02.12.2025 13:48
650 min manatlıq “Lexus LX 600” alan məmur kimdir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin yeni aldığı “Lexus LX 600” xüsusi hazırlanmış modellərdəndir və Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd olduğu bildirilir.
Məlumata əsasən, son günlər AAYDA əməkdaşlarının təmtəraqlı toy mərasimləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Öncə qurumun Maliyyə İdarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun dəbdəbəli toyu, daha sonra isə onun birbaşa rəhbəri Müseyib Həmzəyevin oğluna etdiyi daha təmtəraqlı mərasim diqqət çəkib. Ortalama hesablamalara görə, hər iki toyun ümumi xərcinin bir milyon manata yaxın olduğu iddia olunur.
İddialara görə, təkcə toy mərasimlərində çıxış edən müğənnilərə yarım milyona yaxın qonorar ödənilib. Mətbuatda və sosial şəbəkələrdə yayılan fikirlərdə bildirilir ki, dövlət məmurlarının belə yüksək səviyyəli xərcləmələri korrupsiya şübhələrini artırır və mövcud vəziyyət əlaqədar qurumların yoxlamaları üçün əsas yarada bilər.
Ötən həftə mətbuatda yayılan başqa bir məlumatda qeyd olunub ki, Müseyib Həmzəyevin sərvətinin artmasında Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi zamanı kompensasiya mexanizmlərində yol verildiyi iddia edilən maxinasiyalar xüsusi rol oynayıb. Bildirilir ki, söküntü altına düşən obyektlərlə bağlı kompensasiyaların ayrılmasında saxtakarlığa yol verildiyi və rəisin bu proseslərdən faydalandığı ehtimal olunur. Xüsusilə Novxanı ərazisində sənədləri qaydasında olmayan torpaq sahələrinin də kompensasiya siyahısına salındığı iddia edilir.
Sosial şəbəkələrdə yayılan digər məlumatlara görə, təmtəraqlı toy məclisindən əvvəl Müseyib Həmzəyev özünə 650 min manat (təxminən 380 min dollar) dəyərində son model “Lexus LX 600” alıb. 2022-ci ildən istehsal olunan bu model yüksək komfort səviyyəsi ilə seçilir və yayılan iddialara əsasən, Həmzəyevin avtomobili xüsusi hazırlanmış versiyadır.
Həmçinin başqa bir mənbə poliqon.info-ya bildirib ki, Müseyib Həmzəyev Binəqədi–Novxanı yolunun yaxınlığında, dənizkənarı zonada yerləşən “Rest Time” restoranının da sahibidir. Restoranın Novxanının ən lüks istirahət məkanlarından biri olduğu qeyd olunur.
Poliqon.info AAYDA-ya rəsmi sorğu ünvanladığını, lakin hələlik cavab almadığını açıqlayıb. İddialarla bağlı qarşı tərəfin mövqeyi dərc olunmağa hazırdır.
Xəbər 438 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|