Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.11.2023  09:10 

İfrat tolerantlığımız və bir də müsəlman olmağımız





A+  A-

Biz, illərdir "Azərbaycan bir çox millətlərin və dini konfensiyaların dinc yanaşı yaşadığı dövlətdir", deyib dururuq. Əslində, bu istiqamətdə var gücümüzlə çalışırıq. Həm dövlət olaraq, həm də vətəndaş... Tədbirlər keçirir, yay-qış məktəbləri təşkil edir, demək olar ki, dünyanın hər yerindən - uzaq Amerikadan tutmuş yaxın Gürcüstana qədər gəncləri Azərbaycana dəvət edib regionlara aparır, yedirib-içirib müsəlman ölkəsində xristianları, onların dini – mədəni abidələrini necə qoruduğumuzu bəh-bəhlə göstəririk. Hər il dinlərarası dialoqun vacibliyi haqqında keçirilən beynəlxalq konfranslara, elmi simpoziumlara ev sahibliyi edirik. Amma görünür, ya biz doğru-düzgün təbliğat apara bilmirik, ya da bizi avam yerinə qoyublar.

Mən, tarixin dərinliklərinə varıb heç kimi yormaq istəmirəm. Məsələn, deyə bilərəm ki, hələ eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana gələrək burada yaranan Alban kilsəsinin əsasını qoyublar və s. Demirəm, ona görə ki, dünyanın ədaləti tükənib, gerçək tarix indi heç kimin vecinə də deyil. Heç reaalıq da... Əgər, belə olmasaydı xristianlara məxsus “persecution.org” saytı bu günlərdə (noyabr, 2023) Azərbaycanı xristianların ən çox təqib olunduğu 10 ölkə arasına “daxil etməzdi”. Və yaxud da beynəlxalq “Fox News” telekanalı bu “faktı” əsas götürərək Amerika Beynəlxalq Xristian Konserninin (ICC) bəyanatına efir ayırıb (4 noyabr, 2023) məsələni qloballaşdırmazdı.

Xatırlayırsınızsa, iki il əvvəl "The Anatomy of Genocide: Karabakh`s Forty-Four Day War" ("Soyqırımın anatomiyası: Qarabağdakı 44 günlük savaş") adlı hesabatı yayan İCC Azərbaycanla Türkiyəni 44 günlük İkinci Qarabağ Savaşında "qarabağlı ermənilərə qarşı soyqırım tətbiq etməkdə" suçlamışdı.



Bu arada İCC-nin maliyyə mənbələrinə ötəri nəzər salmaq kifayət edər ki, bu təşkilatın “ədalətli və humanist” mövqeyi aydın görünsün. Son 3 ildə İCC-nin ən böyük maliyyə donorları arasında "Amerika Erməni Assambleyası" (Armenian Assembly of America, AAA), Demokratik Partiyada Erməni Komitəsi (Armenian-American Democratic Leadership Council), Respublikaçılar Partiyasında Erməni Komitəsi (Armenian-American Republican Council), Erməni Milli İnstitutu (ANİ), Zoryan institutu (Zoryan Institute) var. İCC hesabatlarının daim, sürəkli dərc olunduğu media strukturları arasında ABŞ-dakı ermənilərin "Hairenik", "Armenian weekly", "Massis Weekly", "Armenian Liberty", "Snark New Agency", "Armenian News" və "Azbarez" nəşrləri ən fəallar arasındadır. (Mənbə: https://news.milli.az/politics/916900.html)

* * *

Bütün bunların baş verdiyi bir zamanda hanı bizim dünyadakı xristian və yəhudi dostlarımız? Hanı evimizin içindəki (yağ içində böyrək kimi bəslədiyimiz) xristian icmaları... Doğrudanmı, onlar Azərbaycanda təqib olunur? Əlbəttə, bunun belə olmadığı, gerçəkdə isə Azərbaycanın sözün bütün mənalarında tolerant bir ölkə olduğu yaxın-uzaq "dost mərkəzlərinə" bəllidir. Lakin hansı səbəblərdən (həm də indiki həssas bir dönəmdə) bu gerçəkliyin əksinin bəyan edilməsi, əslində isə özlərini dünya siyasətinin qroysmeystri hesab edənlərin ifrat dərəcədə "piyada" gedişinə bunca üstünlük vermələri əsla başadüşülən deyil. Axı səbəb nədir ki, Azərbaycan bir dövlət olaraq haqq etmədiyi ədalətsizliyin bədəlini ödəmiş olsun.

