Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


07.04.2017  10:35 

Hər zaman üçün paklıq simvolu – Həzrət Əli (ə)





A+  A-

Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Rəcəb ayında yaşayırıq. İnsanın özünəqayıdışı üçün fövqəladə fürsətlər təqdim edən bir dönəmdir bu. Uca Allahdan duamız budur ki, ümmətin ağrılı-acılı müşkülləri tezliklə həllini tapsın, mübarək ayların nemətlərindən layiqincə bəhrələnmək tövfiqi cəmi ibadət əhlinə qismət olsun.

Həzrət Əli (ə) – vücudi yüksəlişin zirvəsi

Həzrət Əlinin (ə) mübarək mövludu yaxınlaşmaqdadır. Və bu günlərdə Əli (ə) dühasını dərk etmək, Əli (ə) zirvəsini anlamağa çalışmaq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Həzrət Əlinin (ə) şəxsiyyətini səciyyələndirmək olduqca çətin məsələlərdəndir. Çoxları onu Peyğəmbərin (s) ən gözəl şagirdi, Rəsulullahın (s) insan yetişdirmək məktəbinin ən nəcib məzunu olaraq səciyyəlndirə bilər. Və onlarla, yüzlərlə bu cür çalarlar gərəkdir ki, Həzrət Əli (ə) fenomeninə bir qədər yaxınlaşmaq imkanı əldə edilsin. Fikrimizcə, Həzrət Əlini (ə) bir sözlə xarakterizə etmək istəsək, deyərik ki, o, həqiqi paklığın rəmzidir. Dost da, düşmən də inkar edə bilməz ki, paklıq, təmizlik, dürüstlük baxımından misilsiz bir insan idi Həzrət Əli (ə)!


İmamın (ə) paklığı onun bütün təzahürlərində öz əksini tapmışdır. İstər dünyagörüşü baxımından, istər insanlara baxışa görə, istər dünyaya baxışa görə - Həzrət Əli (ə) bir paklıq nümunəsidir. Ən başlıcası budur ki, Əli (ə) şəxsiyyətində niyyətlə əməlin ən gözəl vəhdəti cəmlənmişdir. Əxlaqda, əməldə, insanlarla rəftarda təzahür edilib bu paklıq. Müsibətlərdə, sıxıntılarda, ağlasığmaz çətinliklərdə təzahür edilib bu paklıq. Nəinki sadəcə yaşadılıb, hətta çətin durumlarda Əli (ə) paklığı, Əli (ə) dönməzliyinin ən gözəl bir təzahürü olub.
Və bu müqəddəs paklıq Həzrət Əlinin (ə) həyatının bütün mərhələlərində təşəkkül tapır. İstər Rəsulullahın (s) yanında böyüyüb-başa çatdığı dövrdə, istər İslamın ilk dövrlərində, istər kafirlərlə mübarizə dövründə, istər Peyğəmbərimizin (s) həyatdan köçməsi zamanı, istər ona qarşı fitnə törədiləndə, istər fəthlər zamanı, imamət dövründə, xilafət dövründə - bütün dövranlarda Əli (ə) paklığı dillər əzbəri, möminlər üçün nümunə və örnək olub, və üstündən 1400 il keçsə də, indi də bütün iman əhli üçün örnək olmaqdadır.

Bəs nə üçün ağrılı günlərdə, çətin durumda Həzrət Əlinin (ə) paklığı daha çox təzahür olunurdu? Çünki İmamın (ə) paklığı İlahi məhəbbətdən qaynaqlanırdı. Və çətinliklərə sinə gərdikcə, imanını daha çox təzahür etdikcə, bunu bir İlahi tofiqatdan sanırdı.


Necə ki, qaranlıqda işıq mənbəyinin nuru daha da çox gözə çarpar, o qədər də ətraf qaranlıqlaşdıqca, zülmətləşdikcə, öz eyiblərini ortalığa qoyduqca Həzrət Əlinin (ə) paklıq nuru bir o qədər də güclü parlayırdı. Bu müsibət və çətinliklər Əli (ə) şəxsiyyətinin gözəl mahiyyətinin daha da güclü təzahürünə səbəb olurdu.

Allah Təbarəkə və Təala bəndələrinə zərrədək zülm etməz

İlahi məhəbbət və imandan qaynaqlanan Əli (ə) dühasında, ibadət edilən məbudu tanımağın əhəmiyyəti xüsusilə vurğulanırdı. Allah Təbarəkə və Təalanı insanlara tanıtdıraraq, Həzrət Əli (ə) buyurmuşdur: «O, bir varlıqdır ki, bəndələrinə münasibətdə azacıq da olsa, zülmə yol verməz».

