20.06.2019 11:09
“Böyük inflyasiya təzyiqləri görmürük” - Samir Şərifov
“2018-ci ildən başlayaraq müsbət dinamika əldə edildikcə, makroiqtisadi sahədə iqtisadiyyatın tarazlaşdırılması istiqamətində qazanılan uğurlar nəticəsində bir sıra sosial addımların atılmasına başlanılıb”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov AzTV-də “Günün nəbzi” proqramında qonaq olarkən bildirib.
Samir Şərifov qeyd edib ki, 2008-ci ildən başlayaraq Azərbaycanda sosial tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsi baş verir: “2016-2017-ci illər ölkəmiz, ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla dolu illər olub. 2016-cı ildə ölkəmizdə iqtisadi artım mənfi məcraya yönəlmişdisə, 2017-ci ildə artıq ölkəmizdə iqtisadi artım müsbət trayektoriyaya qayıdıb. Yəni 0,1 faiz iqtisadi artım əldə edilib. 2018-ci ilin ilk aylarında Prezident İlham Əliyev tərəfindən əmək haqlarının artırılmasına dair bir sıra sərəncamlar imzalanıb və bu sərəncamlarla o vaxt əmək haqları, təqaüdlər, sosial müavinətlər və s. 10% artrılıb. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 500 milyon manatdan artıq vəsait sərf edilib. 2019-cu ildə bu siyasət davam etdirilib. Cari ilin mart-aprel aylarında ilk sosial tədbirlər paketi bəyan edilib və onun həyata keçirilməsinə başlanılıb. Bu kifayət qədər böyük miqyasda idi. Minimum əməkhaqqı 130 manatdan 180 manata qədər artırılıb və bununla yanaşı minimum pensiyanın məbləği də 160 manata çatdırılıb. O vaxt bu rəqəm 116 manat idi. İndeksasiyanı da nəzərə alsaq 120 manat idi. Prezidentin sərəncamlarına əsasən, təkcə bu tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən 340 milyon manat vəsait ayrılıb”.
Samir Şərifov əhalinin gəlirlərinin artmasının inflyasiyaya səbəb olacağı ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:
“Biz inflyasiya baxımından hər hansı ciddi təzyiq müşahidə etmirik. Amma buna diqqət yetirilir. İkinci artım isə artıq payız aylarına təsadüf edəcək. İndi qəbul edilmiş qərarın icrasına vaxt lazımdır. Biz bilavasitə böyük inflyasiya təzyiqlərini görmürük. Bu gün inflyasiya kifayət qədər aşağı səviyyədədir”.
Xəbər 1168 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|