Təəssüf ki, açıq qalan bu kim suallara cavab gecikir. Amma bu gerçəklik inkaredilməzdir: ifrat tolerantlığımız və bir də müsəlman olmağımız baş verən bu kimi eybəcərliyin ayaq tutub yeriməsində əsas “təkanverici” amil olaraq qalmaqdadır.

Məsələnin bu həddə çatmasında istər dövlət, istərsə də qeyri-dövlət qurumlarının, xüsusən də DQİDK və QMİ-nin günah payı yetərincədir. Od püskürməli olan bu qurumlar ara-sıra şablon bəyanatlar verməklə daxili auditoriyanı belə inandırmaq qüdrətində deyillər...



Təkcə bunlarınmı? Əlbəttə, yox... Bu sıraya Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Akesiy, Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti Vladimir Fekete, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilinin rəhbərlik etdiyi qurumları və digər xristian təmayüllü mədəni və dini mərkəzləri, hətta Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelini əlavə etmək olar.

Susmayın cənablar, susmaq razılıq əlamətidir.

* * *

Axı siz də yaxşı bilirsiniz ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 37 qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllü icma reyestrə düşüb. Respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Sovet hakimiyyəti illərində ləğv olunmuş Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası (hazırda Bakı və Azərbaycan Yeparxiyası) məhz Heydər Əliyevin təşəbbüsü ilə bərpa olundu. Bu isə, Heydər Əliyevin etnik və dini azlıqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Həmçinin, Prezidenti İlham Əliyevin göstərişi ilə 15 noyabr 2013-cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini – Mədəniyyət Mərkəzi açıldı.

İncə bir məqama diqqət edək. Azərbaycanda rus pravoslavları ilə yanaşı, Gürcü Pravoslav Kilsəsinin mənsubları da yaşayır. Onlar, əsasən, Qax rayonunda məskunlaşıblar. Burada 4 gürcü pravoslav məbədi fəaliyyət göstərir: Qaxingiloy kəndində Müqəddəs Georgi gürcü-pravoslav kilsəsi, Əlibəyli kəndində Müqəddəs Nino kilsəsi, Kötüklü kəndində Müqəddəs Sameba kilsəsi, Meşəbaş kəndində Müqəddəs Mixeyil kilsəsi. Bu gürcü pravoslav məbədlərinin hamısı XIX əsrin sonunda tikilib.



Hazırda, ölkəmizdə protestantlıq müxtəlif cərəyanları ilə təmsil olunur və dövlət qeydiyyatından keçən protestant icmaları da var: “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini icması, Bakı şəhəri “Alov” xristian dini icması.

Qeyd edək ki, günümüzdə Azərbaycanda dörd molokan dini icması da dövlət qeydiyyatına alınıb: Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması, Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması, Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması, İsmayıllı rayonu İvanovka kəndi “Molokan ruhani-xristian” dini icması.

Ruhani xristianlığın digər qolu olan duxoborlar 1844-cü ildə məskunlaşaraq Slavyanka kəndinin əsasını qoymuşlar. Gədəbəy rayonunda yerləşən bu kənd ölkəmizdə yeganə duxobor yaşayış məskənidir. (Mənbə: DQİDK).

Bütün bunlar Azərbaycanda milli azlıqların dini hüquqlarının qorunmasının bariz nümunəsidir. Bu müsbət nümunə zaman-zaman xristian dünyasının başbilənləri tərəfindən də təsdiqlənib. Ən yeni tarixə ekskurs etsək, deyə bilərik ki, Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın Patriarxı mərhum II Aleksiy ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs elan etmiş (27 may, 2001-ci il) və ona baş kafedral kilsə statusu vermişdi. Bu məbədin bərpasını da Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov etmişdir.

Başqa bir nümunə: 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbəd – Müqəddəs Məryəmin Miladı Baş Kilsəsi bərpa olunmuşdur.

