Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


09.11.2023  12:20 

75 İLLİK ÖMRÜN AKKORDLARI





A+  A-

Zakir Abbası uşaqlıqdan, məktəbdə oxuduğum vaxtlardan tanıyıram. Biz uşaq olan vaxtlarda (XX əsrin səksəninci illəri) məktəblilər şairlərin, yazıçıların yaradıcılıqlarını, habelə televiziyanı yaxından izləyərdilər, çoxlu kitab oxuyardılar, maarifləndirici verilişlərə baxardılar. Müasir zamanda bu məsələlərə münasibət bir qədər dəyişib. XXI əsr rəqəmsallaşma, informasiya texnologiyaları əsridir. İndi insanlar kitabdan, televiziyadan daha çox, sosial şəbəkələrə üstünlük verirlər.

Bizim uşaqlığımız daha fərqli idi. Şairi, yazıçını, televiziya aparıcısını həyatda canlı görmək bizim üçün bayram olardı. Əgər yazar bizə bir kitabını hədiyyə etsəydi, sevincimizdən səhərə kimi yata bilməzdik...

Yazarları, habelə digər məşhur adamları televiziya vasitəsiylə izləmək də bizi xoşbəxt edirdi. Görünür, bir zamanlar xoşbəxt olmaq daha asan imiş...

Bax, belə vaxtlarda mən söz adamı olan Zakir Abbasın imzasını tanıdım. Zakir Abbas mənim doğulduğum rayonda – doğma Masallımızda dünyaya göz açıb.

Uşaqlığı Masallıda keçib. Təhsilini davam etdirmək istəyən bütün gənclər kimi paytaxta üz tutub, ali təhsil alıb, doğma rayonuna qayıdaraq müqəddəs müəllimlik peşəsi ilə məşğul olub. Lakin içindəki yazıb-yaratmaq eşqi, ədəbi mühitdə yaxından iştirak etmək həvəsi yenidən onu paytaxta üz tutmağa sövq edib.

Sonradan yenə də Zakir Abbas Masallıya qayıdıb. Bir tələbəsinin yazdığı kimi: “Bu günümüzdə nadir ziyalı adam tapılar ki, uzun müddət yaşadığı şəhər mühitindən ayrılıb əyalətə gəlsin”. Lakin, harda yaşamağından asılı olmayaraq Zakir Abbas zəngin, şərəfli bir ömür yaşayıb və bu ömürə nə qədər çox iş sığdıra bilib... Yazıçı, tərcüməçi, tədqiqatçı, jurnalist, publisist, ssenarist, pedaqoq, redaktor və s.

Yaxınları, həm də onun gözəl müsiqi bilicisi olduğunu söyləyirlər. O, hətta milli musiqi alətlərində gözəl ifa etməyi də bacarır. Bir insanda bu qədər qabiliyyətin olması necə də gözəldir...

Bəli, Zakir Abbas bir ömürdə bir neçə ömür yaşayanlardandır. Mən bu yazıda Zakir Abbasın potretini yaratmağa çalışacağam.

Yazıçı Zakir Abbas

“Yazarlıq bir taledir, alın yazısıdır”, bu cümləni tez-tez eşidirik. Belə taleyə malik olmaq hər insanın qisməti deyil. Bu, ancaq Tanrının seçdiyi, fərqləndirdiyi insanlara aiddir. Zakir Abbas da belə seçilənlərdəndir. O, “Məad” və “Dərəbəylik” telepyeslərinin və “Kənar adam” kitabının müəllifidir.

Zakir Abbas yüksək intellektə malik yazıçıdır. O, erudisiyası ilə də seçilənlərdəndir. Tarixi, dini, ədəbi mövzularda geniş məlumata malikdir. Zakir Abbasla bağlı pedoqogika elmləri doktoru, professor Fərahim Sadıqov yazır: “Yazıçının böyüklüyü onun bədii təxəyyülünün genişliyi ilə izah edilir. Bu mənada Zakir Abbasın istər publisistika sahəsində, istər bədii yaradıcılıqda, istərsə də mütərcimliyindən yaranan əsərləri brend məhsullar kimi dəyərləndirmək olar”.