Həzrət Əli (ə) izah edir ki, insana xas nöqsanların, eyiblərin, çatışmazlıqların, insan həyatında baş verən müxtəlif çeşidli problemlərin Allah Təalaya zərrə qədər də aidiyyəti yoxdur. Bunlar – insanın öz əməllərinin məhsullarıdır.

Allah Təala insana zərrə qədər zülm etməz. Nə dünyada, nə də axirətdə. İnsandır özünü zülmə məruz qoyan. Uca Allah zülm etməkdən tamamən pakdır, münəzzəhdir. Zülm – nöqsandır, çatışmazlıqdır, naqislikdir; bu sifətlər isə ehtiyaclılıq yaradır, ehtiyaclıq isə Mütləqiyyətə, Qüdrətə zidd olduğu üçün, Uca Allahın zatına ziddir.
Həzrət Əli (ə) etiqadı insana çatdırır ki, yaşayışının eyibləri, nöqsanları, həyatının çatışmazlıqları, çətinlik və ağrıları – özünə rəvac bildiyin zülmün məhsuludur. Zülmsə nədir? Nəyinsə öz yerində olmaması, mövcudiyyət fəlsəfəsinin əksinə istismar edilməsi, lazımın ziddi, əksi. Bəs kim müəyyən edə bilər nə, necə istifadə olunmalıdır? Əlbəttə ki, həmin bu nəyisə yaradan. Demək, insanın nəyi necə etməli məsələsini mövcudiyyətin Uca Yaradanı müəyyən edə bilər. Beləliklə, insan Xaliqin tövsiyəsinin ziddinə getdikdə, özünə zülm etmiş olur. Və ona əmanət olaraq verilmiş vücuduna, ruhuna zülm etdiyi üçün özünü İlahi əzaba mübtəla edir.

Yəni, Əli (ə) məntiqi ilə bəşəriyyətə çatdırılır ki, insan öz çətinliklərini, müşkül və acizliklərini Allahla bağlamalı deyil. İnsan çətinliklərinin mənbəyini Allahda axtara bilməz. Bunların mənbəyi insandır, insan toplumudur. Hər səviyyədə - fərdi, ailə, kənd-oba, şəhər, ölkə, dünya səviyyəsində olan zülmlərdir harmoniyanı zədələyən, insanı zillətə salan.

İlahi tövsiyələr ədalət üzərində bərqərar olmuşdur

Bəs zülmün müalicəsi nədir? Mübarək Həzrət Əli (ə) məntiqində bunun gözəl cavabı verilir. Pisliklərin mənbəyi zülmdürsə, müalicəsi – ədalətdir. Ədalət – hər şeyin öz yerində olması deməkdir, nəyinsə öz mövcudiyyət fəlsəfəsinə uyğun istifadə edilməsi deməkdir. Ağrıları, çatışmazlıqları, eyibləri istər insandan, istər toplumdan yuyub aparan amil – ədalətdir, ədalətin bərqərar olmasıdır. Hər bir səviyyədə problemlərin yaşanmasının səbəbi ədalətsizlikdədir. Dünyaya nəzər salsaq, erməni zülmünü, israil rejimi zülmünü, İŞİD zülmünü, onminlərlə, yüzminlərlə insanın fəlakətini araşdırsaq, hər birinin kökündə ədalətsizliyi görərik. Hər səviyyədə olan bu ədalətsizliklər aradan getməyincə, fərdlər, toplumlar millətlər rahatlıq tapmayacaq, nicata qovuşmayacaqlar.
Həzrət Əlidən (ə) nəql edilən mübarək hədisdə bildirilir: «Öz hökmündə onların üzərində ədalətə riayət edir».
Yəni, Allah Təala Öz bəndələrinə hökm etdikdə, göstəriş verdikdə, bu, yalnız və yalnız ədalət üzərində olur. Qeyd etdiyimiz kimi, ədalətsizlik naqislik gətirdiyindən, Allahın varlığına ziddir və mümkünsüz bir haldır.
Digər bir hədisdə Həzrət Əli (ə) buyurur: «Yaradılış və idarəetməsində ədli rəhbər tutar».

Allah Təala bəşərin bütün həyatını ədl müstəvisində idarə edir. İslamın yanaşması budur ki, Allahın bütün buyurduğu, tapşırdığı, tövsiyə etdikləri yalnız ədalət üzərindədir. Ola bilər ki, insan nəyisə başa düşməsin. Amma nə vaxtsa gələcək, bunun da anlamı aşkar olacaq insan üçün. Ola bilər insan deyə ki, yediyində-içdiyində, dostluğunda-düşmənliyində, oturuş-duruşunda, nəzər-baxışında tələblər bir qədər daha asan olsa idi, yaxşı olardı. Əlbəttə ki, bu, bir insan rəyidir. Reallıq isə budur ki, insan Allah deyən kimi etmədikdə, zülm baş verir. Özünə qarşı, ətrafına, çevrəsinə, topluma qarşı zülmə yol verilir.

İnsanın öz seçimi heç də həmişə kamal üzərində olmur. Buna saysız-hesabsız nümunələr var. Hətta insan dünyanı məhv etmək həddinə qədər yetişmişdir. Elə bircə Xirosima və Naqasaki faciəsini yada salmaq yetər. O olaylardan 70 ildən çox vaxt keçir, amma indiyədək insanlar şüa xəstəliyindən əziyyət çəkir, tələf olurlar. İndinin özündə də dünyanın bir çox yerlərində insanlar məhv edilir, misal üçün uzağa getmək lazım deyil – elə Yaxın Şərqdə baş alıb gedən qətliamı götürək, yüzlərlə başqa problemlərə nəzər salaq. Görürük ki, insanın özünə qaldıqda, vəziyyət ağır ola bilir. Odur ki, əql diktə edir: ey insan! Yaradanın müəyyən etdiyi kamillik proqramı ilə yaşa, xeyirdən savayı ziyan görməzsən.

Ədalətdən qaynaqlanan nizam


Sağlam, salim mühitin əmələ gəlməsinin mənşəyi – ədalətdir. İnsan Həzrət Əli (ə) məntiqi ilə proseslərə yanaşdıqda, onun tərz-təfəkküründə, Allah Təala ilə bağlılığında çox dəqiq bir inkişaf baş verir. İnsan baş verən problemlərə görə, məşəqqətlərə görə Allaha gileylənməz. Əksinə, Uca Allahı olduğu kimi – bütün xeyir və müsbətliklərin mənbəyi bilər və naqisliklərin kökünü özündə axtarar, öz çevrəsində, toplumunda axtarar. Bu insan Allahla münacatda səmimi və ixlaslı olar. Allah Təbarəkə və Təaladan duamız budur ki, bütün mömin və möminələrə Həzrət Əli (ə) dünyagörüşünü anlayıb riayət etməyi nəsib etsin, inşəallah!
Mahiyyət etibarilə, bu, həyatverici bir inancdır. Problemlərdən qaçmağa deyil, problemin üzərinə getməyə, həll etməyə sövq edən bir təlimdir. Həyata yeni cür baxmağa, yaradılışın fəlsəfəsinə varmağa stimullaşdıran bir inancdır. Pisliklərin, mənfiliklərin mənbəyini özündə axtaran insan zülmdən imtina edir, özündə dəyişikliyə qərar verir. Günbəgün, saatbasaat kamilləşməyə rəvac verir. Əslində bu, aşiq bir bəndənin yanaşmasıdır. İlahi övliyaların, ariflərin yanaşmasıdır bu. Bu cür dünyagörüşü insanı Allaha yaxınlaşdırar. Toplumlar inkişaf edər, zülmə, dərd-sərə yer qalmaz burada. Ədalətdir bu nizamın bünövrəsi, dağıdılmaz-sınmaz bir özüllər üzərində qurulur bu nizam. Zəlillikdən insanı uzaqlaşdıran, kamala doğru aparan belə dünyagörüşünü Uca Allah bütün iman əhlinə qismət etsin, inşəallah!

Həzrət Əli (ə) dövrünün çətin sinaqlari

Həzrət Əlinin (ə) ömrünün ikinci yarısı çox çətin bir dövrə təsadüf edir. Rəsulullah (s) dünyadan köçmüşdür, sonrakı dövrlərdə İslam ümmətinin daxilində ciddi mərəzlər yetişməyə başlamışdır. Bəzilərinin Peyğəmbər (s) təliminə qeyri-dəqiq riayət etməsinə görə, yerlipərstlik, hətta korrupsiya halları əmələ gəlməyə başlamışdır. Qohumpərəstlik, tayfabazlıq üzərində qurulan, ədalətsizliklə səciyyələnən bir durum bərəqərar olmuşdu xilafətdə. Burada Həzrət Peyğəmbər (s) dövründə qətiyyən mümkün olmayan xüsusiyyətlər meydana çıxmağa başlamışdır.

Belə vəziyyətdə Həzrət Əli (ə) xilafətin işlərinə rəhbərlik etməyə başlayır. Bu an üçün 2 əsas problem mövcud olur: bir tərəfdən bir təbəqə yetişmişdir ki, artıq müsəlmanların ümumi malının çox ədalətsiz surətdə öz xeyirlərinə bölüşdürülməsinə adət etmişdilər, hər vasitə ilə mal-dövlətlərini artırmağa cəhd edirdilər və Həzrət Əlinin (ə) bu durumu dəyişmək, ədaləti bərpa etmək əzminə qarşı hər cür, o cümlədən, silahlı müqavimət göstərirdilər. Digər tərəfdən Peyğəmbərdən (s) sonra uzun illərdən bəri elmin inkişafına və yayılmasına qoyulan qeyri-rəsmi yasaq nəticəsində İslam ümmətində hər şeyə ağ-qara baxan, İslamın dəryalartək dərinliyini anlamayan, təhlil və təfəkkürdən məhrum, dar düşüncəli bir cahil xəvaric kəsimi yetişmişdir ki, həqiqi İslamın inkişafı, elmin irəliləməsi əleyhinə var qüvvələri ilə çalışır, hətta qoşun toplayıb Həzrət Əliyə (ə) qarşı vuruşmağa belə cürət etmişdilər.

Həzrət Əlinin (ə) 4 illik xilafəti dövründə İslam düşmənləri ona qarşı 3 dəfə irimiqyaslı müharibə aparmış, məğlub olduqdan sonra ona qarşı terror aktı həyata keçirmişlər: İmam Əli (ə) məsciddə namaz qılarkən, zəhərli qılıncla arxadan ona zərbə endirərək, şəhid etmişlər. O Həzrət Əlini (ə) ki, Rəsullulah (s) onun barəsində buyurmuşdur: «Həqiqətən, hər kimin ürəyi istəsə ki, Həzrət Adəmi (ə) elmi ilə görə, Həzrət Nuhu (ə) əzmi ilə görə, Həzrət İbrahimi (ə) helmi ilə görə, Həzrət Musanı (ə) heybəti ilə görə, Həzrət İsanı (ə) zöhdü ilə görə - /işarə edir/ - Əli ibn Əbu Talibə nəzər salsın».

Həzrət Əli (ə) - İlahi elçilərin (ə) bütün gözəl xüsusiyyətlərini özündə cəmləşdirən bir insandır. Və çox əlamətdardır ki, bütün bu qədər çətinliklərə, ağrı-acıya, müsibətə baxmayaraq, Həzrət Əlinin (ə) insanlara münasibəti dəyişməmişdir. Mərkəzi xətt kimi Həzrət Əli (ə) məntiqində «Günahkar insandan naümid olma» fəlsəfəsi keçir. İnsan aza da bilər, çaşa da bilər – ondan ümidsiz olmamaq gərəkdir. Bu müddəa fərdi münasibətlərə xüsusən aiddir.

Əlbəttə, ictimai günahlarda məsələ fərqlidir. İnsanlara zülm edən, toplumda fitnə salan ünsürlərin qınanması gərəkdir və bu qınaqlar – toplumu tənəzzüldən sığortalayan mexanizmlərdəndir. Müsəlmanlar Yezidi (lən) niyə indiyədək lənətləyirlər? Çünki, Yezid lənətlik ictimai fəsad yayırdı, toplumu məhvə sürükləyirdi. Onu lənətləmək – belə hallara mənfi münasibət təzahür etmək deməkdir. Eləcə də Müaviyə lənətlik və digər zalımlar. İctimai günahlarda sərt olmaq gərəkdirsə, fərdi xətalarda rəhimli, keçərli olmaq, tövbə etmək üçün yer saxlamaq gərəkdir.

Maraqlı cəhətlərdən biri Həzrət Əli (ə) məntiqində dürüst insanlara və günahkar insanlara olan özəl münasibətlərdir. Belə ki, yaxşı insanlar İlahi görüşə hərəkət edən pak bir karvan kimi təqdim edilir və bu nəcib insanlar heç bir zəhmət verməyən şəxslər kimi tanıtdırılır. Tövsiyə edilir ki, əsas diqqət xəta, günah törədənlərə yönəldilsin, bunların dadına çatılsın, ürək yandırılsın. Gərək bunlar üçün göz yaşı axıdılsın və bir təbib kimi onlar üçün əncam verilsin. Həzrət Əlidən (ə) nəql edirlər: «Düşmənlərimin ən düşməni xəstədir, (onları) müalicə etmək lazımdır, müalicə».

Allahım, bizləri dünya və axirətdə Həzrət Peyğəmbərlə (s) və Əhli-Beytlə (ə) məhşur et!
Allahım, bizlərə Həzrət Əliyə (ə) xas gözəl keyfiyyətlərə malik olmaq tofiqatını nəsib et!
Allahım, millətimiz və ümmət qarşısında duran problemlərin həllini, xəstələrin şəfa tapmasını, əsirlərin azad olmasını, 12-ci İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər «Cümə» məscidinin imam-camaatı


Xəbər 3961 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +