28.11.2022 17:50
Naxçıvandan seçilən deputatlar niyə susur?
Naxçıvan Dövlət Gömrük Komitəsində aparılan yoxlamalar ictimaiyyətin diqqət mərkəzindədir. DTX-nın muxtar respublikada yüksək vəzifə tutan iki nəfəri saxlamasından sonra bütün gözlər Naxçıvana dikilib.
Hazırda hadisələrin inkişafını proqnozlaşdırmaq çətin olsa da, cəzalandırılacaq rəsmi şəxslərin sayının artacağı heç kimdə şübhə doğurmur.
DTX-nın muxtar respublikada keçirdiyi əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rafael Əliyev və DGK-nın tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin müdiri Mənsur Əsgərov saxlanılıb.
Diqqətçəkən məqam isə odur ki, Naxçıvandan seçilən və həmişə siyasi fəallığı ilə diqqət mərkəzində olan deputatlar ciddi cəhdlə və ən müxtəlif bəhanələrlə bu hadisələrə münasibət bildirməkdən yayınırlar. Dəfələrlə Naxçıvandan seçilən deputatlarla əlaqə saxlamağa çalışsaq da, bütün cəhdlərimiz nəticəsiz qalıb. Eldar İbrahimov, Siyavuş Novruzov, İsa Həbibbəyli, Səttar Möhbalıyev, Ülviyyə Həmzəyeva, Cəbi Quliyev bu mövzuda danışmaqdan yayınırlar. Məsələn, S.Novruzov bu gün onu arayan jurnalistə belə cavab verib: “Mən iclasda idim, məlumatım yoxdur”. Modern.az saytının əməkdaşı Siyavuş Novruzova prosesin bir neçə gün əvvəldən başladığını xatırladanda isə cavabı belə olub: “Əvvəldən də xaricdə idim, heç nədən xəbərim yoxdur”.
Azərbaycan Respublikası Milli Məclisinə Naxçıvandan seçilən digər deputatlarla - Vasif Talıbov, Eldar İbrahimov, İsa Həbibbəyli, Səttar Möhbalıyev, Ülviyyə Həmzəyeva və Cəbi Quliyevlə də bu günə kimi əlaqə saxlamaq mümkün olmayıb.
Hətta ölkənin digər bölgələrini təmsil edən millət vəkilləri də Naxçıvanda baş verən hadisələr barədə danışmağa həvəs göstərmirlər. Yalnız bir nəfər - Milli Məclisin Bakıdan olan deputatı Etibar Əliyev prinsipial mövqe nümayiş etdirərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu istefaya səsləyib.
Naxçıvandan seçilən deputatların susqunluğu nə vaxta qədər davam edəcək?
Müşahidəçilər hesab edirlər ki, Naxçıvanı təmsil edən millət vəkillərinin tərəddüdünə səbəb muxtar respublikanın ətrafında qeyri-müəyyən vəziyyətin yaranmasıdır.
Vasif Talıbovun mövqeləri xeyli zəifləsə də, onun tamamilə sıradan çıxarılıb-çıxarılmayacağı hələlik bəlli deyil. Obrazlı desək, “Talıbov xofu” onların canında hələ də qalıb. Vasif Talıbovun vəzifəsini itirəcəyi təqdirdə indi gözləmə mövqeyində dayanan bu adamların ona qənim kəsiləcəyi şübhə doğurmur./Yenisabah.az
Xəbər 815 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|