Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


30.07.2023  10:40 

Mədəni kimliyimizi rusa, dini kimliyimizi farsa, mental kimliyimizi ərəbə...





A+  A-

Ərəb və ərəb dili haqqında belə bir intellektual deyim var: ərəb, ərəb dilini danışmır, ərəb dili ərəbi danışır. Bu çox maraqlı yanaşmadır. Yəni millətin öz dilində danışmasıyla yanaşı, dil də öz millətini danışan bir fenomendir. Amma bu hansı halda baş verir? Dil də vətəndaşın özü kimi milli kimliyinə sədaqətli olduğu halda.

Bu gün rəsmi adıyla desək, Azərbaycan dili folklorun və məişətin kənarına çıxan kimi öz millətinə xəyanət edir: ya rusu danışır, ya farsı, ya da ərəbi. Çünki, adətən, biz mədəni kimliyimizi rusa, dini kimliyimizi farsa, mental kimliyimizi ərəbə “muzdurluq” etdiyi yerdə yaxalayırıq. Bəzən də könüllü, fərqinə varmadan edir bu qulluğu.

Bu gün təkcə ərəb dili ərəbi danışmır, elə Azərbaycan türkcəsi də ərəbi danışır.

Niyə?

Çünki mədəniyyətimizi təmsil edən elementlərin çoxu yad millətlərə məxsus və həyatımızda funksionallığı olmayan elementlərdir. Məsələn, teatrın, baletin, simfonik musiqinin, intellektual irsin azərbaycanlının ailə mühitinə girə bilməməsinin səbəbi bu mədəni sifətlərin həyatımızda funksionallığının olmaması ilə bağlıdır.

Biz bütün bu mədəni elementləri mənimsəyərkən, özümüzün dünyaya deyil, dünyanın bizə münasibətini düşünürük. Bu da mədəniyyətin milli sifətini yaratmaq cəsarətimizi əlimizdən alır.

Mədəniyyət bizə dünyanın xoşuna gəlmək üçün sifətimizə yaxdığımız kosmetika kimi lazımdır. Kosmetikanın qalınlığının və parlaqlığının bir qadının kimliyinə, mənəviyyatına təsiri nə qədərdirsə, mədəniyyətin də bizə təsiri o qədərdir.

Polyak əsilli Bronislav Malinovskinin dünyaca məşhur “Mədəniyyətin elmi nəzəriyyəsi” deyə bir kitabı var. Malinovski eynən nyutonsayağı elmi bir müşahidə əsasında mədəniyyətin üç qanununun kəşfi ilə tanınır. Bu üç ana qanunun birincisi budur: "Mədəniyyət bir vasitədir; ehtiyacların qarşılanmasında və özəl, konkret problemlərin həllində kömək edir".

Mədəniyyətin funksionallığı millətin “özəl və konkret problemlərinin həllində kömək etdikdə” üzə çıxır.

Bizim mədəniyyətin funksional qatı özümüzdən başqa hamının işinə yarayır.

Məsələn, İmam Hüseyin sevgisinin izinə düşüb getsən, məlum olacaq ki, fars millətçiliyinə xidmət edirsən. Maarifçilik məktəbini tarixi kontekstdə qurdalasan özünü rus müstəmləkəçiliyinə təlxəklik etdiyin yerdə görəcəksən. Balet oyandığın yerdə başının üzərinə qaldırdığın Çin gözəlinin paçasından gözucu zala göz gəzdirsən, xarici ölkə səfirlərinin arvad-uşağını əyləndirdiyinə şahid olacaqsan.

Niyə? Çünki biz mədəniyyəti özümüzün “özəl və konkret problemlərimizin həllində” vasitə olaraq görə bilmirik.

Əksinə, mədəniyyət bizim üçün “özəl və konkret problemlərdən” yayınmaq vasitəsidir.

Gözümü açandan kəndlərdən şəhərlərə leş əti daşıyan adamlar görmüşəm və bir gün bu problemi “Leş Əli” obrazında ədəbiyyatın mövzusuna çevirməyə cəhd etdim. Bir xeyli köynəyi ütülü, şəxsiyyəti qırışmış ziyalı dedi ki, belə şeyləri yazmaq lazım deyil, mədəni dəyəri yoxdur.

Bu ziyalıların gözündə mədəni dəyəri olan ingilisin, rusun, ərəbin problemi idi, azərbaycanlının probleminin mədəni dəyəri ola bilməzdi.

Bir dəfə də Milli Elmlər Akademiyasının müəllimi qiymət yazmaq üçün məndən qarğıdalı saçağı istəmişdi. Hər dəm “bəlayi-elm” ilə məni aşina qılan təhsilimizin belimə şələlədiyi bu aqrar problemlə əlləşərkən, bir də ayıldım ki, Azdrama-da “Hamlet”ə baxıram.
Sözün açığı, Danimarka kral ailəsinin müsibətini izlədikcə, özümün “qarğıdalı saçağı” dərdimdən utanası oldum. Kral oğlu Hamletin “sürtük anasının və biqeyrət əmisinin dərdi” məni məndən aldı.

Tamaşadan sonra foyeyə çıxdıq və hərə öz dərdindən danışmağa başladı. Hətta mən qəfildən “bizim səhnədki “Hamlet” kral əmisindən daha qoca idi” deyib söhbətin ağzını sənət aləminə çevirmək istəsəm də, xalamoğlu Hamlet əkənin də dədəsinin kəlləsinə söyüb mövzunu qarpızdan zəhərlənən qohumuna görə xəstəxanadan aptekə bint dalınca göndərilməsinə gətirdi.

İllər sonra anladım ki, əslində, Azdrama-nın yarandığı gündən bəri “Şekspir məbədi” kimi fəaliyyət göstərməsi, sən demə, “özəl və konkret problemlərimizin həllini unutdurub” müvəqqəti olaraq bizi bizdən almaq üçün imiş.

Mədəniyyət bizə özümüzü tanımaq üçün deyil, özümüzü unutmaq üçün lazım imiş.

Aqşin Yenisey

Xəbər 859 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +