07.03.2017 10:19
“Azəriqaz“ sədrinin başı dərddə - 144 milyon kub metr qaz hara “uçub“?
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz itkisinin həcminə görə ciddi qınaq obyekti ola bilər. Məsələ burasındadır ki, illik qaz itkisinin həcmi çox böyükdür.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qaz itkiyə gedib. Bu, kiçik rəqəm deyil, hətta çox böyük rəqəmdir...
Bəs belə böyük rəqəmin arxasında nələr durur, onun itkisi necə əsaslandırılır?.. 144,4 milyon kub metrlik mavi yanacaq niyə, necə və harda itkiyə verilib?.. Bəlkə bu, “Azəriqaz” İstehsalat Birliyində yol verilən korrupsiyanın ipucudur?..
Sayt yazır ki, hökumət iqtisadi çətinliklər dövründə bir yandan əhaliyə satdığı mavi yanacağın qiymətini bahalaşdırır, o biri yandan milyonlarla kub metrlik qaz itkiyə verilmə kimi sənədləşdirilir... Bəlkə də “silinir”...
Mütəmadi olaraq əhalini mavi yanacaqdan istifadə üzrə ödənişləri vaxtlı-vaxtında verməyə çağıran SOCAR qaz itkilərinin qarşısını niyə ala bilmir?
““Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan EY (Ernst and Young) tərəfindən araşdırılıb. Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib”.
Bu haqda saytın sorğusuna cavab olaraq “Azəriqaz” İB-dən bildirilib. Rəsmi məlumata görə, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır:
“Bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırki texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır.
2009 və 2010-cu ildən başlayaraq “Azəriqaz” İB-nin qaz təchizatı şəbəkəsində itkilərin azaldılması istiqamətində görülmüş tədbirlər nəticəsində hər il itirilmiş qaz həcmi əvvəlki illərlə müqayisədə daha da azalıb. Görülən tədbirlər planı çərçivəsində istismara yararsız olan avadanlqlar yeniləri ilə əvəz olunur, müxtəlif diamterli qaz xətləri təmir və bərpa edilir, yeni qaz kəmərləri inşa olunur, həmçinin istifadə müddəti başa çatan, xətaları normadan artıq olan sayğaclar yeni tipli ölçü cihazları ilə əvəzlənir”.
Qurum bildirir ki, qaz itkiləri əsasən yeraltı qaz sızmalarından yarandığına görə, itkilərin böyük hissəsinin korrupsiya ilə heç bir əlaqəsi ola bilməz:
“Bununla yanaşı, təbii qazdan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə daha da gücləndirilib. Rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq baxışlar keçirilir, monitorinqlər aparılır və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericilyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə də mütəmadi tədbirlər həyata keçirilir. Əgər hər hansı korrupsiya faktı aşkarlanarsa, dərhal qanuna müvafiq tədbirlər görülür”.
Xəbər 3315 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|