Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


16.03.2017  15:30 

Allahın vədi-Hz.Mehdi (ə) - Sonuncu dünya lideri və dünyanın sonu





A+  A-

Dünyanın indiki mənzərəsinə nəzər saldıqda - ağlasığmaz cinayətləri, qətl-qarətləri, gərəksiz mübarizələri, əxlaqi fəsadları müşahidə etdikdə insan qeyri-ixtiyari özündən soruşur ki, bu, nə vaxtadək belə davam edəcək? Bütün bunların sonu olacaqmı?
Bu mühim sualın qarşısında iki cavab durur: materialistlər deyirlər ki, dünyanın gələcəyi zülmətə doğru gedir və hər an gözlənilən təhlükələr meydana çıxa bilər. İdealistlər, xüsusən də müsəlmanlar məsələyə aryı konteksdən yanaşırlar – bu zülmət gecənin sonu olacağına qəti əminlik ifadə edirlər: vaxt gələcək başımızın üstündəki qorxunc buludlar çəkilib gedəcək, parlaq Günəşin ilıq şüaları bütün dünyanı bürüyəcək və bəşəriyyət xilas olacaq.

Dünya böyük islahedicinin intizarındadır. Bütün səmavi dinlərə mənsublar Böyük Xilas Gününün reallaşacağına - xilaskarın gəlişinə (bəzi mənbələrdə enişişinə, doğuluşuna) inanırlar. Gələcək, enəcək, yoxsa doğulacaq? Və kimdir o?

Xristianlar xilasedici kimi Hz.İsanı (ə) görür və onun zühur edəcəyinə şübhə etmirlər. Müsəlmanlar da İsa peyğəmbərin (ə) zühuruna mütləq olaraq inanırlar, amma bir qədər fərqli. Bu haqda az sonra.

Dini qaynaqlarımıza istinad edib söyləyə bilərik ki, o islahedici 12-ci imam Həzrəti Mehdi Sahib əz-Zaman əleyhissəlamdır. Məhz, o gün - İmamın (ə) qiyama qalxdığı gün zülmət gecənin sonu olacaq. “İslam dini bütün dünyaya hakim olacaqdır”. (Saf-9).

Yaradılışın əsas xüsusiyyətlərindən biri və ən əsası kainatda hər şeyin müvəqqəti olmasıdır. Əbədi heç nə yoxdur. Yaranmışların bir gün həyat kitabının bağlanacağı, ayrı bir aləmə köçəcəyi qaçılmazdır. Dini qaynaqlara görə, min ildən artıqdır ki, dünyadan aparılmayan bir şəxs vardır və o, qiyamətə yaxın zühur edəcəkdir. Bu, 12-ci imam Həzrəti Mehdi Sahib əz-Zamandır (ə) ki, hər il hicri-qəməri tarixi ilə Şaban ayının 15-də yalnız mövlud günü qeyd olunmaqdadır. Atası 11-ci imam Həsən əl-Əsğəri (ə), anası Roma imperatorunun qızı Nərgiz xanımdır. Əsl adı Məlika (Məleykə) olsa da, sonralar Nərgiz (ərəbcə tələffüzdə Nərcis) adlandırılımışdır. Dini qaynaqlarda (bir çox səhih hədislərdə) bildirilir ki, Nərgiz xanım röyada ikən Xanım Fatimeyi-Zəhranın (ə) önündə şəhadət gətirərək islamı qəbul edib. (Ümumiyyətlə, onun əsir düşməsi, evlilik tarixçəsi olduqca maraqlı və hikmətlərlə doludur, eyni zamanda ayrı bir mövzudur). Mənbələrdə təsdiqlənir ki, Nərgiz xanımın (Hz.Mehdiyə) hamiləliyi (Hz.İsanın anası Məryəm xanım kimi) bilinməmişdir. Burada da rəmzi oxşarlıq vardır.

Dini mənbələrdə daha çox Mehdi Sahib əz-Zaman (ə) adı ilə tanınan 12-ci İmam Məhəmməd ibn Abdullahın (ə) iki dəfə qeybə çəkildiyi bildirilir. Onun birinci qeyb dövrü “qeybəti-suğra” (kiçik qeyb), ikinci dövrü isə “qeybəti-kubra” (böyük qeyb) adlanır və zamanımızadək davam etməkdədir.

İraqın Samarra (Samirə) şəhəridnə dünyaya göz açan 12-ci imam (ə) beş yaşında olarkən atası vəfat edib və imamlıq ona yetişib. Tarixdən məlum olduğu kimi, Bəni Abbasilər hakimiyyətə gəldikdən sonra onlar möminlərlə mübarizəyə qalxırlar. Bu ərəfədə həyatı təhlükə qarşısında qalan 12-ci imamın (ə) Allahın izni ilə Samarra məscidinin kənarındakı quyuda qeybə çəkildiyi bildirilir. Bu kiçik qeyb dövrü təxminən, 69-70 il çəkib. (Onun həqiqətən də bu illər ərzində quyuda, yaxud da quyudan kənarda olduğu haqda heç bir mənbədə rast gəlinmir). Bir sıra mənbələrdə bildirilir ki, İmam (ə) qeybə çəkilən zaman özü ilə iki yazılmış Quran və Həzrəti Əlinin (ə) “Zülfüqar”nı aparıb. Iddia edilir ki, məhz bu qılınc hərəkətə gəldiyi zaman o (ə), zühur edib qiyama qalxacaqdır. Məhşur künyəsi (ləqəbləri) Mehdi, Qaim, Hüccət, Bəqiyyətullahdır.

Qeybə çəkilmə iki səbəblə izah edilir: qeybə çəkilməsəydi öldürüləcəkdi, yaxud zamanın xəlifəsinə (Abbasilər xəlifəsinə) cismən də olsa səcdə etdiriləcəkdi; digər səbəb – bizlərə dərs verdi ki, zalıma, onun zülmünə baş əyməyək. Tam gerçək səbəb İmam (ə) zühur etdikdə bilinəcək.

Bu gün müsəlmanlar arasında Hz.Mehdinin (ə) zühuru ilə bağlı iki fərqli yanaşma var: Bir tərəf (Əhli-beyt tərəfdarları-şiələr) iddia edir ki, 12-ci imam (ə) bizim aramızda diri olaraq yaşamaqda, lakin gözə görünməməkdədir. Allahın Quranda buyurduğu vədə tamamlananda zühur edib qiyama qalxacaqdır. Digər tərəf isə (Əhli-sünnə - sünnilər (onların böyük bir qismi) bu iddiadadır ki, o həzrət (ə) qiyamətdən öncə yenidən doğulacaq və qiyam edəcəkdir. Hər iki iddianı ayrılıqda həm qəbul, həm də inkar etmək olar.

Materiya məntiqi ilə dünyanın nizamına baxsaq, Yer kürəsinin müvəqqəti yaşayış məntəqəsi olduğunu görərik. Çünki Yaradan yaradılışın özünə əbədiyaşarlıq bəxş etməyib. Hər şey fanidir. Belə olduğu halda İmamın (ə) yaşadığımız dünyada bir neçə yüz ildir ki, maddi bədən formasına malik olaraq diri qalması mümkündürmü? Əhli-beyt aşiqlərinin iddiasını qəbul etsək, o halda hicri 255-ci ildə (miladi 867-ci il) doğulmuş 12-ci imamın (ə) 1182 yaşında olduğunu görərik. Bir insanın bu qədər (hələ zühurun nə zaman baş verəcəyi bəlli deyil) yaşaması real görünə bilərmi? Bu günün zaman müstəvisindən baxsaq, “yox” deməliyik. Bu halda əhli-sünnə tərəfdarlarından böyük bir qisminin iddiaları, yəni xilasedicinin doğulacağına olan inam hardasa haqlı görünür. Amma bu, ilkin olaraq belə görünə bilər.

Ali dini Konustitusiyamız olan Qurani-kərimə, hər iki məzhəbin Peyğəmbərimiz (s) və məsum imamlarımızdan (ə-lar) olan səhih hədislərinə istinad etsək, Hz.Mehdinin (ə) Qiyamət öncəsi doğulacağı fikrini inkar etməliyik. Səbəblərini acıqlayaq.

Peyğəmbərimiz (s) sonuncu həcc ziyarətindən qayıtdıqdan sonra Qədiri-Xumda (Məkkə ilə Mədinə arasında olan ərazi) etdiyi vida çıxışında və həm də sonralar dönə-dönə buyurmuşdur: “...Mən sizlərə iki ağır və qiymətli əmanət qoyuram – biri Qurani-kərim, digəri mənim itrətim - Əhli-beytimdir. Onlar Kövsər hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmazlar. Əgər, onlardan yapışsanız (onlara sarılsanız) heç vaxt zəlalətə düşməzsiniz...”. Bilməyənlər, yaxud unudanlar üçün xatırladıram ki, “Əhli–beyt” deyildikdə on dörd məsum – Peyğəmbər (s), qızı Xanım Fatimeyi-Zəhra (ə) və on iki imam (ə-lar) nəzərdə tutulur. Bu hədis 6236 şiə, 2000-ə yaxın sünni qaynaqlarında təsdiqlənir. (Nə həcc, nə də oruc haqda bu qədər hədis buyurulmayıb, eyni zamanda, Qədiri-Xumda Hz.Əlinin (ə) vilayətini – Allahın Pəsulu tərəfindən onun vəlisi və möminlərin əmiri olduğunun elan edilməsini 356 mötəbər sünni qaynağı təsdiqləyir). Həmçinin, bütün səmavi kitablarda Qiyamət öncəsi Hz.Mehdinin (ə) gəlişi xəbər verilir. Onun (ə) əsas hədəfi Allahın ad və sifətlərini tanıtmaq olacaq. Bu gəlişlə Quran və hədislərdən bir çoxunun mənaları aydınlaşacaq, elm tamamlanacaq, insanlar mərhəmətin nə olduğunu anlayacaqlar.

Ümumiyyətlə, həm şiə, həm də sünni qaynaqlarında “zühur”, zahir” gələcək zaman feli (kəlməsi) var, doğacaq feli yoxdur. Hətta, xristianlar da Həzrəti İsanın (ə) yenidən doğulacağını deyil, zühur edəcəyinə qəti əminlik ifadə edirlər. Əgər, xilasedici (Mehdi) doğulacaq olarsa, Peyğəmbərimizin (s) soyundan – imamət qolundan olması mümkünsüzdür və burada Qurani-kərim, həmçinin səhih hədislərdə (xüsusən də Qədiri-Xumda) buyurulanları yalanlamış olarıq. Demək, bu iddia yanılışdır və qəbuledilməzdir. Aydın olur ki, xilasedicinin Peyğəmbərimizin (s) soyundan – on dörd məsumun sonuncusu – 12-ci imamın (ə) olmasına şübhə qalmır. Quranın 185 ayəsində dolayısı və ya birbaşa Hz.Mehdinin (ə) gəlişinə işarətlər vardır. Həmçinin, özündən əvvəlki bütün imamlar (ə-lar) onun gəlişi ilə bağlı xəbər vermişlər.