Zakir Abbas, həm də gözəl tarix bilicisidir. Tarixi bilgiləri ona ədəbiyyatla, musiqi ilə tarix arasındakı bağları qiymətləndirməyə imkan verir. Zakir Abbasla bağlı yazısında Azərbaycan Respublikasının Əməkdar artisti, gözəl xanəndə Ruzə İbişova yazır: “Zakir müəllimin məntiqinə görə, muğamatı yalnız musiqi janrı kimi qəbul etmək onun mahiyyətini kiçiltmək deməkdir. Ona görə ki, muğam insanlığın tarixindən, ruhi düşüncəsindən doğulan kamil fəlsəfi cərəyandır”.

Pedaqoq Zakir Abbas

Zakir Abbas haqqında fikir bildirən hər kəs (xüsusilə də dərs dediyi tələbələr) onun gözəl pedaqoq olduğunu vurğulayır. Bir insan üçün “gözəl pedaqoq” ifadəsindən ülvi nə ola bilər?... Özüm də pedaqoq olduğum üçün tələbələrin, şagirdlərin sevgisinin qazanmağın nə qədər çətin olduğunu bilirəm. “Tələbələrinə ümid paylayan müəllim olmaq” hər kəsə nəsib olmur. Bunu hər kəs bacarmır...

Mən bu kitabı oxuyarkən ən çox diqqətimi çəkən yazılardan biri də, Zakir müəllimin tələbəsi Təranə Əlizadənin məqaləsi oldu. Təranə xanım öz müəllimi haqqındakı məqaləsini böyük entusiazmla qələmə alıb. O, yazır: “Zakir müəllim redaksiyamızın qapısını açanda sevinirəm. Bilirəm ki, gəlib məni dayandığım yerdən götürüb bir pillə də o yana qoyacaq. Həmişə özümə onun gözündəki yüksəklikdən baxmaq istəmişəm, amma boyum çatmayıb”. Bu məqaləni oxuyarkən Zakir Abbasın həmyaşıdı olan, çox sevdiyim şair Vaqif Bayatlı Önərin aşağıdakı misraları yadıma düşdü:

Böyük dəryaları,
böyük səhərləri,
böyük insanları daşıdıqca,
böyüyür insan ürəyi.


İndiki dövrdə ürəyimizdə böyüyən, bizləri öz gözümüzdə böyüdən insanlara çox ehtiyacımız var... Bəlkə də hər zaman bu cür insanlara ehtiyac olub, lakin yaşadığımız XXI əsrdə, virtuallaşan dünyada bu ehtiyac daha da artıb desəm, yəqin ki, yanılmaram...

Tərcüməçi Zakir Abbas

“Tərcüməçilik çətin peşədir” cümləsi heç də təsadüfi deyilməyib. Başqasının yazdığı əsəri yaxşı tərcümə etməkdən ötrü həm o yazarın yaradıcılığını, həm də əsəri çevirdiyin dili mükəmməl bilməlisən. Ölkəmizdə ədəbi tərcümə sahəsində kifayət qədər problemlər mövcuddur. Son illərdə bu mövzu tez-tez diskussiya predmetinə çevrilir. Ədəbi tərcümənin keyfiyyətsizliyindən gileylər çoxalır. Bu problemin obyektiv və subyektiv səbəbləri var. Lakin Zakir Abbas tərcümə sahəsində də peşəkarlıq nümayiş etdirir. O, V.Snegiryovun “Barıt qoxulu sübh çağı” (tarixi roman), K.Stanislavskinin “Seçilmiş əsərləri” (I-II cildlər), C.Morostinin “Tamerlan” (tarixi roman), M.Parentinin “Seçilmişlər üçün demokratiya” (Amerikanın tarixi), İ.Buniçin “Partiyanın qızılları” (tarixi-publisistik roman), T.Şevcenkonun “Əkizlər” və “Rəssam” (povest), F.Dostoyevskinin “Cinayət və cəza” (roman), Homer Cekin “Qandi müdrikliyi” (tarixi-publisistik roman), İrvin Yalomun “Nitsşe ağlayanda” (tarixi roman), Oşonun “Meditasiya” elmi-kütləvi traktatlarını tərcümə edib.

Zakir Abbas, habelə Avropa dramaturqlarının 9 irihəcimli pyesini və bir neçə bədii televiziya filmini də Azərbaycan dilinə çevirib.

Zakir Abbasın tərcümə yaradıcılığında diqqətimi çəkən nüans onun daha çox tarixi romanlara üstünlük verməsidir. Bu, onun tarixə olan ciddi marağından və verdiyi dəyərdən irəli gəlir. Çünki hər bir milləti var edən və gələcəyə aparan onun tarixidir. Necə deyərlər, keçmişsiz gələcək yoxdur.

Jurnalist Zakir Abbas

Zakir Abbas, həm də tanınmış jurnalistdir. O, “Məqam”, “Liqa” qəzetlərinin təsisçisi olub. Hər iki qəzetin baş redaktoru kimi uzun illər fəaliyyət göstərib. Zakir Abbasın imzası jurnalistika sahəsində hər zaman sayılıb-seçilib.

Zakir Abbas iyirmi il “Ocaq”, “Hücrə”, “Ağ qoç - qara qoç” və “Meydan” verlişlərinin həm müəllifi, həm də aparıcısı olub. Əməkdar İncəsənət xadimi, dramaturq Əli Əmirli bu verilişlərlə bağlı yazır: “Bu proqramların uzunömürlü olmasında, şübhəsiz, müəllif və aparıcı kimi Zakir Abbasın rolu həlledici idi”.

Zakir Abbasın müəllifi olduğu verilişlər tamaşaçılar tərəfindən çox sevilib. Çünki, o, bu verilişlərdə daha çox milli-mənəvi dəyərlərimizə yer ayırıb, onları sevə-sevə təbliğ edib. Zəngin folklorumuzu, ədəbiyyatımızı bizə sevdirib. Bu gün belə verilişlərə nə qədər ehtiyac var...

Tədqiqatçı Zakir Abbas

Zakir Abbas, həm də tədqiqatçıdır. Zakir Abbasın tədqiqatları əsasən cənub folkloru, sənət, xalq yaradıcılığı, din kimi sferaları əhatə edir. “Cənub folklorunun etik və estetik xüsusiyyətləri”, “Təsəvvüf-ilahi sirləri dərk etmək məqamıdır”, “Sənət-şəxsiyyətlə istedadın sintezindən yaranmalıdır”, “Peyğəmbərlər din yaratmır”, “Məhəmməd peyğəmbər dini tolerantlığın banisidir”, “Tarixi hadisələrin xalq yaradıcılığında əksi” və digər tədqiqatları vardır. O, tədqiqatlarında da milli-mənəvi dəyərlərə üstünlük verir.

Zakir Abbasın dinə baxışı da özünəməxsusdur. “Mən dindar deyiləm, Allah adamıyam” deyimi nədənsə mənə “İlahi” şeirimi xatırladır:

Bir az gec doğuldum, bir azcıq erkən,
Mənim səbrimdən də uzunmuş örkən,
Sənə ürəyimdən yollar var ikən,
Körpü nəyə lazım, dindən, İlahi?

Budur, ədəbiyyat, söz adamlarının ruh yaxınlığı... Bəlkə də bu ruh yaxınlığıdır ki, bəzən həyatda üzünü görmədiyin insanları özünə doğma hesab edirsən...

Ön sözardı: Mən bu “Ön söz”ü yazarkən diqqətimi dostlarının Zakir Abbasla bağlı fikirləri cəlb etdi. Bir insanı tanımaq üçün onun ətrafındakı insanlara nəzər salmaq kifayətdir. Zakir müəllimin dəyərli dostları onun haqqında qiymətli fikirlər yazıblar. Dostları onu səmimi, təvazökar biri olaraq dəyərləndirirlər. Hər kəs onun dostluqdakı sədaqətindən söhbət açır. Bir insanın sahib olacağı ən gözəl dəyərlərdən biridir sədaqət... Yaxın dostlarından biri Ayıq Səmədov onu belə səciyyələndirir: “Hətta ona qarşı haqsızlıq edənləri də heç nə olmamış kimi bağışlaya bilir”. Zakir Abbas haqqında dostlarının fikirlərini oxuduqdan sonra mərhum Qənirə xanım Paşayevanın bu deyimini xatırladım: “Adam kimi Adam”...

Bilmirəm, bu yazıda Zakir Abbasının portretini nə qədər yarada bildim?... Axı, yazının əvvəlində də qeyd etmişdim ki, Zakir Abbas bir ömürdə bir neçə ömür yaşayanlardandır...

Təbii ki, bu qədər zəngin ömrü bir yazıya sığdırmaq çox çətindir. Lakin mən bu şərəfli ömrün ən əsas məqamlarını göstərməyə çalışdım. Şam kimi əriyən ömürdən geriyə qalanlara diqqət çəkdim.

75 yaşınız, yubileyiniz qutlu olsun, Zakir müəllim!



Rəsmiyyə SABİR,
Şair, iqtisad elmləri doktoru.


Xəbər 1025 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +