02.12.2025 11:06
Cənubi Qafqazda yeni siyasi xətt: Tbilisi hansı oyunu qurur?
Azərbaycan Prezidentinin Ermənistanla kommunikasiyalara qoyulan bütün maneələrin aradan qaldırılması ilə bağlı verdiyi göstəriş regionda paradoksal və gözlənilməz təsir doğurdu. Gürcüstan bu proses fonunda Azərbaycanla münasibətlərdə, xüsusilə iqtisadi sahədə yaranan geriləmələri ön plana çıxarmağa başladı.
Maraqlıdır ki, bu fikirləri Gürcüstan hökumətinə yaxın ekspertlərdən biri Ermənistanda keçirilən “Orbeli-2025” beynəlxalq analitik konfransında səsləndirdi. Onun sözlərinə görə, son 10 ildə Gürcüstanla Azərbaycan arasında mal dövriyyəsi 40% azalıb və Ermənistan ərazisindən Azərbaycanla Türkiyə arasında kommunikasiyanın açılması bu axının Gürcüstan üzərindən keçməsini əlavə 20% azalda bilər.
Bu neqativ tendensiyanı qeyd etməklə yanaşı, rəsmi Tbilisi problemi aradan qaldıracaq ideyalar təqdim etmək əvəzinə Azərbaycandan gedən yük maşınlarına qadağa tətbiq etdi. Sonradan bunun ümumi deyil, yalnız müəyyən məhsullara aid məhdudiyyət olduğu bildirildi. Ardınca yayıldı ki, guya ABŞ hökuməti Gürcüstan ərazisindən sanksiyalı məhsulların Rusiya və Belarusa daşınmasından narahatdır və buna görə yoxlamalar sərtləşdirilməlidir. Həmin dövrdə Ermənistan ərazisindən Gürcüstana keçən maşınların hərəkəti isə heç bir məhdudiyyətsiz davam edirdi. Halbuki ABŞ və Aİ sanksiyalarının pozulması məsələsində adətən Ermənistanın adı hallanırdı. Bu ölkə müəyyən razılıqlar əsasında sanksiyalı məhsulları Rusiyaya göndərib. Hətta bəzi mallar Ermənistan ərazisinə daxil olmadan, Ermənistan şirkətləri tərəfindən Gürcüstanda sənədləşdirilərək Rusiyaya ötürülüb.
Avropa İttifaqı yaxın zamanda açıqladı ki, Rusiyanın sanksiyaya düşən 3 milyard dollarlıq zərgərlik məhsulları Ermənistan vasitəsilə Aİ-yə daxil olub. Ermənistandan Rusiyaya gedən yüklərin böyük hissəsinin ABŞ və Aİ sanksiyalarını razılıqla pozaraq həyata keçirildiyi məlumdur. Ermənistanın Rusiya ilə əlaqəsi yalnız Gürcüstan üzərindən mümkündür. Azərbaycan isə Rusiya ilə quru, hava və dəniz yolu ilə birbaşa əlaqəyə malikdir. Belə olan halda Gürcüstanın bu məsələni bəhanə gətirməsi, əslində, prosesin siyasiləşdirildiyi təəssüratını yaradır.
Bundan əvvəl Ermənistandan gələn maşınlarla, xüsusilə erməni konyakı ilə bağlı Tbilisi sərt davranmışdı. Vaxtilə Azərbaycanın mövqeyinə uyğun olaraq Gürcüstan Ermənistana daxil olan bəzi məhsullara məhdudiyyətlər tətbiq edirdi. Yay aylarında sıxılmış qazın Gürcüstan ərazisindən Ermənistana keçməsinə xüsusi məhdudiyyət qoyulmuşdu. İndi isə vəziyyət dəyişir: Gürcüstan sanki Ermənistanın xoşuna gəlməyə çalışır.
Tbilisi hazırda Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanı ilə ciddi investisiya danışıqları aparır. BƏƏ ilə imzalanan müqavilə Gürcü Pravoslav Kilsəsini və yerli əhalinin bir hissəsini narazı salmasına baxmayaraq, Baş nazir İrakli Kobaxidze geri çəkilmək niyyətində deyil. Gürcüstan bir müddət Rusiyaya qarşı mövqe nümayiş etdirmək üçün Qərblə əlaqələri gücləndirdi və istədiyini əldə etdi. Ancaq Qərb yeni tələblər irəli sürdükdən sonra Tbilisi münasibətləri zəiflətdi və Çinə istiqamət aldı. Çinlə də gözlədiyini tam ala bilməyən Gürcüstan indi ərəb ölkələrinə yönəlib. Bu dövlətlərin hər biri eyni zamanda Azərbaycanın yaxın tərəfdaşlarıdır.
Ərəb şirkətlərinin Cənubi Qafqaza gəlməsi Azərbaycan üçün təhlükə deyil, əksinə, müəyyən hallarda müsbət nəticələr verə bilər. Lakin burada başqa məqam var: həmin ərəb ölkələri artıq uzun müddətdir Ermənistanla da əməkdaşlıq edən dövlətlərdir.
Gürcüstan eyni zamanda İsraillə iqtisadi əlaqələrini gücləndirməyə çalışır, qarşılıqlı səfərlər intensivləşib. Sonuncu dəfə Gürcüstanın xarici işlər naziri M.Boçorişvili İsraildə bir neçə nazir ilə görüşərək iqtisadiyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Maraqlıdır ki, Ermənistan da İsraillə iqtisadi əlaqələri inkişaf etdirmək üçün ayrıca strategiya hazırlayıb.
Nikol Paşinyanın Vatikanda Roma Papası ilə görüşməsi Aİ-nin regionda dini xətt üzrə apardığı bölgüçü siyasətin açıq formada nümayişi kimi görünür. Ardınca Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Vatikana səfər etdi və Roma Papası ilə görüşdü.
Bütün bu proseslər göstərir ki, regiondakı dəyişikliklər fonunda Azərbaycanın situasiyaya aktiv müdaxiləsi zəruri ola bilər.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq
Xəbər 110 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|