Məsələnin alt qatında sadə bir məntiq də gizlənir. Əgər, tarixdə saxta mehdilər olmuşsa (yəqin ki, hələ bundan sonra da olacaqdır), yəni bir şeyin saxtası varsa, demək əsli də vardır. Quranda buna işarətlər vardırsa, Peyğəmbərin (s) bir çox hədislərində onun nəslindən olan birisinin Dəccaldan sonra zühur edərək qiyama qalxacağı bildirilirsə, demək, 12-ci imam (ə) həqiqətən də diridir. Onunla (ə) zaman və məkan fərqimiz olmasa da, aralıqda olan qeybət pərdəsi bizi ondan ayırır. Peyğəmbərimiz (s) buyurub ki, zamanının imamını tanımadan ölən kəs cahiliyyə üzrə (cahiliyyə dövrünün insanı kimi dinsiz, imansız) ölmüşdür. Bu hədis həm sünni (xüsusən də “Səhihi Müslim”), həm də şiə qaynaqlarında əksini tapır. Burada Quranın üç ayəsinə istinad etməklə fikirlərimizin təsdiqini tapaq: “Musa (öz qövmünə) dedi: “Allahdan diləyin və səbir edin. Yer üzü Allahındır, onu istədiyi bəndələrinə miras buraxacaqdır. Ən xeyirli son təqvalılarındır”. (Əraf, 128). “Biz yer üzündə əzilmiş olanları imamlar etmək istəyirik. Biz onları yer üzünün varisləri (mirasçıları) etmək istəyirik”. (Qəsas, 5). “...Bir gün bu din (islam) bütün dinlərə hakim olacaq, kafirlər istəməsə belə. (Tövbə, 33).
Sual oluna bilər: 12-ci imam (ə) hansı formada zühur edəcək? Dəlilərə saslanaraq qeyd etdik ki, Onun (ə) yenidən doğulub dünyaya gəlməsi mümkünsüzdür. Çünki onun (ə) öldüyünü təsdiqləyən bircə fakt belə yoxdur. Bu, ola bilər ki, Məhəmməd peyğəmbərin (s) meraca aparılıb-gətirilmə trayektoriyası ilə eynilik təşkil etsin. Yəni, bu vaxtadək Allahın hökmü ilə saxlanıldığı bir məkandan – qeybət pərdəsinin arxasından (ayrı bir müstəvidən) öz əzəli məkanına qaytarılsın. Çünki bu dünyada cismani ölüm gerçəkləşmədən o biri dünyaya qayıdış mümkün deyil. Təsdiq olunur ki, İmam (ə) sağdır və zühuru qaçılmaz zərurətdir. Hədislərdə buyurulur ki, Məryəm oğlu İsa (ə) da onunla birgə zühur edəcəkdir. Müqəddəs kitabdan bilirik ki, İsa peyğəmbər (ə) də bu dünyada ömrünü hələ başa vurmayıb və islam etiqadına görə, onunla bərabər daha üç peyğəmbər (İdris, Xızr və İlyas ə-lar) diridirlər.

Hz.İsanın (ə) zühur edərək Hz.Mehdi (ə) ilə birgə qiyama qalxmasına dair minlərcə hədis vardır. Bu haqda əhli-sünnənin Qurandan sonra ikinci və ücüncü kitabı hesab olunan “Səhihi-Buxari” və “Səhihi-müslim”də də səhih hədislər yer alır. Vurğulanır ki, Hz.İsa (ə) zühur etdikdən sonra xaçı sındıracaq (bəzi mənbələrdə xaçı sındırıb Baltik dənizində suya atacağı qeyd olunur), donuzu öldürəcəkdir. Əslində, burada xaçın sındırılması xaça səcdənin yanlış olduğunu, bunun heç bir məna kəsb etmədiyini, donuzun öldürülməsi isə halalın haramdan ayrılması anlamını ifadə edir – yəni nə xaçı sındıracaq, nə də donuzu öldürəcək. Gerçəkləri insanlara çatdıracaq, onlardan düzgün olanların qəbul edilməsini – Əhli-Beyt yolu – yəni Allahın yolu ilə getmələrini istəyəcək. Hadisələrin Baltik dənizi sahillərində baş verməsinin rəmzi anlamı isə Avropaya işarədir. Avropalı məşhur öncəgörənlər – Nostradamus və Vanqa da Avropanın yaxın gələcəkdə islami rəngə bürünəcəyini illər öncə bildirmişlər.

Dini mənbələrdə bildirilir ki, Hz.İsanın (ə) zühurunun (enişinin) çox faydaları olacaqdır. Çoxlu insan qanının axıdılmasına ehtiyac olmayacaq. Gəlib deyəcək ki, “siz mənə itaət edirsinizsə, bilin ki, bu Əhli-Beytin yolu haqdır”. Bu sayaq xristianların böyük qismini imana yönləndirəcək. Bəzən soruşulur ki, Hz.İsa (ə) səmadan necə enəcək? Çox sadə, Adəm necə enmişdisə (endirilmişdisə), elə enəcək (və ya endiriləcək).

Böyük islahedicinin zühuruna olan əqidə bütün din və məzhəblərdə önəmli yer tutur. Lakin islam kamil bir din olduğu üçün bu məsələyə daha çox təkid edir. Bəzən biriləri iddia edirlər ki, Mehdilik inancı təkcə şiəliyə məxsusdur. Bu, düzgün yanaşma deyil, çünki Əhli-sünnənin bütün məzhəblərinə məxsuslar buna inanırlar. Bəşəriyyət aləminin xilaskarının zühuruna inam təkcə islam dininə də məxsus deyil. Bu inanc yəhudi, xristian, hindus və digər dinlərdə də öz əksini tapır. Bu dinlərə tapınanlar da böyük bir islahedicinin yolunu gözləyirlər. Hindlilərin səmavi kitabı olan “Bedalar”da belə yazılmışdır: “Mənsur adında bir padşah ortaya çıxacaq və o, bütün cahanı fəth edəcək, hər kəsi tanıyacaq və onun Allahdan istədiyi hər şey olacaqdır”. (“Bişarətül-Əhdeyn”, 245).

Burada ad olaraq hallanan “Mənsur” müzəffər edilmiş və dəstəklənmiş mənasındadır. Bilindiyi kimi, Hz.Mehdinin (ə) hər kəsə qəbul edilən bəlli vəzifələrindən biri də onun Allah tərəfindən müzəffər (mənsur) ediləcəyidir. Peyğəmbərimizin (c) Hz.Mehdiyə (ə) “Mənsur” adıyla xitab etdiyinə dair səhih hədislər bir sıra qaynaqlarda yer alır.

Zərdüştün “Avesta”sında deyilir: “Qələbə, zəfər saleh insanlarla olacaq. Pisliklərin kökü kəsiləcək. Aləm öz həqiqi səadətinə yetişəcək”.

Bəzi mənbələrdə hətta Zərdüştün dilindən belə bir ifadə işlədildiyi də iddia olunur: “Ərəblərdən başı yekə, iri bədənli, iri topuqlu bir kişi çıxıb camaatı öz cəddinin dininə dəvət edəcək. O, əzəmətli bir qoşunla yer üzünü ədalətlə dolduracaq”.

Zərdüştün tələbəsinin “Camasb” adlı kitabında yazılır: “Ərəblər diyarından, Haşim oğullarından (Peyğəmbərin soyundan – V.H) birisi çıxacaqdır; heybətli, uzun boylu, böyük başlıdır, cəddinin dini üzrədir, çox böyük orduyla İrana gedəcək... və yer üzünü ədalətlə dolduracaq. Onun ədaləti sayəsində qurdla quzu bir yerdə su içəcəkdir”. (Age, 258).

Zərdüştün digər kitabı olan “Zənd”də belə yazılır: “O zaman yaxşılıq allahları tərəfindən böyük bir zəfər gələcək və pislik allahları yıxılacaq”. (Age, 238).

Həzrəti Davudun (ə) “Məzamir” adlı kitabında da oxşar fikirlər vardır: “Pis adamların kökü kəsiləcək. Allaha arxalananlar yer üzünün sahibi olacaq”. Digər bir cümlədə isə belə deyilir: “Fəqət, Rəbb salehlərə dəstək olur... salehlər yeri miras alır və sonda əbədiyyən otururlar” (“Kitabi-Müqəddəsin Məzamir”, 3-10).

Buna bənzər bir cümlə Tövratda – “Əşiyanın kitabı” bölməsində də vardır. İncilin 12-ci fəslində (Lukanın kitabı) deyilir: “Kəmərlərinizi bağlı, çıraqlarınızı yanılı saxlayın. Öz ağalarının intizarını çəkənlər kimi...”. Deyilənlərin Quran ayələri ilə üst-üstə düşdüyü açıq şəkildə görünür. Mübarək bir ayədə buyurulur: “Yer üzü bir gün kafirlərin, dünyapərəstlərin əlindən alınıb saleh bəndələrə veriləcək”. (Ənbiya, 105). Bu, Allahın Quranda verdiyi vəddir. İmam Baqir (ə) buyurmuşdur: “Bir gün yer üzünün hər tərəfində insanlar səhər-axşam bu iki cümləni zikr edəcək: “La ilahə illəllah, Mühəmmədən rəsulullah”.

Allah-təala Quranda islam əxlaqının yer üzünə hakim olacağını dönə-dönə müjdələmişdir. “Yusif”, “Kəff” və s. surələrdə mehdiyyətə - onun dünya hakimiyyətinə işarətlər vardır. Böyük astronom və filosof N.Tusi belə deyib: “Onun varlığı bir lütfdür... Bu anda görünürmüş kimi olması isə bizim üzümüzdəndir”. (Qeybəti Şeyx Tusi).
Axırzaman anlayışı dünyanın son dönəmini anladan yarı açıq, yarı gizli və həm də şifrəli tanıtımdır. Göründüyü kimi, Hz.Mehdinin (ə) zühuretmə məqamına islamda olduğu kimi, digər dinlərdə, xüsusən də İncil və Tövratda bənzərlik çoxdur
Onun (ə) gəlişinə inanmaq musəviliyin (yəhudilərin) inanclarından biridir. Yəhudilərin 12-ci əsrdən bu yana ən böyük Tövrat alimi hesab etdikləri Haham Maimonides (İbn Meymun) yəhudiliyin 13 təməl inanc əsasından onikincisini Məsihin (Mehdinin) gələcəyinə inanmaq olaraq açıqlamışdır: “Məsihin (Mehdinin) gəlişinə könüldən inanıram, gəlişi geciksə belə, hər gün onun gəlişini gözləyirəm”. (Maimonides, Mişna Tora, Kralların qanunları – 11/1).

Tövratı əsaslandıran beş kitabdan biri – “Təqvin kitabı”nda Hz.İsmayil (ə) soyundan gələcək olan 12 imamdan (ə-lar) bu sayaq bəhs edilir: “Həqiqətən də İsmail haqqındakı duanı duydum və indi ona bərəkət verdim, onu bol, verimli edib çoxluqla nəhayətə yetişdirəcəyəm, soyundan on iki rəhbər gətirəcəyəm və onu uca bir ümmət qılacağam. (Səh.17-20).

Qurani-kərimdə buyurulur: “And olsun ki, Biz Zikrdən (Tövratdan) sonra (Davuda endirilmiş) Zəburda da yazdıq: Şübhə yox ki, yer üzü saleh bəndələrimə miras qalır”. (Ənbiya, 105).

Imamın (ə) zühur etməsi üçün tarixi şəraitin (zamanın) yetişməsinin vacib şərt olduğu bildirilir. Peyğəmbərimiz (s) zühurdan öncəki zaman haqda belə buyurmuşdur: “O (Mehdi), elə bir zaman qiyam edəcək ki, dünyanı qarışıqlıq bürüyəcək, ölkələr bir-birinə qarışacaq, nə böyüyə rəhm ediləcək, nə kiçiyə, nə də zəifə şəfqətli davranacaqlar”.

Bütün islami mənbələrdə İmamın (ə) ətrafına toplanmaqla qiyama qalxanların sayı 313 nəfər olaraq (bəzi mənbələrdə aralarında qadınların da olduğu) göstərilir və bu qiyam aşura gecəsi Məkkədən başlanılacaqdır. Sonra Allahın əmri ilə köməyə gələnlərin sayı artacaq. Say olaraq 313 nəfər anlayışı bir çoxlarını tərəddüd içində saxlaya bilər. Əslində, onlar ən inanılmış və möhkəm əqidəli olmaqla yanaşı, həm də hər biri ayrı-ayrılıqda bu son döyüşün bir yönəticisi – rəhbəri olacaqlar. Təbii ki, köməyə gələnlərin sayı çox olacaq. Başlıca kömək Allaha məxsus olacaqdır. Bunu Quran buyurur: “Allah istədiyinə yardımıyla dəstək verər”. (Ali-İmran, 13). Digər bir ayədə belə buyurulmuşdur: “...And olsun, Mən qalib gələcəyəm, elçilərim də...”. (Mücadələ, 21). Məryəm surəsinin 89-90-cı ayələrində yer və göyün Hz.Mehdinin (ə) köməyində olacağına işarətlər də vardır.

Maraqlı bir nüans diqqətçəkicidir. Müsəlmanların ilk döyüşü – Peyğəmbərimizin də (s) iştirak etdiyi “Bədr” döyüşündə də inanılmış və sədaqətli yönətici rəhbərlərin sayı 313 nəfər olmuşdur. Son döyüşdə də - Hz.Mehdinin (ə) qiyama qalxdığı zaman da say, həmçinin 12-ci imanın (ə) adı və künyəsi (ləqəbləri) Peyğəmbərlə (s) eynidirsə, simaca ona bənzəyəcəksə, demək burada bizə aydın olmayan sirli məqamlar gizlənir. Bu, heç də təsadüfi oxşarlığa bənzəmir. Islamın ilk döyüşündə – 313 nəfər yönətici, son döyüşündə də eyni rəqəm - 313. Peyğəmbərimiz (s) buyurmuşdur: “Mehdi islamın sonu olacaqdır”. Bu da islamiyyətin Hz.Mehdi (ə) ilə bitəcəyini göstərir.

Hz.Mehdinin (ə) nə zaman qiyam edəcəyi də çoxlarını düşündürür. Peyğəmbərimiz (s) buyurub ki, “yer üzü zülm və düşmənçilikə dolmayınca, bu, baş verməyəcəkdir”. (Məvla Əli Möttək Hindi, Kənzül Ümmal). Zühur öncəsi və zühur əlamətləri haqda bir çox səhih hədislər vardır. Zühuru bildirən hadisələr bunlardır: bütün dünyada zülm, pislik, günah və dinsizlik yayılacaq, zina və murdar işlər açıq şəkildə ediləcək, daşqəlblilik, saxtakarlıq, nifaq, rüşvət vermək, riya etmək, həyasızlıq, haqsızlıq ümumiləşəcək, qadınlar çəkici libaslarla ortalıqda dolaşacaq, geyimdə qadınlarla kişilər bir-birinə bənzəyəcək, islam və Qurana əməl edilməyəcək, övladlar ata-anasına əziyyət verəcək, hörmət bəsləməyəcək, böyüklər kiçiklərə rəhm etməyəcək, kafirlər və dinsizlər müsəlmanlara qalib gələcək. Imam Baqir (ə) buyurub: “Heyhat! Heyhat! Bulanıq olanlarınızla dupduru olanlarınız bir-birindən ayırd edilməsi üçün xəlbir ilə ələnməyincəyə qədər bu iş olmayacaqdır”.

Zühurdan əvvəl beş nişanə baş verəcəkdir - səma nəriltisi; Yəmənlərin qiyamı; Bəydani diyarının yerə çokməsi; Süfyanilərin qiyamı; nəfsi-Zəkiyyənin qətlə yetirilməsi.
Əhli-Beyt imamlarının (ə-lar) açıqca bəyan etdikləri əlamətlərdən biri də Süfyaninin (Dəccaliyyətin) meydana çıxmasıdır. Süfyani bir çox hədislərdə Əməvilərdən – Əbu Süfyan, Yezid, Müaviyə nəslindəndir və insanların ən pislərindəndir. Əhli-Beyt aşiqlərinə (tərəfdarlarına) özəl bir düşmənçiliyi olacaqdır. Qızıl surətli, mavi gözlü, çirkin üzlü, zalım və xəyanətkar birisi kimi xarakterizə edilir. Şamda (Dəməşq) qiyam edəcək, qısa bir zamanda beş məntəqəni (Dəməşq, Fələstin, Urdin, Hamas və Kanser) ələ alacaq. Böyük bir orduyla İraqın Kufə şəhərinə hücum edəcək, həmçinin Nəcəf şəhərində ağlasığmaz cinayətlər işlədəcək, oraların altını üstünə çevirəcək. Digər bir ordusunu Mədinəyə göndərəcək. Orada da eyni cinayətləri törədəcək və sonra Məkkəyə doğru hərəkət edəcək. Məkkə ilə Mədinə arasında Allahın əmri ilə yer yarılacaq, onlar yerin dibinə gömüləcək. Məhz, o zaman Hz. Mehdi (ə) Məkkədə - Kəbənin kənarında (Kəbə ilə və Məqami İbrahim arasında) zühur edib qiyama qalxacaq. Hökumətin mərkəzi Kufə olacaqdır. Səhih qaynaqlarda Hz.Mehdinin 8 ay kafirlərlə - haqq yoldan sapanlarla vuruşacağı və sonda qalib gələrək vahid dünya lideri olacağı əks olunur. Quranda buyurulur: “De ki: “Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz, batil yox olacaqdır”. (İsra, 81).

Bilinən əlamətlərdən biri də göy üzündən yüksək və müdhiş bir səsin duyulması olacaqdır. Bu səsdə insanlara hidayətə gəlmələri, İmama (ə) biət etmələri və haqdan sapmamaları üçün onun (ə) hökumətinə qarşı çıxmamaları tövsiyə ediləcəkdir. (“Qeybəti Şeyx Tusi”, “Biharül-Ənvar”,” Mintəhəl-Amal” və s. əsərlərdə bu olay vurğulanır). Göründüyü kimi, yerlər və göylər Onun (ə) köməyində olacaqdır. O (ə), zühuru ilə dünyanın dörd tərəfini qısa zaman kəsiyində fəth edəcəkdir. Islam vahid din kimi qəbul ediləcək. Imamın (ə) gəlişindən sonra elə bir bolluq olacaqdır ki, hətta zəkat və fitrə verməyə fəqir belə tapılmayacaq. Yer üzü xəzinə və dəfinələri ona göstərəcək. Qurani-kərimdə buyurulur: “Onlara elə rəhbərlər təyin etdik ki, əmrimizlə xalqı doğru yola sövq edərlər və onlara xeyirli işlər vəhy etdik ”. (Ənbiya, 73).

İmam Sadiqdən (ə) rəvayət olunur ki, O (ə) zühur etdikdə Peyğəmbərin (s) Ühüd döyüşündə geydiyi və mübarək dişlərinin qırılması səbəbindən sol tərəfinin qana boyandığı köynək əynində, həmçinin qılıncı yanında, Hz.Süleymanın (ə) üzüyü barmağında, Hz.Musanın (ə) əsası və Hz.Əlinin (ə) Zülfüqarı əlində olacaqdır. Oda atılacağından öncə vəhy mələyi Cəbrail (ə) tətəfindən İbrahim peyğəmbərə (ə) verilən, onun atəşdən qorunmasında bir vəsilə olan köynəyi də (sonralar bu köynək Hz.İshaqa (ə), ondan Hz.Yaquba (ə), nəhayətdə Hz.Yusifə qalan və geyindikləri köynək) 12-ci imamın (ə) əynində olacaqdır. (Qeybəti-Numani, Biharil-Ənvar və digər mənbələr). Hz.Süleymanın (ə) üzüyündə dünya mülkünün açarlarının, Hz.İsanın (ə) əsasında kəramətin, Peyğəmbərimizin (s) və Hz.İbrahimin geyindikləri köynəklərdə zirehin, Rəsuli-Əkrəm (s) və Hz.Əlinin (ə) qılınclarında elm və şücaətin nişanələri vəhdət təşkil edir.

Bir çox mənbələrdə İmamın (ə) zühur etdiyi zaman olduqca cavan görünəcəyi qeyd olunub, təqribən 35-40 (Əhli-sünnədə 60 yaş olaraq göstərilir) yaşlarında. Bu haqda İmam Rzadan (ə) hədis rəvayət olunur. (Şeyx Səduq, Kəmalüd-din, c. 1, s. 652).
Hz.İsanın (ə) enişi və Hz.Mehdinin (ə) arxasında namaz qılması, ona iqtida etməsi bir çox mənbələdə əks olunmuşdur. “Şübhəsiz, O (İsa), Qiyamət saatı üçün bir əlamətdir (elmdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın...”. (Zuxruf, 61).
Peyğəmbərimiz (s) qızı Fatimeyi-Zəhraya (ə) buyurmuşdur: “Özündən başqa ilah olmayan Allaha and olsun ki, Məryəm oğlu İsanın arxasında namaz qılacağı bu ümmətin Mehdisi bizlərdəndir”. (bir çox əsərlərdə bu hədis qeyd olunmuşdur). Əhli sünnənin ikinci səhih kitabı olan “Səhihi-Müslim”də yazılır: “...Nəhayət, Məryəm oğlu İsa müsəlmanların əmiri (Hz.Mehdi) ona: Gəl bizə namaz qıldır,-deyər. Bunun qarşılığında Hz.İsa: Xeyr, Allahın bu ümmətə bir ikramı olaraq sizin bir qisminiz digər bir qism üzərinə əmrlərsiniz – deyər”. (c.1, səh. 209).

Peyğəmbərimiz (s) və Əhli-Beyt imamları (ə-lar) dəfələrlə Hz.Mehdinin (ə) qeybi, zühuru, qiyamı və digər fəzilətləri haqda bəhs etmişlər. Böyük sünni və şiə alimləri Hz.Mehdi (ə) haqda çoxlu kitab yazmışlar. Ümumən, 2500 kitabın yazıldığı faktdır. Insanlığın faydalandığı və faydalanacağı bu müqəddəs insanın (ə) zühuruna, zülmə qarşı qiyama qalxacağına inam olmasaydı, onunla bağlı bu qədər kitab yazılmaz, təhqiqat və elmi-dini müzakirələr aparılmazdı. Peyğəmbərimiz (s) buyurmuşdur: “...And olsun ki, insanlar Günəşdən necə yararlanırlarsa, ondan da elə yararlanacaqlar. O, buludlar arxasında gizli qalsa da, insanlar onun vücudundan faydalanacaqır”. (Kəmalüd-din, c.1, s.265).

“Nəml” surəsinin 62-ci ayəsində Allah-Təala Hz.Mehdinin (ə) bir çox məhrumiyyətlərə qatılacağını, nəhayətdə yer üzünə xəlifə olaraq keçəcəyini buyurmuşdur. Quranda islam əxlaqının bütün yer üzünə hakim olacağı “Tövbə” (ayə-32, 33), “Nur” (ayə-55), “Saffat” (ayə-171-173), “Mücadələ” (ayə-21), “İsra” (ayə-81), “Saf” (ayə-8-9) və dügər surələrdə açıq şəkildə buyurulmuşdur. “Əzhab” surəsinin 22-ci ayəsində Allahın vədi açıq şəkildə bəşəriyyətə ünvanlanıb: “Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərin bizə olan (zəfər) vədidir...”.

Peyğəmbərimiz (s) buyurmuşdur: “...O, saata bənzər, ancaq anidən zühur edəcəkdir”. (Qeybəti-Numani, səh, 168). Digər bir hədisdə belə buyurmuşdur: “Onun qeybəti Yusifin qeybəti, zühuru isə Məryəm oğlu İsanın dönüşü kimidir”. (Qeybəti-Numani, s. 169)

Mənbələrdə bildirilir ki, Hz.Mehdi (ə) zühur etdiyi zaman Şam (Dəməşq) ətrafında gizlədilən “Tövrat” və “İncil”i çıxaracaq. Yəhudi və xristianlara hər iki səmavi Kitabın Qurana uyğun əslini anladacaq. Onlardan böyük bir qism bu şəkildə müsəlman olacaqdır.

Hz.Mehdi (ə) islam dinini Peyğəmbərin (s) zamanında olduğu kimi tətbiq edəcək, yer üzündən bütün məzhəbləri qaldıracaq, xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaqdır. O (ə), “islamı bütün dinlərdən üstün qılmaq üçün...” (Tövbə,33) mücadilə edəcəkdir.

Quranda buyurlduğu kumi, dünya hakimiyyətinin başında bir liderin olması şəksizdir. Allah-Təala bəşər tarixi boyunca Hz.Süleyman (ə) və Hz.Zülqərneyn (ə) vasitəsilə din əxlaqını iki dəfə dünya üzərində hakim etmişdir. Allah həm Hz.Süleyman (ə), həm də Hz.Zülqərneynə (ə) böyük bir güc və iqtidar vermişdir. Quranda Hz.Süleymanın (ə) əmrində cinlərin olduğu və hüzurunda çalışdığı, ayrıca küləyi və yeraltı zənginlikləri Onun (ə) əmrinə verdiyi bildirilmişdir. O, Allahın istəyi ilə cinlərə, şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını duya bilmişdir. Bunlar Allahın Hz.Süleymana (ə) nəsib etdiyi özəl elmlərdir. “Biz ona yer üzündə hökmranlıq verdik, hər şeyin yolunu ona öyrətdik”. (Kəhf, 84).

Allah-Təala indiyədək olan peyğəmbər və imamlara (ə-lar) vermədiyi hikməti, elmi və qüdrəti Hz.Mehdiyə verəcəkdir. O (ə), peyğəmbər və imamlardan heç birinin gəlmədiyi yeni bir proqramla gələcək və dünyanı ədalətlə dolduracaq (lakin insanlar hazırda bu proqramı həzm etmək iqtidarında deyil). Onun (ə) elmi bilgiləri haqda İmam Sadiq (ə) buyurmuşdur: “Əgər, insanların elminin sərfiyyəsi 72 hərf olursa, o günə qədər sadəcə iki hərf öyrənilmişdir. Amma onun zamanında qalan hərflərin hamısı öyrəniləcəkdir”. Yəni, elm bitkin bir formada tamamlanacaq. Insanlar həqiqəti gümanlardan, düzü əyridən, yaxşını pisdən ayırd etməkdə çətinlik çəkməyəcək, kainatın sirrindən xəbərdar olacaq, həyatda var olmanın fəlsəfi yükünü, elmi və məntiqi mahiyyətini dərk edəcəkdir. Müasir elm isbat edir ki, bugünün insanı ona bəxş edilən ən böyük nemətdən – elmdən cüzi olaraq bəhrələnə bilir: insan öz beyin tutumundan 5-7, bəzi hallarda isə 8-9 faiz (sonuncu iki rəqəm dahilərin payına düşür) qidalanır.

Hz.Mehdi (ə) zühur etdiyində müsəlmanları zülm və sıxıntıdan qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət bolluq, rahatlıq, xoşbəxtlik və rifah gətirəcək. Allahın Quranda verdiyi vəd tam olaraq gerçəkləşəcək: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə, onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini vəd buyurmuşdur...”. (Nur, 55).

Bir sıra dini qaynaqlarda 12-ci imamın (ə) zühur etmə zamanı ilə bağlı fərqli yanaşma sərgilənir: kafirdən kafir, mömindən mömin dünyaya gəldiyi – nəsillər tam dəyişdiyi zaman. Yəni, insanın damarlarında axan qan durulub saflaşmayınca, Allahın vədi gerçəkləşməyəcək. Çünki bu gün əsli-nəcabəti məlum olmayanlardan doğulmuşlar arasında müsəlmanlar çoxdur. Zaman öz sözünü vəd olunan bir zamanda deyəcək. Allah Onun (ə) ortaya çıxışına güc qatacağını və islam əxlaqını yür üzünə yayacağını “Ali-İmran” surəsinin 13-cü ayəsində qəti olaraq buyurmuşdur: ”...Allah istədiyinə Öz köməyi ilə qüvvət verər...”. Bu, Allahın bir təqdiridir və Onun izniylə bu böyük vəd gerçəkləşəcəkdir. Nurun düşmənləri bunun qarşısını almağa təbii ki, müvəffəq ola bilməzlər: “Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə (buna) yol verməz. (Kafirlərin xoşuna gəlməsə də), O Öz nurunu tamamlayar”. (Tövbə, 32). Bizim əsgərlərimizin (möminlərin) mütləq qələbəsi labüddür”. (Saffat, 173).

Onun (ə) hakimiyyət illərinin müddəti ilə bağlı müxtəlif fikirlər elə qaynaqların özü kimi müxtəlifdir. Bəzi mənbələrdə 7 və ya 9 il arasında Onun (ə) dünya hakimiyyəti başında duracağı iddia olunur. Səhih mənbələrdə isə bu müddət 19 (şiə) və 20 il (sünni) göstərilir. Hətta, bəzi qaynaqlarda 12-ci imamın (ə) 60 il dünya hakimiyyətinin başında durağcağına dair fikirlərə də rast gəlinir. Bu, şübhəsiz ki, insanların Ona (ə) olan sevgisindən qaynaqlanır. Böyük filosof və astronom N.Tusi “Təsridül əqaid” kitabında yazır: “İmamın istər aşkar, istərsə də gizli varlığı bəşəriyyət üçün böyük mənəvi nemət və Allaha yaxınlaşma vasitəsidir...”.

Bəzi mötəbər dini qaynaqlarda göstərilir ki, İmam (ə) zühur etdiyi zaman bütün texnikalar dayanacaq, silahlar susacaqdır. Bax, bu haqda dərindən və məntiqlə düşünməyə dəyər. Hz.Süleymanın (ə) üzüyü barmağında, Hz.Musanın (ə) əsası əlində, Peyğəmbərin (ə) köynəyi əynində, qılıncı yanında, Hz.Əlinin (ə) “Zülfüqarı” belində və birdə Allahın köməyi varsa, buna inanılmalıdır. Nəyin bahasına olursa-olsun, vəd gerçəkləşəcək: “Allah tərəfindən kömək, yaxın qələbə, yaxın bir fəth. Möminləri müjdələ” (Saf, 13).

Onun (ə) ömür kitabının bağlanacağı günlə bağlı dini qaynaqlarda müxtəlif baxışlar mövcuddur. Bəziləri öz əcəli ilə, həm də anidən, bəziləri döyüşdə, bəziləri də zəhərlənərək şəhadətə yetəcəyini bildirirlər. Bunlardan hansının doğru olduğunu yalnız zaman isbatlayar. Lakin bütün mənbələrdə 12-ci imamın (ə) cənazə namazının önündə Hz.İsanın (ə) duracağı göstərilir. Onun haqqa qovuşmasından sonra hansı “küləklərin” hansı zamanadək əsəcəyi ilə bağlı fikirlərdə ziddiyyətli məqamlar kifayət qədərdir və bununla işimiz yox. Amma İmamın (ə) öz əcəli ilə deyil, şəhid ediləcəyinə inanmaq istəməzdim. Axı, ədalət yer üzündə zəfər çalacaqsa, fitnə-fəsad kəsiləcəksə, o halda sui-qəsdi necə başa düşmək olar. Bunda təzad var və idrak bunu dərk etməz. Hər halda sonu da, sonluğu da bilən Allahdır.

Burada bir məsələ də böyük maraq kəsb edir. Bu da 12-ci imamın (ə) zühur etdikdən sonra əbədi ədaləti yer üzündə bərpa etmə məsələsidir. Maraqlıdır, imam (ə) hansı ədaləti bərpa edəcək? Dünya məgər ədalət məskənidirmi? Qurani-kərimdə Allah-Təala buyurur ki, “Mən sizi məşəqqətdə yaratdım”. Peyğəmbərimiz (s) isə dünyanı möminin zindanı adlandırır. Belə oiduğu halda 12-ci imam (ə) Allahın bizlər üçün məşəqqətli məkan olaraq yaratdığı yer üzünə mütləq ədaləti necə gətirə biləcək? Yaxud da möminlərin zindanı necə işıqlandırılacaq? Bəziləri yenə də deyəcək ki, Allah istəsə mümkün ola bilər. Əlbəttə. Amma Allah-Təala dünyanı yaradarkən məhz elə bu sayaq – yarı qaranlıq, yarı işıqlı yaradıb. Istəsəydi, elə tam işıqlı, yəni tam ədalətli yaradardı. Belə çıxır ki, 12-ci imam (ə) dünyada mütləq ədaləti bərpa etməklə dünyanın təbii balansını – nizamını pozacaq? Nə şeytan, nə iblis insanlara yaxın düşə bilməyəcək. Dini mənbələrdə göstərilir ki, Allah şeytanı məhz bu ərəfədə öldürəcək.

Insanları bir sual da çox düşündürür: necə ola bilər ki, 12-ci İmam (ə) dünyanı ədalətlə doldurduqdan bir müddət sonra Qiyamət qopacaq, yəni Allah-Təala belə bir dünyanı dağıtmağa qərar verəcək?

Birincisi və ən əsası budur ki, ədalətsiz yerdən adlayaraq insanların ədalət tərəzisinin qurulduğu Haqq divanına tərəf getməsi və bununla da ədalət mühakiməsinin qurulması mümkünsüz olduğundan, mütləq o yerdə, yerin öz quruluşuna uyğun həqiqi ədalət bərpa olunmalıdır. Yəni, təmiz yerə təmiz yerdən gedilməlidir. Və bütün insanlara sübut olunmalıdır ki, bax, sizlərə vəd edilən ədalət budur.

Demək, 12-ci imamın (ə) zühuru mütləq olaraq qaçılmazlığa çevrilir. Bundan sonra dünyaya deyil, dünyadakı yaşamın indiki mərhələsinə “xitam” veriləcək. Allah heç bir zaman dağıdıcı bir şey etməz. Allah bir şeyi yox edərsə, onun daha kamilini yaradar. Əslində, Qiyamət dünyanın sonuna deyil, yeni bir dünyanın başlanğıcına işarədir...

Həqiqətən də kainatın quruluşu əbədi quruluş deyil və yalnız Allaha məlum olan müəyyən bir müddətdən sonra o, “nizamlı” şəkildə dağılacaq və başqa bir quruluşla əvəzlənəcəkdir. Hər halda “sirr boxçası” Qiyamətdə açılar və o zaman əsil həqiqət aşkarlanar...

Bir məqamı da vurğulamaq istərdim, yəqin ki, maraqlı olar. Quranda buyurulduğu kimi, zühur etmə zamanı Allah dünyanın işlərinə müəyyən qədər “müdaxilə” edəcək. Hecə ki, bir zamanlar yəhudilər Musa peyğəmbəri (ə) “təkləyəndə”, sorğu-sual ilə “bezdirəndə” Allah göydən bir ovuc “səma tozu” ataraq onları və yaxınlıqdakı dağı yerlə yeksan elədi (bu haqda məlumat Quranda öz əksini tapıb). Bu dəfə həmin “toz”dan iki ovuc da atıla bilər... Bütün hallarda hər bir aşkar və gizli işin yaxşısını bilən yalnız Allahın Özüdür. Bizim isə səbr edib gözləməkdən başqa yolumuz yoxdur. İmam Zaman Ağanın (ə) özünün də istəyi budur: “Biz sizləri unutmadıq, əgər, unutsaydıq bəlalar sizi bürüyər, düşmənlər sizi parça-parça edərdi... Səbir edin”.

Quran-kərim (Ənam, 158) bunu təsdiqləyir: “De ki: “Gözləyin, Mən də gözləyənlərdənəm...”.

Onun (ə) intizarını çəkməyin özü də bir ibadətdir.

Vasif Hüseynov


Xəbər 15595 dəfə oxunub.




28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +