Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


01.11.2025  12:04 

20 il eyni kresloda, 13 il eyni rayonda... - Fotolar





A+  A-

Azərbaycan rayon idarəçiliyində çox nadir hallarda bir bölgəyə eyni şəxs beş ildən az müddətdə rəhbərlik edir. Adətən icra başçıları bir rayonda onilliklərlə “hakimi-mütləq” kimi qalırlar. Bu ənənənin ən səciyyəvi nümunələrindən biri də artıq 20 ildir icra başçısı vəzifəsini daşıyan, son 13 ili isə Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağayevdir.
Təcrübənin uzunömürlülüyü: Üstünlükmü, riskmi?

Qəzənfər Ağayevin bioqrafiyası maraqlı görünür. 1961-ci ildə Naxçıvanda anadan olub, iki ali təhsil alıb, dövlət və özəl sektorda müxtəlif mərhələlərdən keçib, Vergilər Nazirliyindən başlayaraq 2006-cı ildən bəri icra başçısı kimi fəaliyyət göstərir. Belə bir təcrübə şübhəsiz, idarəetmə mədəniyyəti formalaşdırır.

Ancaq dövlət idarəçiliyində təcrübə ilə tükənmə arasındakı xətt çox incədir. Eyni kresloda on illərlə oturmaq, istər-istəməz idarəetməni fərdi vərdişlərə bağlayır, qurumlar şəxsə uyğunlaşır. Nəticədə idarəçilik strukturundan çox, “rəhbərin üslubu” işləməyə başlayır. Bu isə dövlət idarəçiliyinin institusional əsaslarını zəiflədir.



Dəniz kənarında, amma dalğasız Astara...

Astara coğrafi cəhətdən ölkənin ən gözəl bölgələrindən biridir. Əhalinin etnik tərkibi də zəngindir: həm multikultural, həm də tolerantdırlar. Azərbaycanlılarla talışlar, sünnilərlə şiələr çox mehriban şəraitdə birgəyaşayışın bütün komponentlərinə əməl edirlər. İranla həmsərhədd olan, gömrük-sərhəd keçidinin zənginliyinə bürünən Astara Xəzərin sahili, subtropik iqlim, turizm və kənd təsərrüfatı potensialı ilə də fərqlənir. Lakin illərdir bu potensialdan gözlənilən nəticə alınmayıb. Əhalinin əsas hissəsi hələ də dolanışığını kənd təsərrüfatından təmin edir, gənclər isə iş tapmaq ümidi ilə paytaxta və ya xaricə, daha çox da Rusiyaya üz tutur.

Bölgədə iri istehsal müəssisələri yoxdur, yeni layihələr əsasən kosmetik xarakter daşıyır, yolların asfaltlanması, inzibati binaların təmiri, bir neçə parkın abadlaşdırılması... Bu işlər pis deyil, amma sistemli iqtisadi inkişafın göstəricisi də deyil.

13 il eyni idarəçinin rəhbərliyi altında olan rayonda sosial dinamikanın zəifləməsi, ictimai fəallığın azalması artıq hiss olunmaqdadır. Artıq astaralılar “yenilik gəlməyəcək” düşüncəsinə öyrəşib.



İdarəetmədə “lokal sabitlik” sindromu

Uzun illər eyni şəxsin rəhbərliyində olan bölgələrdə “lokal sabitlik” adlı bir paradoks yaranır. Rəhbərliklə yaxın olan azsaylı çevrə güclənir, varlanır, qərarların böyük hissəsi həmin çevrənin razılığı ilə formalaşır. Bu, həm ictimai etimadı zəiflədir, həm də sosial bərabərliyi pozur.

Məsələn, yerli sahibkarlar tender və layihələrdə iştirak edərkən çox vaxt qeyri-rəsmi münasibətlərə əsaslanmalı olurlar. Yeni təşəbbüslər, xüsusilə də gənclərin ideyaları çox zaman məmur eqosuna rast gəlir. Nəticədə bölgənin iqtisadi ritmi yavaşlayır, tənqidə isə dözümlü yanaşılmır.

Belə mühitdə vəzifə məsuliyyətindən çox şəxsi etibar sistemi formalaşır. Rəhbərin yaxın çevrəsi dəyişmədikcə, cəmiyyətin də ümidləri dəyişmir.



Dəyişiklik niyə vacibdir?

Astara kimi bölgələrdə yerli jurnalistikanın vəziyyəti də bu durğunluğu əks etdirir. Tənqidi yazılar ya yayımlanmır, ya da sosial mediada fərdi təşəbbüslərlə müşahidə olunur. İnsanlar da susmağa üstünlük verirlər, çünki dəyişiklik gözləmirlər.

Uzun illər eyni rəhbərlə işləyən idarələrdə “tənqid qorxusu” adlanan psixoloji baryer yaranır. İnsanlar məmurları tənqid etməkdən çəkinir, çünki illərlə formalaşmış münasibətlər sistemi var. Nəticədə ictimai nəzarət zəifləyir, problemlər illərlə yığılır, amma həll edilmir.

Rəhbərlikdə rotasiya təkcə formal dəyişiklik deyil, sistemin özünü təzələmək imkanını yaradır. Yeni icra başçısı ilə yanaşı, yeni baxış, yeni idarəçilik mədəniyyəti gəlir. Bu həm də hesabatlılıq prinsipini gücləndirir: məmur bilir ki, kreslo əbədi deyil, nəticə vacibdir.
Qəzənfər Ağayevin fəaliyyəti illərlə Astarada davam edən “idarəçilik sabitliyi”nin simvoludur. Amma sabitlik hər zaman inkişaf demək deyil axı. Əgər sabitlik dəyişiklik qorxusu ilə müşayiət olunursa, bu artıq durğunluqdur.



Astaranın 13 illik rəhbərliyi bir şəxsin həyatının bir hissəsi, amma bir rayonun taleyinin bütöv mərhələsidir. Dövlət idarəçiliyində fərdi uzunömürlülük sistemin çevikliyini azaldır, regionu isə dəyişiklikdən uzaqlaşdırır.

İcra başçısı kreslosu sınaq meydanıdır, taxt deyil çox hörmətli Qəzənfər Ağayev. Axı “imtina mədəniyyəti” deyilən bir nəsnə də var.

N.Oruclu
XəzərNews.az


Xəbər 2297 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +