10.09.2024 10:32
Şərq vilayətlərinin Türkiyəyə birləşməsinə nail olan azərbaycanlılar - Hacı Əli Əkbər Tufan
Keçmiş İrəvan (İrəvan və Naxçıvan xanlıqları) və Qars quberniyalarının sakinləri olan azərbaycanlılar Türkiyədə siyasi partiya quruculuğuna töhfə vermiş, daha doğrusu, Difai və Müsavatın yerli filialları buralarda siyasi fəaliyyətin ilk işartıları olmuşdu. Eyni şəxslər sonralar CHP-nin, daha sonralar qurulacaq yeni partiyaların həmin bölgələrdə ilk üzvləri və yerli təşkilat sədrləri olmuş, beləliklə, hazırda Türkiyənin şərq bölgələrində siyasi iştirakçılıq mədəniyyəti gətirmişlər. Məhz azərbaycanlılar həmin bölgələrdə ilk vətəndaş cəmiyyəti, insan haqları, qadın haqları təşkilatları qurmuşlar.
Onların xidməti yalnız bununla da bitmir. Türkiyənin şərq vilayətləri - indiki Qars, İğdır, Ağrı, Ərdəhan, müəyyən qədər Ərzurum və Çorum vilayətləri uğrunda Ermənistan, Rusiya, Gürcüstan, müəyyən qədər də İran illər uzunu Osmanlı, sonra Türkiyə Respublikasına qarşı amansız müharibələr aparmış, davamlı təxribatlar törətmişdilər.
Osmanlının I Dünya savaşından məğlub kimi çıxması səbəbindən ordunun lazımi gücü olmadığından yerli əhalinin mübarizəsinin, siyasi baxımdan təşkilatlanmasının, özünü müdafiə gücləri təşkil etməsinin, ən əsası, gələcək taleyini görmək istədiyi dövlətlə bağlı tərəddüdsüz seçimlərinin həmin ərazilərin taleyində müstəsna rolu vardı.
O bölgələrin taleyini yalnız nizami ordunun gücü həll etməmişdi, o bölgələrin daşnak və ya Sovet Ermənistanın deyil, Türkiyədə olması məhz azərbaycanlıların uzun müddətli siyasi və hərbi mübarizəsi və tərəddüdsüz seçimlərinin nəticəsidir. Üstəlik, o ərazilərə İran da iddia edirdi, Rusiyanın vədləri ilə həmin ərazilərdə və Osmanlının qonşu şərq vilayətlərində kürd dövləti qurmaq həvəsinin önünün kəsilməsində də bu bölgələrin azərbaycanlı əhalisinin misilsiz xidmətləri olmuşdu. Həm də bu işi əksər hallarda qansız- qadasız, danışıqlar, inandırma yolu ilə həll etmişdilər. Yeri gəlmişkən, İran yarımrəsmi KİV-ləri bu gün də həmin ərazilərin, xüsusən İğdır və Aralıq vilayətlərinin itiriləməsinin “acı xatirələrini” paylaşır, Rza Şahı o əraziləri İrana qaytara bilmədiyi üçün lənətləyirlər.
İrəvan xanlığının tərkibində 1828-ci ildən Rusiya imperiyasının işğalı altında qalan İğdır 1917-ci ilin fevralında Rusiyada çarın devrilməsindən sonra keçmiş İrəvan xanlığı ərazisində erməni dövlətinin yaradılması cəhdləri fonunda hakimiyyət boşluğu ilə üzləşdi.
İşğal dövründə İğdır şəhərinin inzibati mərkəzi olduğu Sürməli qəzası (Сурмалинский уезд) Rusiya imperiyasının İrəvan quberniyasının inzibati ərazi vahidi idi. 1917-ci ilin yazında qəza özbaşına qalmışdı, Çar Rusiyası periferiyalarına nəzarət edə bilmir, erməni və kürd kartları ilə oynamaqla bölgədə mövcudluğunu saxlamağa çalışırdı. Belə bir zamanda İğdırın öndə olan, tanınmış simaları doğma yurdlarının taleyinə çarə axtarmağa başladılar. 2-3 il ərzində iğdırlılar müstəqillik və azadlıq yolunda tarixdə iz qoyan ictimai-siyasi fəallıq, misilsiz siyasi mübarizə nümunəsi göstərmişdilər. Əvvəlcə - 1917-ci il mayın 10-da 5 azəri-türkdən və 5 ermənidən ibarət İğdır İcra Komitəsi yaradılır, sonra komitə İğdır Milli Hökumətinə (Cümhuriyyətinə) çevrilir və daha sonra onun bazasında Araz Türk Hökuməti qurulur...
Sürməli - Araz çayının sağ sahilində, Qafqazın cənub-qərbində İğdırın yerləşdiyi ovalığın (vadi) və xarabalığı qalmış bir kəndin adıdır. “Surb Mari Araz çayının sahilində, ovlalığın şərqində Ağrı dağına hakim bir nöqtədə qayalıq zəmin üzərində qurulmuşdu. Bizans mənbələrində bura Hagia Maria – Müqəddəs Məryəm olaraq keçir. Erməni mənbələrində bu yer yunancadan “Surb Mari” kimi tərcümə edilib” (R.Grousset, Histoire de L`Armenie, Paris 1947, 151). Ərəb tarixçisi İbn əl-Əzrak , əl-Hüseyni və İbn-əl Əsirdə şəhər Surmari/ Sürmari adlanır (İbn əl-Əzrak, Meyyafarikin ve Amid Tarihi, çvr. A.Savran, Erzurum 1992, 140; əl-Hüseyni, “El-Ahbarüd-Devleti`s Selçukiyye, çvr. N.Lügal, Ankara 1943, 24.). Şəhər Araz ovalığında yerləşdiyi üçün Sürməli çuxuru da adlandırılır.
Tarixçi-yazar, professor Ənvər Konukçu yazır ki, “Surmari öncə türkmanlar, sonralar qaraqoyunlular tərəfindən Sürməliyə çevrilmişdir. Bunun türkcədəki “sürmə” və “sürməli” sözləri ilə nə kimi əlaqəsi olması ayrıca araşdırmaya möhtacdır” (Enver Konukçu. Araz boyunda bir ortaçağ şehri: Sürmeli. Türklük Araştırmaları Dergisi - 12 Eylül, 2002, s.188).
İğdır vadisinin Arazın cənubundakı hissəsi Sürməli çuxuru, şimalda, Ermənistan tərəfdə qalan hissəsi Səhət çuxuru da adlanır. Burda türkiyəli tədiqatçıların nəzərindən qaçan bir nüansa da toxunmaq lazımdır - “çuxur” sözü Azərbaycan dilində bəzən ərazi vahidi (vilayət) mənası da daşıyıb - Naxçıvan çuxuru, Göyçə çuxuru, İrəvan çuxuru, Çuxursəəd toponimlərində bu məna önə çıxır.
İğdırın yetişdirdiyi məşhur araşdırmaçı-yazar, Azərbaycan-İğdır sevdalısı, bu il avqustun 1-də 87 yaşında dünyasını dəyişən Nizaməddin Onk “Qafqazdan Anadoluya İğdır tarixi” kitabında İğdır ziyalılarının, bölgənin öndə gələn simalarının XIX əsrin sonu - XX əsrin əvvəllərində bir vətənsevər, millət və din təəssübkeşi kimi bölgənin taleyində oynadıqları mühüm rolu, Rusiya, Türkiyə və Azərbaycan arasında qalan Arazboyu ovalıqda dövrün dramatik hadisələrini detallı, hadisələrin iştirakçıları və şahidlərinin dili ilə əks etdirib:
“Erməni məsələsində uğursuzluğu rusları Türkiyə üzərində başqa oyun aramağa sövq etdi. Bu dəfə Kürdüstan təbliğatı və çalışmalarına üz tutdular. Bədirxanilərdən Əbdürrəzaq bəyi tərəflərinə çəkərək quracaqları dövlətin baş nazirliyi vəzifəsini vəd etdilər. Əbdürrəzzaq bəyi pasportla Vana göndərdilər. Şərqi Anadoluda bu adam dərhal kürd ağaları ilə təmas qurub, Bitlis, Muş, Siirt və bəzi vilayətlərdə ağalarla toplantı keçirdi. Bunu gec anlayan Türkiyə hökuməti bu hərakatı yatırtdı. Başda Şeyx Səbahəddin və Seyid Əli olmaq üzrə 22 ağa “Divan-i Harb”a (Hərbi məhkəmə) verilərək edam etdirildi”.
N.Onk yazır ki, Rusiyanın Şərqi Anadoluda Kürdüstan qurmaq fəaliyyəti İğdır və İrəvan bölgələrində xəbər tutan kimi kürdlərlə iç-içə yaşayan, onlarla dost, kirvə, qohum olan Arazboyunun türk-azərbaycanlı liderləri hərəkətə keçmişdilər. İğdırın Osmanlının həmhüdud Şərqi Bəyazid, Diyadin, Musun, Taşlıçay kimi bölgələrlə əlaqələri vardı. İğdırda azərbaycanlı türklərlə kürd liderləri bir arada geniş toplantı keçirməyi uyğun saydılar. Şəhər mərkəzində - İğdır Mavalı məhəlləsində etibarlı yer müəyyən etdilər, burada tacir Məşhədi Abbasın böyük evini hazırladılar (Nizamettin Onk. “Kafkasyadan Anadoluya İğdır tarihi”, 2006, s.134)
Kitabda bu tarixi hadisə İğdır İcra Komitəsinin təşəbbüsçüsü və qurucusu, İğdır Milli Hökumətinin başçısı Hacı Əli Əkbər Tufanın dilindən nəql olunur. İğdıra bitişik, tamamilə azərbaycanlılardan ibarət Mələkli kəndinin nüfuzlu Ramazanoğlu ailəsindən olan, İrəvan gimnaziyasının məzunu, əvvəl Difai Partiyası və “İttihadi-İslam” cəmiyyətinin İğdır nümayəndəsi, daha sonra Müsavat Partiyasının İrəvan nümayəndəsi olan Hacı Əli Əkbər Tufan (1870-1970) dövrünün görkəmli siyasətçisi olub və oynadığı tarixi rol, gördüyü işlər yetərincə dəyərləndirilməyib.
Əli Əkbər Tufan (Ramazanoğlu) haqda qısa məlumat
1870-ci ildə İğdırn Mələkli kəndində Ramazanoğulları ailəsində dünyaya gəlib. Bölgədə "Ramazanoğlu" (Mələkli) adı ilə tanınan böyük bir ailəyə mənsubdur. İrəvan Rus Gimnaziyasının məzunudur, 100 yaşında vəfat edib. Nəslin varislərindən olan Türk -Yapon Dostluq Cəmiyyətinin sədri, professor Nejat Bora Sayanla layihə çərçivəsində aldığımz müsahibədə qeyd edir ki, böyük nəsil olan Ramazanoğulları 1930-cu illərdə soyad qanunundan sonra Sayan və Tufan soyadlarını götürmüşlər.
Birinci Dünya Müharibəsi illərində Əli Əkbər Ramazanoğlu Cəmiyyəti-Xeyriyyənin İğdır təmsilçisi olaraq, Balkan müharibəsi və 1893-cü il müharibəsindən geri dönən türk əsgərlərinə yardım təşkil edilməsində xüsusi rol oynamışdı.
Rusiyada çarizmin süqutundan sonra yaranan hakimiyyət boşluğuna görə o, doğulduğu İğdıra qayıdıb Rəsulzadə ilə eyni vaxtda işləməyə başladı və İğdırda müsəlman xalqı təşkil edərək İğdır İcraiyyə Komitəsini qurdu.
Qafqazdan keçən nizami ordu üçün maddi yardımın toplanması işini təşkil etmişdi. Vilson Prinsipləri adına bölgəyə gələn Amerika Baş Qərargah rəisi general Ceyms Harbord, Əli Əkber Tufan ilə bölgəni gəzərək Müttəfiqlərə;
O, “Böyük Ermənistan deyilən yerdə heç bir erməni görə bilmədim” xəbərini verdi. Bu vəziyyət Lozanna Sülh Müqaviləsi prosesi zamanı İğdırın Türkiyə sərhədləri daxilində qalması üçün böyük əhəmiyyət kəsb edir .
Müharibə əsnasında müxtəlif səbəblərdən ata, ana və qızını itirən Əli Əkbər Tufan Sürmeli bölgəsinin Türk Ocağının qurulmasından sonra başlatdığı “əhali mübadilə”si ilə İğdıra köçən insanların qayğısına qalır. Türkiyədə ilk bələdiyyə sədrlərindən biri, bir çox siyasi partiyanın qurulmasında öncülük etmişdi.
13 noyabr 1970-ci ildə 100 yaşında vəfat edən Əli Əkbər Tufan bugünkü Mələkli-Çaybaşı ailə qəbiristanlığında məqbərədə dəfn edilib.
Ermənilərin Bakıya hücumundan sonra İğdır erməniləri hökumətdən istefa verdilər, daha sonra İğdırın mərkəzindəki hökumət malikanəsi 4000 əhalisi olan Mələkliyə köçürülərək İğdır Milli Cümhuriyyətinə çevrildi. Bura İğdır, Tuzluca, Basın, Şərur, Doğu Beyazıt, Vedibasar, Serdarabad daxildir və paytaxtı Melekli elan edilib.
Qafqazdakı türk xalqını silahlandırmaq üçün keçirilən gizli Tiflis Türk Qurultayına qatılan Əli Əkbər Tufan, Rəsulzadənin köməyi ilə İğdır Milli Hökumət birliklərinin daşnak quldur dəstələrinə qarşı müdafiəsini təmin edən silah təchizatını əldə etdi.
İrəvan gimnaziyasında uşaqlıq dostu, İğdırdan olan general, Erməni İnqilabi Federasiyasının (Daşnaksütyun) lideri Drastamat Kanayan “general Dro” ilə döyüşən iki icmanın lideri kimi üz-üzə gəliblər. Melekli-Kireler müharibəsində general Dro Əli Əkbər Tufan tərəfindən məğlub edildi.
Əli Əkbər Tufan milli mübarizə zamanı bölgədə qurulan Araz Türk Cümhuriyyəti, Cənub-Qərbi Qafqaz Müvəqqəti Hökumətinin qurucuları arasında idi.
1920-ci ilin iyununda şiddətlənən erməni hücumlarına qarşı Erhacı bölgəsinə geri çəkilməyə qərar verən Əli Əkbər "12 noyabr 1920-ci il İğdırın Qurtuluş Günü"ndə bölgəyə çatan Kazım Karabəkirin komandanlığında Türk Ordusuna dəstək verdi. 10 mindən çox milis qüvvəsi ilə Araz çayı boyunca mövqe tutan Erməni qüvvələrinə qarşı hücuma keçdi.
Əli Əkbər Tufanın milli-siyasi baxışları Məhəmməd Əmin Rəsulzadə ilə üst-üstə düşürdü, İğdıra qayıtdıqdan sonra onunla əlaqələrini davam etdirirdi. Eyni zamanda mövcud geosiyasi reallıqda İğdırın nicatını Türkiyədə görürdü. N.Onk hesab edir ki, İğdır İcra Komitəsinin qurulması da Türkiyə Ordusunun İğdıra yetişməsinə kömək göstərməklə bağlı idi.
“Bir yaz axşamı tacir Məşhədi Abbasın (Vurğun) evi qonağları qarşılamağa başladı. “Sünnət şənliyi var!” sözü yazılmışdı. Mən və Hacı Mirzə (İədır-Mavalından) gələnləri geniş otağa aparırdıq. Cəmiyyəti-Xeyriyyə sədri irəvanlı Əhməd bəy, naxçıvanlı Behçət bəy, Hüseyn Zəngi (Zəngibasar) uzaqdan gəlmişdilər. İğdırdan qaraqoyunlu (İğdırın nahiyəsi ) Abbas Qulu bəy, Muxtar bəy (Sultanabadlı), Səfi bəy (Öcal), İsmayıl bəy (Küllük), Məşhədi Bilal (Aralık qəzası,Toksöz kəndi) ilə Əsəd Quluzadə (Ramazan, şəhər əhalisindən), xatırlı kürd ağalarından Həmid bəy (Abdi bəy oğlu), Hacı Tahir (Adətli kəndi), Əli Mirzə bəy (Yigit), Əli oğlu Tayfur (Birikanlı) öndə gələn qonaqlardı.
İğdır Mavalı məhəlləsində ermənilərin məskunlaşmadığından əmin idik. Qaranlıq tam düşüncə şərq tərəfdən qonaqlar gəldilər. Hər kəs toplanınca çay, şərbət verildi. Söhbət Osmanlı dövlətinin bugünkü vəziyyətinin izahı ilə başladı. Rusiyanın zəifliyi müəyyən olduğundan Türkiyəyə yaxınlaşmaqdan çox da qorxmurduq. İğdır, İrəvan, Naxçıvan torpaqlarının Türkiyəyə qovuşmasını, Türkiyə ordusundan istəyimizi qərarlaşdırdıq.
Kürd xalqına xəbərdarlıq edilməsi, Türkiyə içində üsyan çıxarılmaması üçün dostlarımız ağalarla görüşməyimiz təklif edildi. Bu işin yerinə yetirilməsi üçün mən, tacir Məşhədi Abbas və Hacı Tahir seçildik. O gün obaşdanadək sürən toplantımızın əsas mövzusu bu idi. Beləcə biz inancı, qanı, canı bir olan türk-kürd ayrı-seçkiliyi bilməyən dost-qardaş insanlar əl-ələ idik. İki gün sonra üç nəfər İğdırın Çilli Gədiyi üzərindən Şərqi Bəyazidə (Osmanlı dövləti) keçdik. Tanınmış, sözü keçən kürd ağası Abdülvahab bəyin qonağı olduq. Düşüncəmizi ona açınca, o da eyni fikirdə olduğunu bildirdi. O gecə bir çox ağanın dəvət edildiyi bu şəxsin evində Rusiyanın Türkiyə əleyhinə məkrli düşmənliyindən danışdıq. Hər kəs Türkiyə lehində fikirlərini söylədi, Rusiyanın oynuna gəlinməməsinin vacibliyini bildirdi. İlk məqsəd Rusiyanın təbliğatının qarşısını almaq idi. Böyük məsrəf və qeyrətlə bu şəxsiyyətli ağalarla rus oyunlarını qabaqlamış olduq.
15 minlik Şərqi Bəyazid (indi Ağrı vilayəti) əhalisinin 65%-i İğdır, İrəvan, Təbriz azərbaycanlılarından, 35%-i kürdlərdən və yerlilərdən ibarət idi. Bəyazid və Diyadin kəndlərində kürdlər çoxluq idi. Taşlıçay və kəndlərinin əksəriyyətində əhalisi Azərbaycan əsilli idi. Eleşkirtdə də yerli türklər və yeni yerləşən türklər olduqca çoxdu.
İğdır müdafiənin təşkili üçün də ruslara qarşı Şərqi Bəyaziddən silah təmin edə bilirdi. İğdırın Qaraqoyunlu nahiyəsinin Əlican kəndindən Mahmud Emra bunu belə anladırdı:
“Şərqi Bəyaziddə qəhvəxana açmışdıq. Bir ildən artıq dostum, kəndimizdən İsmayıl Dəniz ilə çalışırdıq. Bir gün bu işi tərk edərək əlimdəki pulları verib 6 dənə “beşaçılan” silah aldım. İğdıra getməkdə olan yerli bir erməninin arabasında otların altında yerləşdirdim. O bilmədi, amma İğdıra aparmağı bacardım” ( “Kafkasyadan Anadoluya İğdır tarihi”, 2006, s.135).
N. Onk yazır ki, Türkiyənin Balkan savaşında acı məğlubiyyətindən sonra İğdırdan başlayan “Balkan fəlakəti qurbanlarına yardım kampaniyası” Arazboyu, Azərbaycan və Qafqazda geniş yayıldı. 1913-cü ildə Qarsdakı Türk konsulluğunda Qırmızı Aypara (Hilali-Əhmər) ianə sandığı quruldu. İğdır, İrəvan, Naxçıvan bölgələrindən toplanan hər evbaşına bir qızıl buraya göndərilirdi. Qarsda bu işlərin başında Fəxrəddin Ərdoğan vardı. Kağızmandan, Sarıqamışdan toplanan pulları da gizli yollarla Türkiyəyə çatdırırdılar.
Bakıdakı “Cəmiyyəti-Xeyriyyə”nin (Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü nəticəsində 1905-ci ildə yaradılmış "Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti"nin) İğdır, İrəvan, Naxçıvan və Tiflisdə şöbələri açılmışdı. İrəvanda “Cəmiyyəti-Xeyriyyə”nin başçısı Əhməd bəy idi. İğdır “Cəmiyyəti-Xeyriyyə”sinin (başqa adı Qardaş Köməyi) başçısı Əkbər Ramazan (Hacı Əkbər Tufan Mələkli) idi. Tacir Məşhədi Abbas (İğdır Mavalı), Abbas Qulu Bəy (Qaraqoyunlu), Məşhədi Bilal (Aralıq) cəmiyyətin idarə heyətində idi.
Bakıdakı “Cəmiyyəti-Xeyriyyə”nin toplantı yeri “İsmailiyyə” binası idi. Balkan fəlakəti ilə bağlı Türkiyəyə ilk yardımı Hacı Zeynalabidin Tağıyev yarım milyon lirə məbləğində vermişdi.
Digər azərbaycanlı varlıların yardımları da hərəyə bir milyondan aşağı deyildi. Varlı azərbaycanlıların xanımları da yardımlara qatılırdılar. Belə bahalı ərmağanlar edənlərin başında Tağıyevin həyat yoldaşı Sona xanım, Şəmsi Əsədullayev və Əlimərdan bəy Topçubaşovun xanımları vardı. Bütün yardımlar Bakıda yeddimərtəbəli, ay-ulduzlu bayrağın dalğalandığı Türk konssulluğuna verilirdi.
Layihə çərçivəsində görüşdüyümüz TADİV (Türkiyə -Azərbaycan Dostluq və Həmrəylik Vəqfi) əməkdaşı, Əli Əkbər Tufanın adını daşıyan nəvəsi qeyd edir ki, Trabzondan İğdıraradək türk-müsəlman əhalinin qorunub saxlanması Cəmiyyəti Xeyriyyənin yardımları sayəsində mümkün olmuşdu.
Balkan müharibəsi davam edərkən Qafqazda İbrahim Cahangiroğlu, Həsən Cahangiroğlu hərə bir batalyonla yardıma gəlmişlərdi.
1914-cü ildə I Dünya müharibəsi başlarkən Türkiyə lehinə çalışanları, türkçüləri yaxalayıb sürgün edən Rusiya İğdırı da gözdən qaçırmırdı. Məsələn, 1932-ci ildə Taşburun kəndinə yerləşən Mehmet Tağı Qarasu (İrəvanın Qarxun kəndi, Hacı Bəşir Karasunun atası) Sibirə sürgün edilən yüzlərlə türk-azərbaycanlıdan biri idi (həmin kitab, 2006, s.138-139).
I Dünya müharibəsi və Osmanlının Qafqaz cəbhəsi açması İğdır bölgəsinin taleyində həlledici rol oynadı. İğdır ziyalıları müharibə başlayandan Rusiyanın Türkiyənin şərqində qoşun yığdığını müşahidə edirdilər.
“Üç ordu korpusundan və bir çox hərbi birliklərdən ibarət Rusiya qüvvələrinin əsas mərkəzi Sarıqamış (Qars) idi. Batumi və İğdırda müdafiə və hərbi yardım birlikləri vardı. Əksəriyyəti süvari olan İğdır gücü ilə Sarıqamışın əlaqəsini saxlamaq üzrə Kağızmanda bir hərbi birlik saxlanılırdı. Bu hərbi qüvvələr bütünlükdə 110 piyada taboru (batolyon), 175 süvari bölüyü və 300 topdan ibarət idi.
Almanların tövsiyəsi ilə Qafqazda rus hərbi birliklərini üzərinə çəkməli olan türk ordusu 100 min əsgərdi. İstanbul boğazlarından sonra ən çox hərbçisi olan 3-cü Ordu bunu bacarardısa, Qafqazı alıb İran üzərindən Mərkəzi Asiyaya keçməli idi.
Bu hadisənı Hacı Əkbər Tufan belə nəql edib:
“Xəbər gəldi ki, rus birlikləri sərhədi keçib türk hərbi birliklərinə zərər verir, xalqı qətl edirlər. Dərhal Mələklidə gizli bir toplantı keçirdik. Hansı rus birliyinin hansı komandirlərin əmrində nələri, kimləri necə vurduğunun və bu ciddi basqınların mərkəzi hökumətin bilib-bilmədiyinin araşdırılmasına qərar verdik. Əvvəlcədən kəndlərdə gizli təşkilatlar qurub silahlandırdığımız kiçik vurdu-qaçdı xalq qüvvələrini fəaliyyətə keçirdik. Şərqi Bəyaziddəki Türkiyənin hərbi hissələrindən silah əldə etmək üçün adamlar göndərdik... 1914-cü ilin payız günləri idi. Öyrəndik ki, polkovnik Primovun hərbi birlikləri sərhədi keçərək türk kəndlərinə hücum edir. Bəyazid çevrəsindəki polkovnik Becanbəyov, Eleşkird bölgəsində də erməni əsilli Gurdqazo çetəsi qətliamlar törədirdilər. Bu birlikləri arxadan vuraraq zərrərsiz hala gətirdik. Ayrıca başda özüm olmaqla, tacir Məşhədi Abbas, Abbas Əli (Novruzzadə), küllüklü İsmayıl bəy, Nəsib bəydən (Ciftlik) ibarət beş nəfərlik heyət İrəvan və Tiflisdə təmaslara girərək hər üç cani komandiri Rusiyanın başqa yerinə göndərilməsinə nail olduq”.
Ruslar İğdırın Türkiyəyə yaxınlığını hesablayaraq xalqın üsyana qalxmasını istəmirdilər. O günlər böyük işlər görən türk gizli qurumlarından çox qorxurdular. İğdır çevrəsinə göndərilən rus birlikləri və komandirləri daha mötədil davranaraq hədlərini aşmadılar.
1914-cü il noyabrın 1-də rus ordusu Türkiyəyə rəsmən hücum etdi. İğdır üzərindən Çilli Gədiyi və Musun Gədiyindən keçərək Karaköşə (Ağrı) girdilər. Tahir Gədiyi yolu ilə Xorasana girdilər. 4 gün sürən döyüşdən sonra ruslar çəkilib getdilər. Bunu xəbər alan İğdır və İrəvan xalqı çox sevindi. Milli duyğunun eyforiya yaşadığı günlərdə Şərqi Bəyaziddəki türk qüvvələri ilə birgə hərəkət edilərək gecə sərhəd zastavaları yox edildi “Kafkasyadan Anadoluya İğdır tarihi”, 2006, s.142).
C.Quliyev
P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihə çərçivəsində dərc olunub.
P.P.S Türkcə mətnlər Q. Bayramov tərəfindən çevrilmişdir.
Xəbər 3416 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|