Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


20.02.2017  18:22 

Azərbaycan prezidentinin Münhen mesajları - ŞƏRH





A+  A-

“Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də panel-müzakirələrdə çox mühüm tezislərlə çıxış etdi. Prezidentin çıxışları ilk növbədə Azərbaycanı narahat edən fundamental məsələlərlə bağlı idi”.
Bunu Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib. O bildirib ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın qazandığı uğurların, Azərbaycanın potensialının təqdimatı baxımından çox mühüm bir tədbir olub: “Cənab prezident hər zaman olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin mahiyyəti, Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında Münhen Təhlükəsizlik Konfransının tribunasından beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar ünvanladı. Bir daha beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı ki, münaqişənin həlli ilə bağlı qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 4 vacib qətnaməsi icra olunmur. Halbuki əksər hallarda BMT qətnamələrinin bir neçə saat sonra icrasına başlanır. Azərbaycan prezidenti İlham Əliyev ikili standartlar məsələsini xüsusilə vurğuladı. Cənab prezidentin çıxışında ən çox diqqəti cəlb edən məsələlərdən biri də, heç şübhəsiz, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılması və bunun nəticəsində Azərbaycanın bir çox hallarda dövlətlər arasında pozulmuş münasibətlərin bərpası istiqamətində əldə etdiyi nəticələrdir. Bu nöqteyi-nəzərdən məhz cənab prezident xüsusi qeyd etdi ki, Azərbaycan dövlətinin, birbaşa cənab prezidentin özünün və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində Türkiyə - Rusiya münasibətlərinin bərpası mümkün oldu və iki dövlətin pozulmuş münasibətlərinin bərpasına bu vasitəçilik missiyası öz töhfəsini verdi, əlaqələr bərpa olundu və bu gün də inkişaf tempinə malikdir”.

Millət vəkilinin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında panel-müzakirələr çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford arasında Bakıda keçirilmiş görüşün çox vacib məqamlarına da aydınlıq gətirib: “Cənab prezident qeyd etdi ki, biz bu görüşün yerini təklif etməmişdik. Məhz bu iki fövqəldövlətin hərbi rəhbərliyi belə bir qərar qəbul edib. Yəqin ki, bu qərarın qəbul edilməsində Azərbaycanın dünyada artan nüfuzu, çəkisi rol oynayıb. Eyni zamanda, Azərbaycan prezidenti dedi ki, Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də NATO-nun üzvüdür, Azərbaycan müstəqil xarici siyasət və müstəqil xarici hərbi siyasət həyata keçirir. Azərbaycanın balanslı, çevik, tarazlaşdırılmış, çoxvektorlu xarici siyasət kursu həyata keçirməsi dünyanın iki nəhəng dövlətinin yüksək rütbəli hərbçilərinin bir araya gəlməsini şərtləndirən həlledici amilə çevrilib. Generallar arasında sonuncu dəfə bu səviyyədə görüş 2014-cü ilin yanvar ayında Brüsseldə keçirilmişdi. O vaxtdan indiyə qədər heç bir Avropa şəhərində və yaxud Vaşinqtonda, Moskvada belə bir görüşün keçirilməsi mümkün olmamışdı. Görüş üçün məkan kimi Azərbaycanın seçilməsinin geosiyasi, rəmzi mənası var. Bu görüş Azərbaycana olan diqqətin və hörmətin birbaşa təzahürüdür. Bütövlükdə Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, orada səsləndirdiyi bəyanatlar Azərbaycanın beynəlxalq sülhə, təhlükəsizliyə töhfə verdiyinin növbəti dəfə təsdiqi oldu və Azərbaycana olan etimadın daha da yüksəlməsinə xidmət göstərdi”.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, Milli Məclisin üzvü Musa Qasımlı bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təcavüzkar Ermənistana təzyiqlər etməsi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin sözsüz yerinə yetirilməsi, dövlətlərin sərhədlərinin zor gücünə dəyişdirilməsinə yol verilməməsinə dair verdiyi bəyanat Azərbaycan dövlətinin və millətin mövqeyinin bir daha açıq-aydın və qətiyyətlə ifadə edilməsidir: “Böyük əhəmiyyət daşıyan bu bəyanat bir daha göstərir ki, Azərbaycan dövləti ərazilərinin bir qarışını da işğalçıya güzəştə getməyəcək və müvafiq ölkələr nizamasalma səylərində fəal olmalıdırlar. Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Regionun iki böyük dövləti olan Rusiya və Türkiyə arasında Azərbaycan daim etibarlı körpü olub, indi də belədir. Rus-türk münasibətlərinin normallaşdırılmasında cənab prezidentin xüsusi rol oynadığı bəllidir. Bu ölkələr arasında normal münasibətlərin mövcud olması həm onların özlərinə, həm də regiona və dünyaya faydalıdır. Cənab prezident bu fəaliyyəti ilə rus-türk münasibətlərini soyuqlaşdırmağa, onlar arasında düşmənçilik yaratmağa çalışan Ermənistanın niyyətini də boşa çıxardı”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazılığını ifadə edib: “Prezidentə Rusiya ilə bağlı da sual verilmişdi. Prezidentin cavabı faktiki bundan ibarət idi ki, əgər Rusiya istəsə, Ermənistan hakimiyyətinə təsir edərək bu prosesi sürətləndirə bilər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov da demişdi. Çünki son vaxtlar Rusiya açıq-aşkar Ermənistana dəstək verir və bunu artıq gizlətmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işlərinə aid məsələ olmadığını”, habelə “Dağlıq Qarabağ ətrafında rayonların boşaldılması Qarabağın statusunun müzakirə olunmasına paralel getməlidir” kimi fikirləri Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı panel-müzakirələrdə ona işarə vurub ki, əslində böyük dövlətlər, o cümlədən Rusiya münaqişənin həllini sürətləndirmir, halbuki buna imkanı var. Ermənistan kiçik bir dövlətdir. Rusiya bu prosesə təsir vasitələrini işə salsa, prosesi sürətləndirmək olar. Amma biz təəssüf ki, əksini görürük. Bu gün Dağlıq Qarabağda “referendum” keçirilir. Bu “referendum”a müşahidəçilər ən çox tanınmamış Abxaziya və Cənubi Osetiyadan gəlib. Halbuki bu iki bölgə Rusiyanın tamamən nəzarəti altındadır. Rusiya istəsə, onlara deyə bilərdi ki, oturun yerinizdə, gedib bu “referendum”u izləməyin. Amma bunu demirsə və onlara şərait yaradırsa, onlar da gedib Xankəndində Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verirlərsə, deməli, Rusiyada müəyyən qüvvələr hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında əslində diplomatik dillə beynəlxalq aləmə bunu anlatmağa çalışır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllini sürətləndirmirlər. Ona görə də atəşkəs daim pozulur, lokal toqquşmalar olur”.

Politoloq qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında dediyi kimi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına zidd olub: “Azərbaycan bu münasibətlərin normallaşmasını istəyirdi. Çünki Rusiya bizim strateji tərəfdaşımızdır. Rusiyanın Ermənistana verdiyi dəstəyə baxmayaraq, bizim normal tərəfdaşlıq münasibətlərimiz var. Buna görə də Azərbaycan prezidenti Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə təşəbbüslər irəli sürdü, nəticədə bu proses nizamlandı. Bu məsələdə Azərbaycan prezidentinin də vacib rolu oldu ki, bunu hər iki tərəf də qeyd etdi. Üstəlik, bu günlərdə Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford arasında görüşün Bakıda keçirilməsi də Azərbaycana verilən dəyərin nəticəsidir. Bu görüşdə Suriya məsələsi müzakirə olunmalı idi. Çünki ABŞ Suriyada Rakka şəhərinə hərbi müdaxiləyə hazırlaşır. Bu hərbi əməliyyatı həyata keçirmək üçün ABŞ iki əsas iştirakçı - Türkiyə və Rusiya ilə bunu razılaşdırmalı idi. Suriya məsələsini müzakirə etmək üçün rusiyalı generalla görüş yeri axtarılırdı. Rusiyalı general sanksiyalara görə Avropaya gedə bilmirdi, amerikalı general da Suriyaya yaxın olan İraq və İrana gedə bilməzdi. Elə bir məntəqə seçilməli idi ki, Suriyadakı hadisələrə yaxın bir ölkə, həm də o ölkənin Suriya məsələsində balanslı mövqeyi olsun. Aydındır ki, bu rola Azərbaycan iddialı idi. Türkiyə bu rola iddia edə bilmirdi. Çünki artıq Türkiyə Suriyada Rusiya ilə hərbi ittifaqdadır. Ona görə də görüş üçün məkan Bakı seçildi. Bu fakt, üstəgəl də Azərbaycanın Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasında önəmli rol oynaması bir daha göstərir ki, bölgədə həqiqətən açar dövlət Azərbaycandır. Sadəcə, Ermənistan işğalçı siyasətini davam etdirdikcə Azərbaycana böyük dövlətlər alternativ qoymurlar. Alternativ qoymurlarsa, biz işğalçını istənilən vasitə ilə torpaqlarımızdan çıxarmalıyıq. Son 2 ildə onsuz da atəşkəsə riayət olunmur. Dövlət başçısının sözü var ki, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?! Bu strategiya o deməkdir ki, düşmənin Dağlıq Qarabağ ətrafında, işğal altında olan rayonlarda mövqeləri məhv ediləcək. Bundan nəticə çıxarmalıdırlar. Yox, nəticə çıxarmayacaqlar, üstəgəl təxribat yaradıb, “referendum” keçirərək bölgənin adını dəyişdirməyə çalışacaqlarsa, bu o deməkdir ki, lokal toqquşmalar davam edəcək. Bu, Azərbaycanın hüququdur. Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında qeyd etdi ki, müharibə problemlərin sayını çoxalda bilər. Bu da böyük dövlətlərə bir mesajdır. Atəşkəsə əbədiyyətə qədər dözəsi də deyilik. Torpaqlar boşaldılmadan atəşkəsin ömrü uzun olmayacaq”.

Xəbər 4927 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +