30.03.2017 16:58
Magistraturaya sənəd verənlərin sayı niyə azalıb? - Rəsmi CAVAB
Azərbaycanda ali məktəblərin magistr pilləsinə sənəd qəbulu başa çatıb. Diqqət çəkən məqam isə imtahanlarda ödəniş tətbiq edildikdən sonra magistr olmaq istəyənlərin sayında kəskin azalmanın müşahidə olunmasıdır. Təbii ki, imtahanların ödənişli olması valideynləri də narahat edən faktorlardan biridir.
Digər tərəfdən, magistr olmaq istəyənlərin sayının az olması həm də imtahanların ödənişli olması ilə əlaqələndirilir.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə açıqlamasında Tarif Şurasının qiymət sistemi ilə bağlı cəmiyyətdə yaratdığı narazılığa aydınlıq gətirib. O, bildirib ki, magistr olmaq üçün bu il qeydiyyatdan keçənlərin ötən illə müqayisədə az olması normaldır.
“Əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ simvolik idi. Yəni 2 manat idi. Buna görə də namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi. Çox vaxt da qeydiyyatdan keçmələrinə baxmayaraq, imtahana gəlmirdilər. Statistikaya nəzər salsaq, ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməyib. İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə mərhələsində şərtləri ödəyən və imtahanda iştirak etmək hüququna malik olanların sayı 9061 nəfər olub. 24110 nəfərdən 9061-nin ikinci mərhələdə iştirak hüququ olub. Onlardan da 432 nəfəri imtahana gəlməyib. Ötən il qeydiyyatdan keçmiş 24 110 bakalavrdan cəmi 8629 nəfər imtahanın ikinci mərhələsində iştirak edib. Bu il isə daha bilikli və öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi. Qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətdə az olması normal haldır”.
Qurumun mətbuat xidmətinin rəhbəri, magistr olmaq istəyənlərin sayının azalmasında pul faktorunun olmasından da danışıb.
“Pul məsələsinin olması fikirləri yanlışdır. Sadəcə olaraq əvvəl simvolik rəqəm 2 manat idi. Abituriyentlər arasında imtahan vermək rəqabəti yaranmışdı. Qonşuda kimsə ali məktəbə daxil olmaq üçün sənəd verirdisə, digəri də verirdi. Burada isə hansısa məqsəddən danışmağa dəyməz. Həmçinin iştirak haqqı 2 manat idi. İndi isə kimin məqsədi magistraturada təhsilini davam etdirməkdirsə, onlar da sənədlərini verəcəklər. Magistratura və rezidenturada qiymətlərin artıq olması onunla əlaqədardır ki, burada iştirakçıların sayı az olur. İştirakçıların sayı az olanda ona çəkilmiş xərclərin sayı çoxalır. Elə ola bilər ki, rezidenturada 1000 nəfərə imtahan keçirilsin, bir də var 40000 nəfərə. Təbii ki imtahan 1000 nəfər olanda hər bir iştirakçıya düşən imtahan xərcləri artır. Bunların hamısı qiymətə təsir edir”.
Dövlət İmtahan Mərkəzinin builki bütün imtahanları ödənişli həyata keçirməsindən danışan qurum rəsmisi bildirib ki, bu, dövlət büdcəsindən ayrılan vəsaitdən asılı məsələdir.
“Əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Mərkəzi İcra Hakimiyyəti orqanı idi. Dövlət büdcəsindən maliyyələşirdi. Hər il dövlət büdcəsindən TQDK-nın fəaliyyətinin təmin olunması üçün müəyyən məbləğdə pul ayrılırdı. Dövlət İmtahan Mərkəzi isə publik hüquqi şəxsdir. 2017-ci ilin büdcəsinə nəzər salsanız görərsiniz ki, orada DİM-in fəaliyyətinin təmin olunması üçün hər hansı bir məbləğ nəzərdə tutulmayıb.
Əvvəllər rəqəm simvolik olaraq 2 manat idi. Amma bu o demək deyil ki, uşaqların imtahanda iştirakının təmin olunması üçün 2 manat lazım idi. Onu dövlət əlavə olaraq dotasiya edirdi. İmtahanda uşaqların iştirakının təmin edilməsi üçün dövlət vəsait ayırırdı. İndi isə həmin vəsait ayrılmadığına görə imatahanda iştirak edənlərin vəsaiti hesabına bu imtahanlarn təşkil olunur. Həmçinin, imtahana çəkilən xərclər var. Bir imtahanın baş tutması üçün öncədən hazırlıq işləri həyata keçirilir. Test bankı yaradılır. O test bankını yaradan zaman ekspertlərə, testin yazılışına, ekspertiza olunmasına və tərcümə edilməsinə pul ödənilir. Daha sonra burada xeyli daşınma xərcləri var. Bildiyiniz kimi imtahanlar Bakıda və digər regional bölmələrdə keçirilir. Həmin bölmələrə imtahan materiallarının daşınması, imtahan iştirakçılarının, yəni mühafizə xidməti əməkdaşlarının həmin rayonlara ezam olunması prosesi baş verir. (bəzi rəhbərlər 3-5 gün öncədən ezam olunur-red) Həmçinin, hər imtahanda imtahan nəzarətçisi iştirak edir. Əgər bir otaqda 18-dən artıq abituriyent varsa 2 imtahan nəzarəti ayrılır. Bu zaman həm onlara, həm də imtahan zamanı buraxılış rejimini həyata keçirən əməkdaşlara pul ödənilir”.
(modern.az)
Xəbər 1355 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|