Formula-1 Azərbaycan Qran-Prisi başladı
80 yaşlı nənəni polislər apardı
Tramp müsəlmanları təbrik etdi
Bakıda keçirilən “Formula-1”də QƏZA
Şənbə günü hava necə olacaq?
Şeyxdən Ramazan təbriki
Flora Kərimova əməliyyat olundu
Dövlətin ədaləti
İlham Əliyev Şirvanda
Telman İsmayılova daha bir şok

      

31.05.2017  17:16 

“Tələbələrin böyük məbləğdə təhsil haqqı borcu var” - ADU-nun rektor əvəzi





A+  A-

XəzərNews.az Azərbaycan Dillər Universitetinin rektor əvəzi Əfqan Abdullayevin APA-ya müsahibəsini təqdim edir:
- Tələbələrin etirazlarını bildirməsinə səbəb nə oldu? Hansı proseslər bu sonluğa gətirdi? İndiyə qədər onların narazılığını universitet daxilində dinləmirdinizmi?

- İlk olaraq bunun səbəbini yəqin ki, elə universitetin daxilində axtarmaq lazımdır. Şübhə yoxdur ki, cari tədris ilində universitetdə tədris prosesində keyfiyyət dəyişikliklərinə nail olmaq istiqamətində xeyli iş görülüb. ADU-nun yeni rəhbərliyinin tələbələr və müəllimlərlə mütəmadi olaraq görüşlər keçirməsi, ardıcıl xarakterli struktur islahatları, imtahanlarda şəffaflığın, xüsusən də ictimai iştirakçılığın təmin olunması təqdirəlayiq hallardır.

Bununla belə, tərəfimizdən universitetin dayaq sütunu olan tələbələrə etinasız yanaşma, xüsusən imtahan prosesi kimi həssas bir proseslə bağlı ətraflı izahat işinin aparılmaması da müşahidə olunur. Bu isə təəssüf hissi ilə qeyd olunmalıdır. Bunun səbəblərindən biri də 8-ci semestrdən, daha dəqiq desək, cari ilin fevral ayının 16-dan etibarən tələbələrin 14 həftəlik pedaqoji təcrübəyə yollanması olsa da, bütün bunlara baxmayaraq, tələbələr arasında daha çox maarifləndirmə aparmaq olardı. Məhz sadalanan səbəblərin nəticəsidir ki, mayın 30-da universitetin 4-cü kurs tələbələri yekun buraxılış dövlət attestasiyasına qarşı öz narazılıqlarını ifadə etdilər. Biz qanunvericiliyin tələblərinə riayət etməklə yanaşı, yekun buraxılış dövlət attestasiyası ənənələrini bərpa etmək, təhsilin keyfiyyət göstəricilərini yüksəltməyi nəzərdə tuturuq. Bu narazılıq göstərdi ki, ADU-da cari tədris ilində verilmiş qərarın tələbələr arasında hansı əhval-ruhiyyə ilə qarşılanacağı tam nəzərə alınmayıb.

- Tələbələri dinləmək üçün prosesə Təhsil Nazirliyi qoşulmalı oldu.

- Təhsil Nazirliyi vəziyyəti dərhal nəzarətə götürdü. Təhsil nazirinin müavini başda olmaqla, nazirliyin bir neçə səlahiyyətli şəxsi ADU-ya gələrək tələbələrlə görüş keçirdilər. Nazir müavini Ceyhun Bayramovun “Azərbaycan Dillər Universitetində tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək” sözləri tələbələrdə onların fikirlərinə hörmətlə yanaşıldığına və məsələnin optimal həllinin tapılacağına ümid yaratdı. Bu, həm də onu göstərdi ki, Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır.

- Dövlət imtahanı məsələsi niyə məhz indi ortaya çıxıb?

- Əslində, bu yeni məsələ deyil. Söhbət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu ildə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır” müddəasının pozulmasından gedir. Belə ki, ADU-da 2011-ci il tarixli əmrə əsasən yekun buraxılış dövlət attestasiyasının hesabat yazmaqla yerinə yetirilməsi barədə qərar qəbul olunub. Bu qərar nəticəsində tətbiq edilən hesabatlara baxdıqda isə aydın görünür ki, onların heç bir elmi məzmunu yoxdur. Bir misal çəkim, özünüz qərar verin.

Hesabatda tələbə “Gələcəkdə kim olmaq istəyirsiniz?” formasında suallara cavab verməklə məzun olur. Yekun buraxılış dövlət attestasiyasını bu şəkildə keçən məzun hansı bilik və bacarıqlara malik ali təhsilli mütəxəssis ola bilər! Biz hələ bu formanın dövlət standartlarına zidd olması barədə danışmırıq.

Digər bir məqam da xüsusi qeyd olunmalıdır. Söhbət ondan gedir ki, ADU- nun bir müddət öncə aparılmış akkreditasiyası zamanı hazırlanan imtahan suallarının elmi tutumunun çox adi və qeyri-peşəkar olduğu məlum olub. Bu suallar vasitəsilə isə tələbələrin yekun biliklərini qiymətləndirmək qeyri-mümkündür. Hazırda sualların məzmununa qarşı tələblərin artırılması çox təəssüf ki, bəzən tələbələr tərəfindən birmənalı qarşılanmır. Halbuki məntiqlə ilk növbədə tələbələrin özləri akkreditasiya zamanı ortaya çıxmış acı nəticələrin aradan qaldırılmasında daha çox maraqlı olmalıdırlar. Belə ki, sözügedən komissiyanın bakalavriatura səviyyəsində təhsil alan tələbələrin bilik səviyyəsinin attestasiyası zamanı əldə olunan nəticələri təəssüf doğurur.

Təsəvvür edin ki, imtahan aparılan ixtisaslardan tələbələrin 63,1 faizi keçə bilib. Onların 28,4 faizi isə imtahanlardan yüksək qiymətlər alıblar. Magistraturada bu göstəricilər müvafiq olaraq 67,7 və 5,9 faiz olub ki, bunun arxasında hansı səviyyədə bilik dayandığını şərh etməyə söz tapmaq olmur.

- Belə çıxır ki, baş verənlər bu günlə bağlı deyil, daha əvvəlin mirasıdır?

- Digər faktı diqqətə çatdırım. Universitet əmək bazarına daha çox pedaqoji kadrlar təqdim edir. Amma bu pedaqoji kadrlar Təhsil Nazirliyi tərəfindən aparılan orta məktəblər üzrə işə qəbul imtahanlarında çox aşağı nəticələr əldə edərək, əmək bazarında yer tuta bilmirlər. Yüksək nəticə əldə etməyə iddialı olan məzunların cəmi 12 faizinin keçid balı qazandığı da nəzərə alınarsa, o zaman tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına hava və su kimi ehtiyac olduğu heç bir şübhə doğurmur. Bu məqam onu deməyə əsas verir ki, təhsilin keyfiyyətinin artırılması yalnız və yalnız tələbənin maraqlarına xidmət edir. Tələbə çox asanlıqla diplom əldə etsə belə, məzun olduqdan sonra əmək fəaliyyətinə başlaya bilmir. Bu gün işəgötürənə diplom yox, yüksək kompetensiya lazımdır.

Bundan başqa, qeyd edim ki, tələbələrin universitetə böyük məbləğdə təhsil haqqı borcu var. 2016-cı ilin may ayından etibarən universitetin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır və bu yoxlamalar xeyli çatışmazlıq aşkara çıxarıb. Üstəlik, universitetin maddi-texniki təminatı müasir tələblər səviyyəsində deyil, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlərə mənfi təsir edən amillərin obyektiv xarakter daşıdığı aşkar surətdə nəzərə çarpır.

Amma bir daha qeyd edirəm ki, heç şübhəsiz ki, bütün bu proseslər tələbələrin maraqlarını nəzərə alınmaqla həyata keçirilməlidir. Məhz o zaman ADU-nun keçmiş nüfuzunu özünə qaytararaq daha müasir bir universitet imicini yaratmaq arzusu reallığa çevriləcək.

- Prosesin yekununu necə gözləmək olar?

- Universitet rəhbərliyi bu hadisədən çox ciddi nəticələr çıxardı. Biz özümüz və elmi-pedaqoji heyət üçün daha ciddi tələblər müəyyən etmişik. İndiyə qədər və bundan sonra da həmişə tövsiyəmiz o olub ki, tələbələrlə işinizi yeni dövrün tələbləri əsasında qurun. Qısa müddətdə biz imtahan sessiyası dövründə hansısa xoşagəlməz halların qarşını alacaq tədbirlər həyata keçirdik. Bu istiqamətdə fəaliyyətimizi indi də davam etdiririk və prosesə ictimai nəzarəti də təmin etmişik.

Bir məqamla razılaşmadığımı bildirim ki, etiraz universitetdə təhsil alan 6500 tələbənin adından təqdim olunur və bu da doğru deyil. Yekun buraxılış dövlət attestasiyasına qarşı öz narazılıqlarını ifadə edən yalnız universitetin bir qisim tələbəsidir ki, onların da fikirlərini hörmətlə dinlədik. Bir daha qeyd edirəm ki, bizim üçün əsas olan tələbələrin maraqlarıdır və qərarlar qəbul olunarkən də bu, əsas götürülür. Yaranan hal qısa müddətə aradan qaldırılacaq və tələbələrimizlə ünsiyyətimiz daha sıxlaşdırılacaq. Proses tələbələrlə müəllimlərin, eləcə də universitet rəhbərliyinin birgə səyləri ilə öz yoluna qoyulacaq.

Xəbər 511 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

25.06.2017  10:37 

Tramp müsəlmanları təbrik etdi

24.06.2017  16:21 

Prezident görüş keçirdi


BÜTÜN XƏBƏRLƏR +