Qəbələnin Nic qəsəbəsində yerləşən “Müqəddəs Məryəm Ana” alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanıb və 2020-ci ilin noyabr ayında bərpa işləri başa çatdırılıb.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra katolik icması yenidən fəaliyyətini bərpa etdi. Bakı şəhəri Roma Katolik dini icması dövlət qeydiyyatına alındı (2 aprel 1999-cu ildə). Həmçinin, ümummilli lider Heydər Əliyevin göstərişi ilə Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayrıldı. Nəticədə, 2007-ci ildə ölkə paytaxtının ən gözəgəlimli yerində Məryəm Ananın şərəfinə katolik kilsə ucaldıldı. 2011-ci ildə isə “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” dini qurumu dövlət qeydiyyatından keçdi.

Respublikamızda katoliklik mənsublarının sayına görə pravoslav və protestantlıqdan sonra gəlir. Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının nəzdində Tereza Ana adına kimsəsizlər üçün sığınacaq evi, “Məryəm” tədris mərkəzi və digər xeyriyyə təsisatları fəaliyyət göstərir.



Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir, ibadətlər bazar və dini bayram günləri yerinə yetirilir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olunub. Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavel 22-24 may 2002-ci il tarixdə Azərbaycana etdiyi tarixi səfəri zamanı ölkəmizdəki dözümlülük ənənələrini xüsusi qeyd etmişdir.

Hazırda, Bakı və Azərbaycan Yeparxiyasının tabeçiliyində səkkiz ibadət yeri (5 kilsə, 2 çasovnya, 1 dua evi) fəaliyyətdədir. Onlardan dördü Bakı şəhərində, digərləri isə Gəncə, Sumqayıt, Xaçmaz və Lənkəranda yerləşir.

* * *

Roma patriarxı I Varfolomey Azərbaycanda rəsmi səfərdə olub (2003-cü il aprelin 16-dan 18-dək). Şərqi Roma pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi sıx münasibətlər yaratmaq, habelə, dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət idi. Azərbaycana gəlişindən əvvəl patriarx üç müsəlman ölkəsinə səfər etmişdi. Onun etirafına görə, ölkəmizdəki dini konfessiyalara münasibət, habelə, ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir.

Bildiyiniz kimi, Dünya Dini Liderlərinin birinci Bakı Sammiti (aprel, 2010-cu il) çərçivəsində keçirilən II Plenar iclasda çıxışı zamanı Vatikanın Dinlərarası Pontifik Şurasının İslam dini ilə dialoq departamentinin sədri Xaled Akaşe digər dövlətləri Azərbaycandakı bu modeli əxz edərək özlərində tətbiq etməyə çağırdı. Vatikanın nümayəndəsi ölkəmizin tolerantlıq modelini “çox faydalı metod” adlandırdı. Moskva və bütün Rusiyanın patriarxı Kirill isə Bakının qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm məkana çevrildiyini vurğuladı. Belə olan halda Azərbaycanda xristianlar niyə təqib olunsun ki?

Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir.

Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökumət təşkilatları, habelə, beynəlxalq qurumlar da müəyyən rol oynayır. Şəxsən, bəndənizin rəhbərlik etdiyi QHT dövlətin donorluğu ilə ölkədə mövcud olan xristian kilsələri ilə bağlı sənədli film ortaya qoyub.



Prezident İlham Əliyev hər il Azərbaycanın Pravoslav xristian icmasını (dini bayram günlərində) təbrik edir. Həmçinin, mütəmadi olaraq dövlət büdcəsindən onların icmalarına maddi yardım göstərilir (Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat).

Bütün bunlar bir daha onun isbatıdır ki, tolerantlıq ölkə vətəndaşlarının canında, qanında – cövhərindədir.

* * *

Qarabağın ermənilər tərəfindən işğalı zamanı dağıdılan, təmir adı altında erməniləşdirilən xristian abidələrinin taleyi 30 il ərzində beynəlxalq təşkilatları maraqlandırmayıb. Məsələn, Xocavənd rayonunun Dağyurd kəndindəki abidə inşa edilərkən dini ibadət üçün nəzərdə tutulmayıb. Yəni abidə nə kilsə, nə də monastır olub. Abidənin görkəmi erməniləri “qane” etmədiyindən, onlar abidənin ümumi görünüşünü dəyişdiriblər.

Dağyurd kəndində Qafqaz Albaniyası dövrünə aid olan XII-XIII əsr abidəsi, Hadrut istiqamətində Ziyarət dağındakı sovmə, Ağdərə ərazisindəki Xotavəng monastırı, Ağoğlan monastırı, Mirik abidələri, Gəncəsər monastırı və başqaları ya dağıdılıb, ya da ilkin formaları dəyişdirilib, divarları mərmərlə bağlanıb.



Bir sözlə ermənilər işğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aid tarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirib, ya da uçurublar. Onların arasında Tuğ kəndindəki abidə, İohan rus-pravoslav kilsəsi, Şuşada Qazançı adlandırılan rus pravoslav kilsəsi və başqları da var. Hazırda Qazançı kilsəsində və digərlərində bərpa işləri aparılır.

UNESCO da daxil olmaqla, bəzi beynəlxalq qurumlar və şəxslər heç bir əsas olmadan Azərbaycanın azad etdiyi suveren ərazilərindəki xristian abidələrinin taleyindən narahatlıq ifadə edirdilər. UNESCO-nun reaksiyasından belə təəssürat yaranırdı ki, sanki xristian abidələri müsəlman abidələrindən daha önəmlidir. Bu, onu göstərir ki, mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələr qorunmalı olduğu halda, UNESCO və bəzi siyasi dairələr tərəfindən açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir.

Düzdür, Azərbaycan tərəfindən, ölkə prezidenti səviyyəsində bu iddialar cavablandırıldı, əsassız olduğu bəyan edildi, nəyinki Qarabağda, ümumilikdə Azərbaycanda mövcud olan kilsələrə münsaibətin heç də məscidlərə olan münasibətdən fərqlənmədiyi bəyan olundu.

Prezident İlham Əliyev Kəlbəcər rayonunun erməni işğalından azad edilməsi ilə əlaqədar xalqa müraciətində bildirdi ki, xristian abidiləri Azərbaycanın mədəni sərvətidir, Qafqaz Albaniyasının irsidir: “Xristian abidələri Azərbayan dövləti tərəfindən qorunur. Bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim Alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır”.

2020-ci ilin dekabrında Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” qəzetində (ABŞ) çap olunan yazısında deyilirdi: “Azərbaycan guya xristian irsinə təhdid yaratmaqda günahlandırılır. Əlbəttə ki, biz belə ittihamların qarşısını ala bilmərik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan son 30 ildə müxtəlif dinlərin inkişafına töhfə verib, dini tikililəri bərpa edərək onların keçmiş şöhrətini geri qaytarıb. Bu, 30 il işğal altında qalmış, işğaldan bu yaxınlarda azad edilmiş ərazilərə nədən şamil olunmamalıdır?”



Bütün bu açıqlamalara və müəllif yazılarına baxmayaraq təhdidlər bu gün də davam edir. Məsələn, rusiyalı politoloq Qleb Kuznetsov öz bloqunda yerləşdirdiyi, “Vzqlyad” adlı Rusiya internet nəşrinin də çox həvəslə yaydığı “Разрушение карабахского храма – признак войны на уничтожение армян” adlı məqalədə təxminən belə yazırdı: “Azərbaycan tərəfi qalib gəlsə, bu, “ərazi bütövlüyü uğrunda” müharibə deyil, bu, məhvetmə müharibəsidir. İnsanların məhvi, tarixin məhvi və mədəniyyətin məhvi...”

Göründüyü kimi, bəzi politoloqlar bir az da irəli gedərək Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşa dini don geyindirməyə çalışırdılar.

* * *

Şübhəsiz, din həm də bir ünsiyyət aləti kimi daxili və xarici münasibətlər sistemində dialoq körpüsü rolunu oynamalıdır. Amma real mənzərə bunun əksini göstərir – dünyanı “idarə” edənlər sanki bu körpünü dağıtmağı qarşılarına məqsəd qoyublar. Hazırda, dünyanın bəzi güc mərkəzlərinin dindən təhlükəli şəkildə istifadə etmələrinə hamı şahiddir.

Nəhayət, Azərbaycanda xristianların sıxışdırılması iddiası Fələstində - Qəzzada baş verənlərlə eyni dövrə təsadüf edir. Qəzzada baş verənlər isə bütün zamanlara şahidlik edəcək… Zaman isə sürətlə gedir və müsəlmanların iffəti də eyni sürətlə tapdalanır.

Niyaz NİFTİYEV

Xəbər 484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +