Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


18.05.2017  13:22 

Kreml Bakıdan nə istəyir və ya ÜAK-ın ləğvinin pərdəarxası





A+  A-

Tofiq Zülfüqarov: “Demək lazımdır ki, “ay camaat, Rusiya bizdən bunu istəyir, sizin münasibətiniz necədir?”
Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Bunu «Trend»ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələrin olduğunu deyən R.Rzayev ÜAK-ın ləğvini də ermənilərin təxribatı sayıb.

“Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır” - o bildirib. Rusiya ilə Azərbaycanın müttəfiq ölkə olduğunu xatırladan deputat hesab edir ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir.

Qeyd edək ki, professor İlham Rəhimov ötən ay ÜAK-la bağlı “Yeni Müsavat”a müsahibəsi zamanı məsələyə biganə olmadığını deyərək bildirmişdi ki, məhkəmə ərəfəsində Moskvaya gedəcək və müvafiq dairələrlə görüşəcək. “İndi gözləyirəm ki, hər halda, mənim xahişimi nəzərə alacaqlar” - İ.Rəhimov demişdi. Ancaq göründüyü kimi, Kreml qərarını dəyişmədi - hətta Putinin tələbə yoldaşı olmuş tanınmış hüquqşünasın təşəbbüslərinə rəğmən.

Ortaya çıxan sual isə budur: Kreml Azərbaycandan nə istəyir ki, onun diaspora təşkilatının fəaliyyətini müxtəlif bəhanələrlə yasaqlayır? Burada erməni barmağı varsa da, qərarı verən Rusiya dövlətidir, deməli, Moskva bu addımın Azərbaycanla münasibətlərə xələl gətirə biləcəyini nəzərə alıb ÜAK-a sənədlərini qaydaya salmaq şansı verə bilərdi.

ÜAK-ın sənədlərindəki problemlərin vaxtında aradan qaldırılmadığını deyib təşkilat rəhbərliyini qınayanlar da var. Eyni zamanda hesab olunur ki, Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun fəaliyyətsizliyi, zamanında proseslərə müdaxilə edə birməməsi vəziyyətin qəlizləşməsinə səbəb olub. Hətta rusiyalı təhlilçi Denis Korkodinov öz məqaləsində “ÜAK-ın ləğvinə yardımçı olan üçüncü qüvvə kimi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd oluna bilər. İş ondadır ki, diplomat bu təşkilatı marionet bir quruma çevirib öz opponentlərinə qarşı şəxsi intriqalar üçün istifadə edirdi” - yazıb.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Kreml Bakıdan çox şey istəyə bilər: “Xarici işlər naziri Rusiyaya rəsmi səfər edib. İnanmıram ki, bu tələblər bizə çatdırılmayıb. Bizim xarici siyasətlə məşğul olanlar Rusiya və ya digər ölkələrlə bağlı vəziyyəti açıqlamalıdır ki, biz də bilək problem nədədir. Aydın məsələdir ki, Azərbaycan Rusiya üçün vacib müttəfiqdir, təkcə regionda deyil, həm də beynəlxalq səviyyədə”. Sabiq nazir dedi ki, silsilə təzyiqlərə bənzəyən hadisələr baş verir: “ÜAK-ın bağlanması sonuncu təzyiqdir. Mən bu təzyiqlərin keçən ilin avqustundan başladığı qənaətindəyəm. Ondan sonra ermənilərə silah verildi, Lavrovun bəzi açıqlamaları oldu, Bordyuja bəyanat verdi. Yəni silsilə hadisələr baş verdi. Hələ mən demirəm ki, Rusiya televiziyaları harda imkan varsa, erməniləri təbliğ edir, Azərbaycanın əleyhinə təbliğat aparır. Heç İslam Oyunları barədə də bir süjet görmədim. Bu, təsadüfi deyil”.



ÜAK-ın bundan sonrakı taleyinə gəldikdə, T.Zülfüqarov bunları dedi: “Burada böyük problem görmürəm. Həmin təşkilat başqa adla yenidən yaradıla bilər. Bölgələrdəki yerli təşkilatlar da yenidən təşkilatlana bilər. Amma dediyim kimi, bu təzyiqlər silsilə xarakterlidir və bir növ siyasi jestdir. Sadalanan hadisələri götürsək, bu siyasətin kökündə nə isə var. Təbii ki, Rusiyanın Azərbaycandan tələbləri ola bilər. Ancaq açıqlamaq lazımdır ki, bunu ictimaiyyət də müzakirə etsin, ya ”hə", ya “yox” desin, Rusiya da xalqın mövqeyini bilsin. Bu, Qarabağ məsələsinə, yaxud digər məsələlərə aid ola bilər. Demək lazımdır ki, ay camaat, Rusiya bizdən bunu istəyir, sizin münasibətiniz necədir? Xalqın rəyinin əsasında da hökumətin reaksiyası olmalıdır. Bu, siyasətdə qəbul olunmuş normadır, ermənilər həmişə bundan istifadə edirlər. Elə isə biz də istifadə edək".

Ekspert baş verənlərdə səfirin rolunun yüksək olduğunu düşünmür: “Səfirin fəaliyyəti hansısa məqamda rol oynaya bilər, ancaq bu, əsas məsələnin yanında bir dekorasiyadır. Polad Bülbüloğlu hansısa addımı atsaydı, bu, o demək deyil ki, qərar qəbul olunmazdı. Fakt budur ki, artıq Rusiya tərəfindən müsbət addımlar görmürük. 9-10 aydır ki, şimaldan Azərbaycana qarşı normal addımlar görmürük. Azərbaycan tərəfi bu müddət ərzində reaksiya verməməyə çalışırdı, nəticə olmadı”.

“Rusiyanın Azərbaycana qarşı təzyiqləri artıq xeyli müddətdir ki, qabarıq şəkildə nəzərə çarpır. Ötən ilin aprel ayından sonra baş verən döyüşlərdən sonra biz bu təzyiqləri açıq şəkildə hiss edirik”. Bu fikirlər isə politoloq Elçin Mirzəbəyliyə məxsusdur.



Ekspert “Yeni Müsavat”a bildirdi ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi siyasi qərardır və qərarda yer alan iddiaların heç bir hüquqi əsaslandırılması yoxdur: “Qeydiyyatın ləğvi ilə bağlı məhkəmə qərarında bildirilir ki, qurumun nizamnaməsinin müddəaları mövcud qanunvericiliyə uyğun deyil. Qeyd edim ki, ÜAK-ın mövcud Nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və əgər nizamnamənin hansısa müddəaları Rusiya qanunvericiliyinə uyğun deyilsə, buna görə Ədliyyə Nazirliyi məsuliyyət daşıyır. ÜAK isə Rusiya Ədliyyə Nazirliyinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərib. Bu isə tamamilə qanunauyğundur. Məhkəmə qərarında yer alan başqa bir iddia qurumun adının onun fəaliyyətinin xarakterinə uyğun gəlməməsi ilə bağlıdır. Bu, o qədər gülünc iddiadır ki, hətta danışmağa belə xəcalət çəkirsən. Rusiyada ən müxtəlif adlarda diaspor qurumları qeydiyyatdan keçib, fəaliyyət göstərir: Rusiya Erməniləri İttifaqı, Rusiya Tacikləri İttifaqı, çeşidli birliklər, mədəni muxtariyyətlər və s. Yəni Ədliyyə Nazirliyinin iddiaları bəhanədən başqa bir şey deyil. Dovşan və qurdla bağlı məşhur ”Papağın niyə yoxdu" lətifəsində olduğu kimi". Amma E.Mirzəbəyli hesab edir ki, ÜAK-ın ləğvini faciəyə çevirmək lazım deyil: “Biz bunu zərbə kimi qəbul etməməliyik. Baş verənlərdən sarsıldığımızı göstərməməliyik. Rusiyanın qarşısında əsla zəif və aciz görünmək olmaz”.

Politoloq deyir ki, Rusiyanın Azərbaycana təzyiqlərinin bir neçə səbəbi var: “Onlardan bəziləri klassik səbəblərdir və ənənəvi imperiya iddialarından qaynaqlanır. Digər səbəblər isə Rusiyanın seytnot vəziyyətində olması və qarşıdan gələn təzyiq dalğasına qədər öz peyk ittifaqını qurmaq istəyi onu tələsik və aqressiv addımlar atmağa məcbur edir. Rusiya daha az şeylə, ya da heç nə vermədən Azərbaycanı qazanmaq istəyir. Təzyiqlərin, burada haqqında danışmaq istəmədiyim müxtəlif provokasiyaların arxasında da bu dayanır. Rusiyanın öz layihələrinin skletini qurmaq üçün cəmi 1 il vaxtı var. Sonra buna nail ola bilməyəcək”.

Qarşıda isə apelyasiya şikayəti var. Bir çoxları ümid edir ki, prosesə prezidentlərin qatılması vəziyyəti yaxşılığa doğru dəyişəcək və Azərbaycanın ən böyük diaspora təşkilatına növbəti dəfə şans veriləcək. Bunun üçünsə paralel şəkildə hüquqi addımlar atılmalı, apelyasiya şikayəti təqdim olunmalı, müdafiə üçün zəruri işlər görülməlidir.

Xəbər 1857 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +