20.02.2024 16:54
Qızını döyməyənin dizini döyməyi yersizdir - Qalib İbrahimoğlu
156 nömrəli məktəbin XI sinif şagirdinin IX sinifdən məzun olan qıza qarşı tərbiyəsizliyi (“qeyri-etik hərəkət” bu addımın yanında ən mədəni sözdür) cəzasız qalmayacaq. Belə ki, artıq Daxili İşlər Nazirliyinin mətbuat xidməti əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldığnı və istintaq hərəkətlərinin davam etdirildiyini bildirib.
Bundan başqa, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində məktəblilərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza mexanizmlərinin yaradılması nəzərdə tutulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, belə hadislər baş verdikdə tədbirlər görülməsi vacibdir, valideynlər isə bu məsələdə daha diqqətli və həssas olmalıdırlar.
Bəli, valideynlər daha diqqətli və həssas olmalıdırlar. Necə ki, hələlik sonuncu sayılan bu hadisədə həmcinsinə qarşı tərbiyəsizlik edən qızın valideynləri bunu etməyiblər. Əminəm ki, etsəydilər, indi qızlarının adı belə tərbiyəsizlikdə hallanmaz, onlar da bundan xəcalət çəkməzdilər.
Baş verənlərdə məktəbi qınayanlar da az deyil. Amma bu hadisədə məktəbi günahlandırmaq yersizdir. Bilirik, müəllimlərin əksəriyyəti məktəbə gün keçirmək üçün gedir. Qadın müəllimlər serialları müzakirə edir, kişi müəllimlər futboldan danışırlar. Sonra da elə məktəbin sinif otağından repetitorluq üçün istifadə edirlər. Bu, başqa mövzu.
Başa düşürük, məktəb təhsillə yanaşı şagirdlərə təlim-tərbiyə də verməlidir. Amma müəllimin şagirdin dərs oxumamasıyla bağlı valideyninə şikayətinə qarşı tərəf etinassız yanaşırsa, müəllim neynəməlidir? Uşağı döyməlidir? Döymək nədi, indi müəllimin uşağa “gözün üstə qaşın qaradır” deməyə ixtiyarı çatmır. Deyər, uşaq birinin də üstünə beşini əlavə edib anasına çatdırar. Məktəbin yolunu tanımayan həmin ana da uşağının gül üzünə “püf” edildiyindən xalayla, nənəylə birlikdə direktorun qapısını təpiklə açarlar. Üstəlik, direktoru, müəllimi təhqir videosunu çəkib sosial şəbəkədə paylaşar, içi biz qarışıq bütün mətbuat da bundan xəbər düzəldib yayımlayarıq.
Heç kəs bu situasiyada “valideynin başı çörək pulu qazanmağa qarışıb” sözləriylə məni kövrəldib, valideyni sığortalamasın. Bəyəm başqalarına kimsə pulu podnosda üstünə də qırmızı dəsmal örtüb gətirir. Hamı işləyir, hamı ailəsinə cörək pulunu əziyyətlə aparır. Amma bu, heç bir valideynə övladının tərbiyəsiylə, təhsiliylə maraqlanmamağa haqq qazandırmır. Bəyəm bu valideynin həftədə heç olmasa, bir gün istirahəti yoxdu? O istirahət gününün çox demirəm, yarım saatını övladına həsr etmək olar. Yoxsa, atanın divanda uzanıb telefonla qurdalanmağı, ananın mətbəxdə tort yeyə-yeyə seriala baxmağı, yaxud telefonda kiminsə qeybətini etməsi uşağa tərbiyə verəcək?
Bəyəm ana qızının dərsə saçının göy qurşağı kimi rəngli halda, dırnaqları it caynağı kimi getdiyini görmür? Vaxtında övladına “olmaz” kəlməsini deməməyin nəticələridir bunlar.
Qızını döyməyənin dizini döydüyünü çox görmüşük...
Qalib İbrahimoğlu
Bakıvaxtı.az
Xəbər 1660 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|