Azərbaycanlı atlet rekord qıraraq çempion oldu
ABŞ casus peykini orbitə yolladı
Meksikada zəlzələ oldu
Şoyqu İsrailə gedir
İlham Əliyev Salyandadır
Həftənin ilk iş gününə olan hava proqnozu
Həmsədrlər regiona səfər edəcək
İlham Əliyev Neftçalaya getdi
“Tramp Ağ Evi “səs-küylü bazara” çevirib”
Kürdlərin referendumu rəsmən başladı

      

24.08.2017  15:22 

Göz yaşına QURBAN...





A+  A-

Avqustun 23-ü girəndən “facebook”da əsas mövzu “Qarabağ” idi. Futbolun xəstələri də, bu idman növünə cüzi maraq göstərənlər də Danimarkadakı oyunu səbrsizliklə gözləyirdi. Uşağından qocasına, kişisindən qadınına, subayından evlisinə, 7-dən 77-yə “Qarabağ”ı düşünür, onun qələbəsini arzulayırdı. Hamı özünün məişət problemlərini unutmuş və sırf bu tarixi qarşılaşmaya köklənmişdi. Çoxları “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazansa, filan şey edəcəyini vəd edirdi. Günboyu bu ifadə dəb halını aldı. Küçələrdə bununla bağlı sorğu keçirənlər də var idi. Bir sözlə, hamı həsrətlə Kopenhagendəki matçın başlamasını gözləyirdi. Bir dəfə “Qalatasaray” həmin şəhərin həmin stadionunda – “Parken”də bizi sevindirmişdi. 17 il əvvəl “Cim-Bom” “Arsenal”ı məğlub edərək UEFA kubokunun sahibi olmuşdu. Həmin qələbəyə öz uğurumuz kimi sevinmişdik. Bu dəfə isə öz klubumuz bizə sevinc bəxş etdi...
Budur, oyun başlayır. İlk dəqiqələr sakit keçir. Komandamızda start həyəcanı hiss olunmur. Bu çox yaxşıdır. Heç “Kopenhagen” də bütün qüvvəylə irəli atılıb, erkən qol vurmağa cəhd etmir. Bunun bir səbəbi də “Qarabağ”ın rəqibə boş zona verməməsidir. Cinahlar yaxşı bağlanır, nadir hallarda qapı qarşısına asma edilməsinə imkan verilir. Danimarkalılar bu asmaları standart vəziyyətlər, xüsusən də kornerlər hesabına edə bilir. Ancaq Jezniçakın transferindən sonra “2-ci mərtəbə”də daha yaxşı çıxış edən “Qarabağ” skandinavlara başla sevinmək imkanı vermir.

Dəqiqələr keçir, zaman lehimizə işləyir. Əhvalımızı korlayan yeganə məqam Geryenin zədələnərək oyunu tərk etməsidir. Onun yerinə Əfran meydana daxil olub. Ancaq bir neçə gün öncə çoxlarının lağ obyektinə çevirdiyi İsmayılov pis təsir bağışlamır. Yalnız bir epizodda qapımız qarşısında top itkisi az qala qolla nəticələnəcəkdi. Yaxşı ki, rəqib futbolçunun zərbəsi az fərqlə qapıdan aralı keçdi. Amma bu, Şehiçin səhvi yanında heç nə idi. Onsuz da ilk hissədə çoxlu qeyri-dəqiq hava ötürməsiylə əsəblərimizlə oynayan İbrahim 45-ci dəqiqədə heç bir ehtiyac olmadan uğursuz çıxışla hamımızı məyus etdi. Santander başla hesabı açır.

Fasiləyə məyus yollanırıq. Danimarkalılar isə sevinc içindədir. Bəlkə də “Parken”dəki əksər azarkeşlər özlərini növbəti dəfə ÇL-in qrupunda görür. Ancaq fasilədə Qurban Qurbanov yetirmələrini ruhlandırır. Onlara “yaxşı oynayırsız, siz burada tarix yazacaqsınız” deyir və sanki futbolçuların ikinci nəfəsi açılır. İkinci hissə başlayır. 1:0 hesabı oyunu əlavə vaxta daşıyacaq. Ancaq “Qarabağ” məsələni 90 dəqiqə çərçivəsində həll etmək fikrindədir. Miçel iki dəfə danimarkalıları həyəcanlandıra bilir. Bu, baş zərbələri qolumuzun yetişdiyini göstərirdi... Və həmin 63-cü dəqiqə. Miçel topu sol cinahla irəliləyən Ansiyə ötürür. “Kopenhagen”in müdafiəçiləri asma gözlədiyi məqamda Aqolli yerlə iti ötürmə verir. Topu ustalıqla saxlayan Ndlovu bütün Azərbaycana həyat bəxş edən qolu vurur.

Artıq rəqibə qrupa düşmək üçün 2 cavabsız qol lazımdır. Düzdür, onlar çox keçmədən bu qollardan birini vurur. Ancaq ikincisini vurmaq müşkül məsələdir. “Qarabağ” ağılla müdafiə olunur. Qurbanov daha bir taktiki gediş edərək Əfranı Rəşadla əvəzləyir. Kapitanın varlığı komanda üçün çox şey deyir. Müdafiə xətti indi daha soyuqqanlı təsir bağışlayır. Sadıqov təcrübəsini işə salaraq bir neçə dəfə təhlükəli topları dəf edir. Oyundan çox saniyələrin gedişini izləyirik. Bizim üçün əzablı dəqiqələr aramla gedir. Sanki bir il keçir. Rəqibin hər təhlükəli hücumu bizi sanki 10 il qocaldır. Ancaq dəyərmiş... Və budur final fiti səslənir. Futbol tariximizin ən gözəl məğlubiyyətinə sevirik. Çünki illərdi gözlədiyimiz tarix yazıldı. O tarixi “Qarabağ” yazdı. O tarixi Qurban yazdı. Qurbanovun axan göz yaşları qələbənin dəyərini göstərirdi. Bu göz yaşlarını bundan əvvəl 2 dəfə də görmüşdük. Birinci dəfə baş məşqçi kimi ölkə çempionu olanda, ikinci dəfə Hollandiyada “Tvente”ni mübarizədən kənarlaşdırıb Avroliqanın qrupuna vəsiqə qazananda.

Təbriklər, “Qarabağ”! Çox sağ ol, “Qarabağ”! Bizə bu sevinci bəxş etdiyin üçün sənə can QURBAN!!!

Hacı Mərdan

Xəbər 832 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

24.09.2017  18:51 

ABŞ casus peykini orbitə yolladı

24.09.2017  17:46 

Meksikada zəlzələ oldu

24.09.2017  16:23 

Şoyqu İsrailə gedir

24.09.2017  15:09 

İlham Əliyev Salyandadır

24.09.2017  14:18 

İlham Əliyev Neftçalaya getdi

24.09.2017  13:09 

Almanlar yeni kanslerini seçirlər

24.09.2017  11:56 

Cəbhədə vəziyyət necədir?

23.09.2017  13:39 

Külək və 31 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +