AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


23.02.2017  13:31 

ABŞ yenidən İranı hədəfə alsa Azərbaycan qazanarmı?





A+  A-

Dünya tamam, büsbütün müəmma içindədir. Narahatlıq, bir az da şübhə və tərəddüdlər baş alıb gedir. Məsələ bundadır ki, ABŞ - dakı son prezident seçkilərinin qlobal siyasətə gətirdiyi düyünlü suallar hələ də tamam açılmayıb...
Bəli, prezident D.Tramp tapmaca, bir az da qorxulu tapmaca kimi qalmaqdadır. Hazırda yalnız bunu demək mümkündür ki, bu adam indiyədək ən çox diqqət mərkəzində olan nəinki siyasətçi V.Putini, hətta dünyanın çox məşhur şou–biznes adamlarını belə geridə qoyubdur.

Bəri başdan deyim ki, bu mövzuda yazmaq bir az çətinləşib. Ona görə yox ki, deyiləsi və bölüşəsi fikir yoxdur. Sadəcə, axır vaxtlar belə səpkili yazılar bir azacıq maraqsızlaşıb...

Səbəbi də odur ki, insanların çoxu bu xüsusda artıq “hər şeyi” bildiyini zənn edir. Amma belədirmi? Doğrudanmı D.Trampla bağlı hər şeyi yerli–yataqlı bilirik?

Düşünmürəm. Ona görə ki, dünyanın ən böyük siyasət və yaxud da ictimaiyyət adamları, hətta sanballı politoloqları belə ABŞ - ın gələcək siyasətini hələ də özləri üçün tapmaca hesab edir. Biz isə həmişə olduğu kimi özümüzü “çoxbilmiş” sanırıq...

NƏ YAXŞ Kİ, D.TRAMPIN XEYLİ OPPONENTİ VAR...

Bir neçə böyük istiqamət var ki, hamı onlarla bağlı mənzərənin durulaşmasını, aydınlaşmasını gözləyir. Mən həmin istiqamətləri bir - bir sadalamayacam, çünki bu haqda əvvəllər də yazmışam.
Bu gün üçün tək onu demək olar ki, hazırda ABŞ siyasətində iki çox ciddi tendensiya özünü biruzə verməkdədir.

Ən birincisi budur ki, D.Tramp artıq ölkəsində müəyyən müqavimətlə qarşılaşır. Burada söhbət heç ictimai pressinqdən də getmir, halbuki bu da var – insanlar D.Trampa qarşı indiyədək çox etirazlar nümayiş etdirib, hətta yeni prezidentə qarşı “impiçment” tələbləri belə olubdur.

Amma burada söhbət bilavasitə siyasi və hüquqi institutların pressinqindən gedir. Məsələn, Konqres respublikaçıların nəzarətində olsa da, konqresmenlər və senatorlar D.Trampın bütün qərarlarına heç də “hə” demək niyyətində deyillər. Senator C.Makkeyn dərhal bildirmişdi ki, əgər Tramp Rusiyaya qarşı sanksiyaları götürmək fikrinə düşərsə, ona qarşı koalisiya təşkil edəcək.

Hətta bu yaxınlarda belə bir xəbərlər də səsləndi ki, guya parlamentarilər və Trampın yeni məmurları prezidentin Rusiya ilə bağlı fikirlərini dəyişdirməyə nail olublar. Amma belə xəbərlər hələ özünün daha ciddi şəkildə təsdiqlənməsini tələb edir. Bütün hallarda Trampın bütün siyasəti, xüsusən də onun Rusiya ilə bağlı planları ölkə mediasının və ictimaiyyətinin, hətta respublikaçı Konqressin (baxmayaraq ki, Tramp özü də bu siyasi cinaha aiddir!), ən başlıcası isə kəşfiyyat strukturlarının ciddi nəzarəti altındadır.

Yeni adminstrasiyanın yeni siyasətinin artıq ilk “qurban”ları da var– yaxınlarda prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi istefa verməyə məcbur oldu. Halbuki D.Trampın andiçməsindən cəmi bircə ay keçibdir...

Və yaxud məhkəmələr yeni prezidentin bəzi qərarlarının qüvvəsini dayandırmaqdan belə çəkinmirlər. Bütün bunlarsa bir daha onu deməyə əsas verir ki, gec-tez Tramp cənabları da qəbul etməli olacaq ki, siyasət assosiativ məşğuliyyətdir və burada kollegial qərarlara ehtiyac var.

Şanlı Rusiyaya və onun ümidlərinə gəldikdə isə, onu deyə bilərik, D.Tramp hətta ordunu da “yenidən” quracağını, onun texniki parkını genişləndirəcəyini vəd edir. Hətta hərbi xərclərin daha 50 milyard dollar artırılacağı bildirilir. Bu isə o deməkdir ki, yenə də ABŞ dünyanın ən qüdrətli hərbi dövlət kimi qalmaq iddiasındadır...

Düzdür, prezident Rusiya ilə münasibətləri də “ölü” nöqtədən tərpətməkdə israrlıdır. Artıq ilk təmaslar reallaşır. Bunlardan biri də bu günlərdə Bakıda baş tutdu – iki ölkənin silahlı qüvvələrinin qərargah rəisləri bir araya gəldi. Xarici işlər nazirləri arasında da ilk kontaktlar və müzakirələr yaranmaqdadır...
Qərargah rəislərinin görüşü haqda təkcə onu demək istəyirik ki, bəzi mülahizələrə rəğmən bu, heç də pis hadisə deyildi – təcrübə göstərir ki, böyük dövlətlər böyük görüşlər üçün kiçik və əsasən də neytral ölkələri seçirlər. Məsələn, dünyada əksər böyük tədbirlərə İsveçrə və ya Belçika kimi ölkələr ev sahibliyi edir. Demirik ki, Azərbaycan yaxın müddətlərdə dönüb İsveçrə və ya Belçika olacaqdır, bunun üçün o, həmin ölkələr kimi azad olmalıdır.

Fəqət, bir məsələ var. Bakı Qafqazda bu missiyanı yerinə yetirə bilər. Təsadüfi deyil ki, indi iki şəhər–Bakı ilə Tbilisi arasında Qafqazın siyasi və mədəni mərkəzi olmaq uğrunda əsl çəkişmə gedir. Bu mənada Bakı öz aktivinə daha bir fal yaza bildi...

PROBLEMLİ QONŞU...

Digər bir detal və bizi də indi ən çox düşündürən məqam odur ki, ümumilikdə Rusiya ilə bağlı siyasət hələ aydınlaşmayıbdır, Avropa ilə, NATO ilə münasibətlərin necə qurulucağı, BMT – yə hansı münasibət sərgilənəcəyi hələ bəlli deyildir. Amma bir ölkə var ki, D.Tramp ona qarşı daha “aydın” siyasi münasibət sərgiləyir. Bu da İrandır. Elə bir həftə olmur ki, yeni prezident həmin ölkə ilə bağlı hər hansı sərt bir açıqlama verməsin və ya özünün sosial şəbəkəsində bununla bağlı nəsə yazmasın!

Məsələ bizim üçün də önəmlidir. Ən azı ona görə ki, İran qonuşumuzdur. Sözsüz ki, ideal qonşu deyil, öz siyasətində tez-tez, necə deyər, gah nala, gah da mıxa vurur. Azərbaycanı və onun ərazi bütövlüyünü dəstəklədiyini deyir, o biri tərəfdən də Ermənistanla çox geniş və sıx əlaqələr qurur. Bir sözlə, İran çox problemli qonşudur...

Hələ heç onu da demirəm ki, İran bizim üçün həm də Cənubi Azərbaycan, on milyonlarla həmvətənlimiz deməkdir. Təbii, İranla bağlı bütün siyasətlərdə biz də qeyri-ixtiyari olaraq həmin iki əsrlik problemin də açarını tapmaq istəyirik...

Bir tərəfdən İranla ABŞ-ın münasibətlərinin korlanması Azərbaycanın qlobal siyasətdə “önəm”ini artıra bilən faktor ola bilər və ən azı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın əsasını qoyar.

Amma güman etmirik ki, belə bir perspektiv rəsmi Bakının ürəyincə olsun. Əvvəlki dövrlərdə də, xüsusən də son illərdə kiçik Buşun vaxtında da ABŞ-İran münasibətləri heç də rəvan deyildi.

Elə B.Obamanın vaxtında da İranla müəyyən anlaşmanın yaranmasının əsas səbəbi bu idi ki, Vaşinqton iki cəbhədə vuruşmaq istəmədi. Rusiya ilə münasibətlər korlanandan sonra ABŞ müvəqqəti olaraq “İran səhifəsi”ni çevirmək qərarına gəldi. Buna görə onu qınayan müttəfiqləri də tapıldı – məsələn, İsrail indiyədək belə vəziyyətlə barışmaq istəmir.

Bir daha deyirik ki, D.Tramp cənablarının Rusiya ilə bağlı yekun siyasəti hələ də bəlli deyil. Amma hiss olunan budur ki, o, Rusiyanı əsas problem kimi görmür. Ona görə də ABŞ yenidən siyasətinin “İran səhifəsi”ni geri çevirə bilər və artıq çevirməkdədir...

DAHA BİR CƏHƏNNƏMƏ “VƏSİQƏ” VERƏRLƏRMİ?..

Azərbaycan belə siyasətdən həmişə kənarda qalmağa çalışıb. Hətta ən gərgin anlarda da İrana qarşı siyasətə qoşulmayıb, ona qarşı sanksiyalara dəstək verməyibdir. Güman edirik ki, bundan sonra da belə olacaq.

O ki qaldı ABŞ-ın öz siyasətinə, heç də düşünmürük ki, Suriyadan və yaxud da digər ərəb ölkələrindəki vəziyyətdən sonra ağıllı siyasətçi daha bir cəhənnəmə mandat vermiş olsun. Elə maraqlısı da odur ki, D.Tramp Amerikanın indiyə qədərki siyasətinə tənqidi yanaşır və hətta müəyyən məsələlərdə ölkəsini qınayır da...

Amma bu ona yenə də İrana qarşı çox sərt siyasət yürütməyə heç də mane olmur. Bəs onun İrana qarşı siyasəti hara qədər inkişaf edə bilər? Məsələn, D.Trampın açıq şəkildə dəstək verdiyi İsrail İrana qarşı çox sərt siyasətin tərəfdarıdır.

Di gəl, bir daha deyirik ki, ərəb ölkələrindəki neçə illərdir davam edən bu vəziyyət istənilən ölkə üçün hər bir halda dərs ola bilərdi. Amma kim bilir, bəlkə Qərbi belə vəziyyət də qane edir?..
Bütün hallarda, hələ bir neçə il öncə toxunduğumuz çox maraqlı məqamı –“idarə olunan xaoslar” haqqında dediklərimizi indi də tamam kənara tullamamışıq.

Amma yenə də hesab edirik ki, daha çox ehtimal olunan budur ki, ABŞ İranla açıq hərbi konfrontasiyaya getməz, ən azı ona görə ki, İran özü də heç də asan həzm edilən qida deyildir – bura nə Suriyadır, nə də Liviya... Ona görə də düşünürük ki, təzyiqlər yenə də daha çox siyasi və iqtisadi xarakterli olacaqdır.

İRANI İNANDIRMAQ ASAN DEYİL...

Böyük ehtimalla rəsmi Bakı bunlardan kənarda dayanmağa cəhd edəcəkdir. Müəyyən mənada bu düzgün siyasətdir. Ona görə ki, böyük dövlətlərin savaşına kiçik ölkələrin burnunu soxması əksər halda bir aqibət vəd edir – ayaqlar altında qalmaq...

Üstəlik, bu hipotetik qarşıdurma Azərbaycana konkret bir şey də vəd etmir. O cümlədən də Cənub məsələsində... Elə bu səbəbdən də neytral bir vəziyyət daha məntiqlidir. Həm də son illərdə Azərbaycan İranla çox böyük iqtisadi layihələrə start veribdir. Məsələn, elə Cənub-Şimal tranzit dəhlizi bu qəbildəndir. Bütün bunların üstündən xətt çəkmək isə elə də asan deyil...

Düzdür, adam “Cənub məsələsi”ndən də keçmək istəmir. Amma bu xüsusda bir daha deyrik ki, heç nə vəd edilmir. Razıyıq, soruşan, istəyən də yoxdur. Bəlkə də israrla soruşanlar və “qapıları döyənlər” tapılsaydı onda müvafiq təkliflər də olardı...

Bu, cənublu qardaşlarımızın milli və insani haqlar uğrundakı mücadiləsini tamam inkar etmək demək deyil, amma İranda mübarizə hələ “solo”dur və “xor” yaranmır ki, yaranmır...

Nə isə, qayıdaq mətləbə... Ən qəribəsi bilirsinizmi nədir? Tehran Bakını çox çətinliklə neytral bir ölkə kimi qəbul edir.

“Məntiq” də sadədir. Bakı ABŞ - la əlaqələrini davam etdirirsə, onu tamamilə kəsməyibsə, İsraillə müəyyən təmasları varsa və birmənalı şəkildə İranla siyasi və diplomatik həmrəylik bildirmirsə, deməli, neytral deyildir! İranın indiyədək sərgilədiyi “məntiq” budur...

Əvvəlki illərdə belə siyasətin təzahürlərini çox yaşamışıq. Amma düşünürük ki, Bakı bu vaxta qədər çətinliklə olsa da Tehranı öz səmimiyyətinə inandıra bilibsə, bundan sonra da bunu edə biləcəkdir...

Xəbər 6430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +