Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


20.02.2017  12:32 

İrana qarşı böyük ittifaq: böyük müharibə olacaqmı?





A+  A-

Yerli medianın gündəmi yenidən İran-Amerika müharibəsidir. Hər gün bu mövzuda hansısa açıqlama, xəbər və ya şərhlər yayılır. Şəxsi müşahidələrimə əsasən, Qərb mətbuatında, eləcə də İran mediasında və İranın ən böyük qonşusu olan Türkiyədə media bu mövzuya bizim qədər diqqət yetirmir.
Əslində Azərbaycan mediasının bu mövzuya daha çox diqqət ayırması, həssas yanaşması başadüşüləndir. Azərbaycan Respublikasından daha böyük ərazilərə malik Azərbaycan adlanan ərazilər İran sərhədləri daxilindədir, ən ehtiyatlı rəqəmlərə görə 20 milyon Azərbaycan türkü İran vətəndaşıdır. 660 kilometrdən çox sərhədimiz var İranla. Olası (əgər olarsa) müharibənin ən böyük təsiri hər baxımdan Azərbaycana olacaq. Bura sərhədin o tayında müharibə, humanitar fəlakət, bu taya gələn qaçqınlar ordusu, ərazimizə “yanlışlıqla” raketlərin düşməsi təhlükələri də daxil ediləndə narahatlıq üçün ciddi əsasımız vardır. Bunu kimsə inkar edə bilməz.


Ancaq düşünürük ki, indi əsas sual müharibənin gətirəcəyi təhlükələrdən öncə, bu savaşın olması ehtimalları ilə bağlıdır. ABŞ Yaxın Şərqin ən güclü ölkələrindən olan İranla savaşa girəcəkmi? Belə bir müharibə nə qədər mümkün ehtimaldır, Vaşinqtonun yeni administrasiyası buna gedərmi? Bu savaş olarsa nəticəsi nə olar və sair kimi suallar indi daha çox müzakirə olunur.


Bu müharibəni kim istəyir və nə qədər realdır? Obama dönəmi göstərdi ki, amerikalılar üçün İranla müharibə qaçılmaz deyil. Hətta istədikləri zaman bir araya gəlib bir masa arxasında əyləşib müzakirə də apara, anlaşa da bilirlər. Ancaq indi Tramp və respublikaçılar hakimiyyətdədir. Deməli, həm də yeni mühafizəkarlar fikir olaraq iqtidardadır, onlara isə hər zaman güclü düşmən lazımdır. Son zamanlar bəzi Amerika mediasında İranla müharibə haqqında yazıların yayınlanması da göstərir ki, okeanın o tayında da bu savaşa həvəsli olanlar var. Eyni zamanda ABŞ-ın güclü regional müttəfiqləri İsrail, Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri İranla hesablaşmanın tərəfindədirlər. Hətta ərəb hakimiyyətlərinin ABŞ rəhbərliyinə İrana müharibə çağırışı ilə bağlı məktubları bir neçə il əvvəl üzə çıxmışdı.


Görünən odur ki, Vaşinqtonun indiki administrasiyası da anti-İran ritorikasında maraqlıdır. Yeri gəlmişkən, iki gün əvvəl Türkiyənin baş naziri Yıldırımla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüşdən sonra yayılan açıqlamada (amerikalılar yayıb - K.R.) “hər iki liderin İranın bölgədə istiqrarı pozmasına imkan verməyəcəkləri” qeyd olunur. Yəni bir növ artıq İranla savaş havasını rəsmi Vaşinqton da yaratmağa çalışır. Bəs o zaman belə bir savaş olursa, necə nəticələnə bilər?


Amerikalıların İrana qarşı bir dəfə hərbi müdaxilə cəhdi olub. İslam inqilabından sonra Tehranda ABŞ səfirliyinin ələ keçirilib əməkdaşları girov götürüldükdən sonra Pentaqon İrana qısa müddətli müdaxilə planı hazırlayıb. “Qartal Pəncəzi” əməliyyatına əsasən ABŞ hərbi təyyarələri və vertolyotları 25 aprel 1980-ci ildə İran ərazisinə daxil olub. Ancaq İranın mərkəzində Təbəs çölündə yerləşən köhnə hərbi aerodroma enən ABŞ hərbi qüvvələri qəflətən qalxan qum fırtınasına məruz qalır və Tehrana hazırlanan əməliyyat uğursuzluğa düçar olur. İranlılar bunu həm də Allahın inayəti olaraq təqdim edir. Sonrakı 38 ildə nədənsə amerikalılar İrana qarşı növbəti əməliyyat hazırlamayıblar.


Təbii ki, ABŞ-ın bu gün dünyanın ən böyük hərbi qüdrəti olması faktını heç kim inkar etmir. 15 minə yaxın hərbi təyyarə, yüzdən artıq gəmi, ən müasir raket sistemləri, kosmik izləmə və sair kimi qarşısıalınmaz gücə malik olan ABŞ ordusunun qarşısında dünyanın heç bir ölkəsinin hərbi qüvvələri uzun müddət davam gətirə bilməz. İranla ABŞ hərbi büdcələr arasında fərq 100 dəfədir - İran 6, ABŞ 600 milyard dollar illik büdcəyə malikdir.


Üstəlik bu savaşda ABŞ-ın bölgədə bir neçə mühüm müttəfiqləri var. Bunlar uzun müddətdir İranla rəqabətdə olan Səudiyyə Ərəbistanı və İsraildir. İsrail əslində Vaşinqtonu bu savaşa təhrik etməyə çalışır, İrana ağır zərbə vurmaq, mövcud rejimini dəyişmək istəyən İsrail üçün Vaşinqtonu bu savaşa inandırmaq çox mühümdür. Səudiyyə Ərəbistanı isə ən böyük regional düşməninə qarşı hərbi hərəkata dəstək verəcək. Hətta Misirin də müəyyən qədər İrana qarşı əməliyyata qoşulması mümkündür. Qahirə ABŞ-dan daha çox yardım almaq üçün qatıla bilər.


ABŞ hərbi bazaları hazırda faktiki olaraq İranı dörd tərəfdən mühasirəyə almış hesab olunur. Körfəz ölkələrində ABŞ-ın 5-ci hərbi dəniz bazası yerləşir, Bundan başqa Küveyt, İraq, Əfqanıstan, Pakistan və Türkiyə ərazisində leqal ABŞ hərbi bazaları var. Bunların yanında bir də gizli hərbi bazalar, kəşfiyyat mərkəzləri var ki, bütün bunlar ehtimal olunan savaş zamanı böyük güc deməkdir.


Bütün bunları bir yerə cəm edəndə İranın açıq döyüşdə ABŞ və müttəfiqləri qarşısında müqavimət göstərməsinin mümkünsüz olacağı görünür. İranın ən son texniki göstəricilərə malik ABŞ təyyarələri qarşısında Hava Hücumundan Müdafiə Sistemləri belə yoxdur. Ancaq iranlıların ümid etdiyi başqa bir silahları var: gerilla (partizanlar) və raketlər. Bəli, İran İslam Respublikası mövcud olduğu 38 il ərzində çox geniş gerilla təcrübəsinə malikdir. İran-İraq savaşı, Livan və Fələstində İsrailə qarşı savaşçı qrupların hazırlanması, eləcə də 1990-cı illərdə Balkan yarımadasında Serbiya, Kosova, Bosniya və Herseqovinada, Yəmən, Əfqanıstan, İraq və daha neçə ölkədə silahlı müqavimət dəstələrinin hazırlanması, təlim keçən İran ordusunun bu istiqamətdə böyük təcrübəsi ilə yanaşı Yaxın Şərq coğrafiyasında təlim verib hazırladığı böyük militan qrupları var. İran generallarından biri 5 region ölkəsində 200 mindən artıq silahlı savaşçının olduğunu bildirmişdi. Ehtimal olunan savaşda İranın nizami qüvvələrinin ABŞ və müttəfiqləri qarşısında uzun müddət dayanması mümkün görünməsə də, savaşın sonrakı mərhələsində gerilla savaşında vəziyyət dəyişə bilər. Çünki iranlılar uzun müddətdir bu savaşa hazırlaşır və regionda körfəz keçidləri də daxil olmaqla ABŞ-ın bütün maraq nöqtələrini bilir və onları hədəfə çevirəcək. Bu isə bölgədə uzun müddətli və amansız müharibə deməkdir. İraq və Əfqanıstan işğallarını, eləcə də İsrailin Livana hücumları zamanı baş verənləri nəzərə alsaq, o zaman bu mərhələnin amerikalılar üçün də ağır keçəcəyini söyləmək olar. Üstəlik savaşın uzanması və baş verəcək dağıntılar, kütləvi insan ölümləri müsəlman dünyasında Amerika əleyhinə düşmənçiliyi daha da gücləndirə, kütləvi təpkiyə səbəb ola bilər. 2000-ci illərin əvvəlində bunu müşahidə etmək mümkün idi.


Göründüyü kimi, mənzərə müharibənin xeyli dərəcədə ağır və riskli olduğunu əks etdirir. Hər nə qədər Tramp qeyri-standart bir prezident olsa da, Vaşinqtonda onu bu savaşdan çəkindirəcək güclər var. Bu mənada artan təhdidlər və savaş çağırışları heç də müharibənin xəbərçisi ola bilməz. Ancaq risk də hər zaman qalır. İranın rəqibləri ona qarşı ən ağır zərbənin daxildə çaxnaşma olmasına inanırlar.

Çünki istənilən halda dərin dövlətçilik təcrübəsi, ideoloji gücü olan ölkəyə hər hansı kənar müdaxilə İranı daha da gücləndirir. İranda etnik qruplara dəstək çağırışı, bəhreynli deputatın azərbaycanlılara müstəqillik çağırışı, son günlər İranın ərəblər yaşayan Əhvaz bölgəsində davamlı etirazlar İranı içəridən zəiflətmək planını elementləridir. Qarşıdakı dövrdə bu cür fəaliyyətlər daha da artacaq, etnik qrupları içərisində iğtişaşlar, etirazlar artacaq. Buna qarşı Tehranın reaksiyasının nə olacağı da maraq doğurur, İran hakimiyyətinin kənardan təzyiqlərə qarşı içəridə təpki yaratmaq kimi təcrübəsi var, bu təzyiqləri xaricə qarşı müqavimətə çevirmək və ya toqquşma nöqtəsini Yaxın Şərqin başqa bir nöqtəsinə daşımaları mümkündür. Hər halda bunu da qarşıdakı aylarda görəcəyik.

Kənan RÖVŞƏNOĞLU


Xəbər 4895 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +