funksiyalarını bərpa edir. Hazırda, həmin alimlər dərman preparatını canlı heyvan orqanizmləri üzərində sınaqdan keçirirlər. Bizdə isə saxta dərmanların insanlar üzərində həm sınağı keçirilir, həm də açıq satışı aparılır...
Az qala unudacaqdım. Cənubi Koreya səhiyyəsi və əczaçılıq sənayesi Ümumdünya Səhiyyə Təşkilatının reytinq sıralamasında ilk beşlikdə qərarlaşıb. Bildiyimə görə, Azərbaycanın Səhiyyə Nazirliyi bu ölkədən dərmanların idxalını məqbul hesab etmir. Ölkəmizin səhiyyə təşkilatı bu qənaətdədir ki, adı çəkilən ölkənin dərmanları bizim vətəndaşlarımız üçün yararsızdır, yəni keyfiyyət göstəricisi aşağıdır. Yəqin, Ümumdünya Səhiyyə Təşkilatı səhvə yol verib...
Və son olaraq: Səhiyyə cismimiz, təhsil ruhumuzdur. Bunlar tam sağalmayınca bütün vücudumuz sağalan deyil. Ona görə də hər türlü xəstəliklərə qarşı immunitetimiz həmişə aşağı olacaq.

Vasif Hüseynov



Xəbər 5470 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +