23.02.2017 10:32
Azərbaycanda uşaqlar da maaş gözləyir - Araşdırma
Aydanla Rəhim bacı qardaşdılar. Aydan 3-cü, qardaşı isə 1-ci sinifdə oxuyur. İstirahət kəlməsinin nə olduğunu başa düşmürlər. Bircə onu bilirlər ki, dərsi oxumaq müqabilində anası onları qonşuya kompyuter oynamağa göndərir. Aydan deyir ki, “əyləncə mərkəzlərinə getmək üçün ad günümün, bayramın gəlişini gözləyirəm”. Qızcığaz gözləntisinin səbəbini hələ ki, tam başa düşmür.
Hər bir uşağın bərabər şəkildə istirahət hüququ var. İstirahət olmadan fiziki, psixoloji sağlamlıqdan söhbət gedə bilməz. Bu BMT-nin Uşaq hüquqları Konvensiyasında (1989) da əksini tapıb. İstirahət məsələsi bu gün cəmiyyətdə müxtəlif cür şərh olunur. Ən yalnışı isə uşaqların kompyuter, TV, mobil telefon ekranı qarşısındakı dincəlməsi düşüncəsidir. Sivil ölkələrdə uşaqlar ailə içində yox, cəmiyyət içində formalaşırlar. Onların sərbəst düşüncə, təhlili üçün kollektiv dincəlməsinə, asudə vaxtını maraqlı, həm də əyləncəli keçirməsinə ehtiyac var.
Vaxtilə Sovet İttifaqının maraqlı ənənəsi vardı. Uşaqların asudə vaxtı, istirahəti indikindən daha səmərəli təşkil olunurdu. Yay tətilində məktəblilər müxtəlif düşərgələrə (ən nüfuzlusu “Artek” idi) yollanardı. Valideynlər uşaqlarından rahat idilər. Müstəqilliyimizdən onilliklər keçsə də, dövlət uşaqlar üçün kollektiv istirahət dediyimiz düşərgələrin təşkil olunmasına diqqət ayırmır. Halbuki Sovet Azərbaycanında 50-dən çox uşaqların yay, pioner düşərgəsi, istirahət ocağı olub. Onlardan 16-sı Xəzər sahillərində, 5-i hazırda işğal olunmuş torpaqlarda, digərləri isə bölgələrdə fəaliyyət göstərirmiş.
İndi düşərgə hansısa özəl nüfuzlu təhsil ocaqları üçün nəzərdə tutulur vəssəlam. Bakıdakı düşərgələrin çoxunun sahəsi çollüyə çevrilib, bir neçəsində isə məcburi köçkün ailələri yaşayırlar. Hazır Sovet vaxtının təcrübəsi qala-qala başqa standartlar axtarmağa nə gərək var?
Təhsil üzrə ekspert Nadir İsrafilov açıqlamasında deyir ki, Sovetin bu ənənəsini yeniliklərlə işləməklə məsələni də kökündən həll etmək olar. "Sovet təhsilindən imtina edəndən sonra "pioner" sözünə qarşı da qıcıq yarandı. Təcrübəmdən deyə bilərəm ki, o zamanlar rayon təhsil şöbələrində xüsusi bölmələr vardı. Uşaqların, məktəblilərin asudə vaxtının təşkili ilə bağlı məsələ həllini orada tapardı. Pioner düşərgələrinin fəaliyyəti tədris ili başa çatan kimi aktuallaşardı. Düşərgələr tək kollektiv dincəlmək yox, eləcə də uşaqların sosial həyatını, ictimai şəxsiyyət kimi formalaşmağını, rejimli həyat tərzini aşılayırdı. Bu günkü təhsil sistemi elə bil məktəblini universitetə daxil etmək üçün yetişdirir, hər şey buna hesablanıb. Uşaqları birdən-birə dərslə yükləmək tədris sayıla bilməz.Təhsil müəsisəsi tək bilik vermək yox, tərbiyə, şəxsiyyətə çevrilməyi də dərs verməlidir. 2013-cü ildə MM-də uşaqların istirahət hüququ ilə bağlı 25 maddədən ibarət qanun layihəsi müzakirəyə çıxarıldı. Amma bu vaxta qədər ondan səs- soraq yoxdur."
Ekspertin fikrincə, əslində bununla bağlı qanuna da ehtiyac yoxdur. "Bu bir islahat proqramı və vacib məsələdir. Həmkarlar Konfederasiyası tərkibində bu məsəslə bir qədər həllini tapır, uşaqlar valideynlərinə verilən məzuniyyətlə haradasa dincələ bilirlər. Amma bu hamıya şamil edilmir. Beynəlxalq tədris proqramındakı 5 günlük tədris proqramına keçmək, şənbə günü məktəb qapısına qıfıl vurmaq deyil. Dərsdənkənar asudə vaxtının təşkili, uşaqların ekskursiyalara aparılması, maraqlı təlimlərin təşkili əvəzinə, onların çoxu evdə tv, kompyuter qarşısına məhkum olurlar."
Uşaqlarımızın istirahət hüququ elə qanunla da pozulur
Ölkədə 1998-ci ildə qəbul olunmuş “Uşaqların hüquqları haqqında" qanunun 6-cı maddəsində deyilir: “Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar onların valideynlərinin və ya onları əvəz edən səxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, dili, dini, irqi, təhsilindən, siyasi baxışından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər.”
25-ci maddədə isə qeyd olunur: “Hər bir uşağın istirahət və asudə vaxtından istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısının alan tədbirlər görməlidir. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədiylə məktəbdənkənar müəsisələrin, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır, inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir.”
Adıçəkilən qanuna görə, istirahət ocaqlarının ləğvi və başqa məqsədlə istifadəsi qadağandır və bu qanunun müddəlarına əməl etməyənlər həmin sənədin 44-cü maddəsinə əsasən məsuliyyət daşıyırlar. Onda belə çıxır ki, hazırda Təhsil Nazirliyi, Gənclər və İdman Naziliyinin aidiyyatlı şöbələri çoxdan sorğu-suala tutulmalı idilər.
Hüquqşünas Paşa Səfərovun fikrincə, uşaq hüquqları pozulan hüquqlar içərisində 3-cü sırada durur. Uşaqların istirahət hüququ vacib məsələdən biridir. MM-də uşaqların istirahət və asudə vaxtının təşkili ilə bağlı qanunun müzakirəsi gedir. Ekspertin qənaətinə görə, qanunda uşaqların yenidən istirahət hüququ tanınacaq, amma qanun qəbul edilməsi uzun proses olduğu kimi, onun icrası da böyük zaman tələb edən məsələdir."
İstirahət -kompyuter qarşısı deyil!
Hazırda Təhsil Nazirliyinin tabeçiliyində 370-ə yaxın məktəbdənkənar təlim müəsisəsi fəaliyyət göstərir. Orada 16 mindən çox uşaq öz bacarılarını kəşf edir. Əslində, bu rəqəm ölkə üçün cüzi saydır. Baxmayaraq ki, ödənişli əsaslarla fəaliyyət göstərən qeyri-dövlət dərnəkləri də var. Asudə vaxtının təşkilindən əlavə uşaqların yay tətili günlərində dincəlməsində də problem var, əvvəldə də qeyd olunduğu kimi pərakəndə fəaliyyət davam edir.
Dövlətin uşaq istirahət düşərgələrini qurmaq üçün kifayət qədər pulu yoxdur. Ayrı-ayrı bölgələrdə layihə şəklində yay məktəbləri yaradılır. Hazırda Buzovnada H.Əliyev Fondunun dəstəyi ilə açılan yay istirahət düşərgəsi pulsuzdur, ora da əlil uşaqlar üçün nəzərdə tutulub. Ölkənin nüfuzlu və ödənişli məktəblərinin də fərdi istək əsasında yay məktəbləri qurulur, məktəblilər həftəylə müxtəlif bölgələrə gedirlər. Sözsüz ki, maddi imkanı olan uşaqlar üçün istənilən yerdə istirahət etmək problem deyil. Fakt odur ki, əyləncə mərkəzində keçirilən bir neçə saatlıq zaman belə aztəminatlı ailələr üçün əlçatan deyil.
Əsas məsələ elə uşaqlar arasındakı ayrıseçkilik prinsipini dəf etməkdir. Bir neçə ay sonra məktəb günləri bitəcək. Kimi kəndində dincələcək, kimi ana-atasının ayağına “bağlanacaq”, bəzi uşaqlar darıxacaq, bəzisi dənizə getmək, dincəlmək üçün valideynin əhvalına ya da cibinə baxacaq. Bəziləri isə nəzarətsiz qalıb, Allah bilir hansı pis vərdişə qurşanacaq.
İctimai hovuzlar yaradılsın
Psixoloq Lalə İmanovanın sözlərinə görə, valideynlər uşaqlarını kompyuter, TV qarşısına qoymaqla onların istirahət etdiyini, əyləndiyini düşünürlər. Halbuki uşaqların ünsiyyət, qavrama, nitq problemlərinin yaranmasına saatlarla ekran qarşısında oturmaq səbəb olur. "Sonra da valideyn uşağını götürüb psixoloq, loqopedlərdə gəzir." Mütəxəsisin fikrincə, ağır dərs proqramının ardınca istirahət etməyən şagirdlər də gələcəkdə sağlamlıqla bağlı ciddi problemlərlə üzləşəcəklər.
Bu gün “Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında Qanun”unun aqubəti qeyri-müəyyəndir. Fakt odur ki, ölkədə uşaqların istirahət hüququ elə öz ailəsi tərəfindən "tanınır". Başqa sözlə, valideyn ailə büdcəsindən övladı üçün gəzinti, əyləncəni əlindəki maddiyyata uyğun edir.
Sosial işçi, uşaq hüquqları müdafiəçisi Saleh Nəsirovun fikrincə, qeyd olunan məsələ beynəlxalq təcrübədə olduğu kimi birbaşa dövlətin öhdəliyində olmalıdır. "Dünya ölkələrində uşaqların təlim, tədrisi, istirahəti prioritet məsələ olaraq qalır. "Misal üçün, çox sadə bir nümunə göstərmək olar. Xarici ölkələrdə ictimai hovuzlar, müxtəlif dərnəklər geniş yayılıb. Bu məkanlar aztəminatlı ailələr üçün pulsuz, kütlə üçünsə ucuz şəkildə fəaliyyət göstərir ki, hər ailə övladını həmin yerlərə göndərə bilsin. Belə dərnəklər uşaqların öz bacarıqlarını inkişaf etdirməsində, komanda şəklində işləməsinə, gələcək həyatda sərbəst yürüməsində böyük tövhə verir. Bizdə hovuza gedən bir uşağa ailə ay ərzində ən azı 40-50 manat ödəməlidir. Çox valideynin bu məbləğə gücü çatmır. Bugünki nəsli müşahidə edəndə cılızlaşma, psixoloji zəiflik hallarına rast gəlmək olur. Genefondumuzu xilas etmək istəyiriksə, ölkədə əvvəlcə uşaqlarla bağlı bütün problemlər həllini tapmalıdır.".
Hələliksə, uşaqlarımızın çoxu yaxşı dincəlmək, asudə vaxtını keçirmək üçün valideynin istəyini və maaşını gözləməlidirlər. Aydan və Rəhim kimi...
(qafqazinfo.az)
Xəbər 2500 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|