Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


11.05.2017  14:36 

Bilin ki, onlar da insandır...





A+  A-

Uşağınızla qonşunun uşağı kimi davranın, yəni, belə qəşəng, anlayışlı, xoş əhvallı, gülərüz. Hə, məhəbbətli, şəfqətli olun onunla, necə ki, qonşunun uşağı ilə beləsiniz.
Səhv edərsə, məsələn, başına vurmayın tez, "eşşəksən?" deyə bağırmayın üstünə, əksinə, əyilin, xoş bir təbəssümlə üzünə gülün, əlinizlə saçlarını oxşayıb "eybi yoxdu, olan işdi" deyin, eyni ilə qonşunun uşağı səhv etdiyi zaman dediyiniz kimi.
Oğlunuz bilmədən nəsə xəta edib? Evə gələn kimi dərhal "camaaatın uşağı" müqayisələrinə başlamayın, qonşunun oğlunu onun gözünə soxmayın, əksinə, "canını sıxma, igid balam, kişinin başına iş gələr də" deyin, öz uşaqlıq xətalarınızdan da danışın bir az, istəsəniz. Necə ki, qonşunun uşağı xəta edəndə belə edirsiniz.
Evdəkilərlə qonaqla davrandığınız kimi davranın: mehriban, diqqətli, həssas, qaygıkeş olun onlarla. Gözləriniz mühafizəçi kimi gözlərində olsun, irağ-irağ, birdən nədənsə narahat olarlar ha. Soruşun da hətta, deyin "bir narahatlığınız yoxdu ki?" Necə ki, qonaqdan belə soruşursunuz. Ən gözəl süfrəni açın onlar üçün, məsələn, çörəyi necə gəldi, bötöv qoymayın masanın üstünə, qəşəncə, dilim-dilim doğrayın, çörək tabağında qoyun süfrəyə, duzqabının duzunu, qəndqabının qəndini, konfetini yeniləyin, necə ki, qonaq gələndə belə edirsiniz.
Elmə məlum olmayan hansısa məqsədlərlə gizlətdiyiniz xüsusi dəst qabları çıxarın onların şərəfinə, yuyun bir daha hər ehtimala qarşı, təzə qablarda, ehmalca çəkin yeməklərini, ən gözəl geyiminizi geyinin onlar üçün, aynanın qabağına keçin, daranın, bəzənin, ətirlənin, necə ki, qonaq üçün belə hazırlaşırsınız.
Ürəklərinin nə istədiyini soruşun tez-tez, "hava istisə, eyvanın qapısını açım" deyin. Soruşun, hansı TV kanala baxmaq istəyirlər görün, bəlkə heç sizin baxdığınız bu serialı onlar sevmirlər, əvvəl kanalları bir-bir vərəqləyin kitab vərəqləri kimi, sonra hətta "pultu" onlara təqdim edin gülə-gülə, "buyurun, özünüz nəyə istəyirlərsə ona da baxın" deyin, necə ki, qonağa belə deyirsiniz.
Bəli, eynən belə davranın evdəkilərlə. Bilin ki, onlar da insandır, onların da qəlbi var, ruhu var, onların da bütün bunlara ehtiyacı var. Və bilin ki, bu həyatda hamı, hər kəs kimi, evdəkilər də qonaqdı, hə, əməlli-başlı qonaq! İnanmırsız? Vaxtıyla evinizin yaraşığı olub indi olmayan ananızı xatırlayın. Ananızı xatırlayın. Ananızı xatırlayın... İnanacaqsınız.
Hələ heç özünüzü demirəm, özünüzlə də başqası kimi davranın, ən sevdiyiniz dostunuz kimi, misal üçün; başqalarına diqqət ayıra-ayıra diqqətdən ən çox kənarda qalan elə siz özünüz olmusunuz, insan haqqı, özünüzün qədrini bilin, saygı göstərin, güvənin. Bunu sizdən yaxşı heç kim edə bilməyəcək!
Özünüzə vaxt ayırın, üzünüzə gülün, uğurunda biganə qalmayın, dərhal təbrik edin, hədiyyə alın, hə, hə, kiçik bir şey də olsa olar, əsas odur ki, ona qarşı diqqətli olduğunuzu isbatlayın.
Özünüzlə centlmencə davranın, xətasında onu bağışlayın, deyin ki, bir az danqabaşlıq etdin, amma eybi yox, bundan sonra daha da diqqətli olarsan. Gördünüz kefi açılmır, çimdikləyin, - heeey, - deyin, - dünyanın sonu gəlməyib ki, xətalar insan memarıdır, yetər ki, bir də təkrarlamayasan. Sonra istəsəniz, bunu da əlavə edin, deyin ki, narahat olmasın, Şeytanı Cənnətdən qovan xətası deyil, öz xətasını müdafiə etməsi oldu.
İlahi!!! Siz niyə özünüz haqqında bu qədər bədbinsiniz? İnsafsızlıq etməyin, nə olar, ona inanın, dəstək olun, eyni ilə başqalarına dəstək olduğunuz kimi. Axı ona siz inanmasanız, heç kim də inanmayacaq, eşidirsiniz? Onun ümidi sizədir, gözü sizdədir, qulağı sizdədir, başqa necə olsun ki, axı onun sahibi sizsiniz. Cənab filankəslə, xanım behmankslə kübar davranıb özünü gözə soxmağa nə var ki? Hünər odu özünüzə qarşı alicənab olun, əyilin, əlindən tutub qaldırın, göz yaşlarını silin, bağrınıza basın, yıxılmağa qoymayın.
Qorxun, özünüz haqqında Allahdan qorxun, onu bu qədər incidirsiniz, Allaha nə cavab verəcəksiniz? Bəsdir, əl çəkin yaxanızdan, ona bu qədər əzab verməyin, özü də mənasız şeylər üstündə. Axı o neyləsin ki, kimsə onu sevmir, axı zövqlər müxtəlifdi - deyil?
Yox, incitməyin onu belə şeylər üstündə. Qüsurlu insan ola bilərsiz, istedadınız da filankəsin istedadı qədər parlaq olmaya bilər, hətta öz aləminizdə tutaq ki, pis insan da ola bilərsiz, olsun, amma axı pislərin də qəlbi var, özünüzün qəlbinə girin, qəlbinizi fəth edin, necə ki, başqalarının qəlbini fəth edirsiniz.
Yaxşılıq etmək istəyirsiniz? Həmişə başqaları olmaz ki. Bir dəfə də özünüzə yaxşılıq edin, yazıqdı, günahdı, vallah, dünya dağılmaz, onu sevindirin, başına sığal çəkin, üzündən bir çimdik götürün, "afərin sənə" deyin, hətta həvəslənsin deyə ona "oğlum" da, "igidim" də deyə bilərsiniz, şəxsən mən bəzən belə deyirəm. Əmin olun ki, sizin qayğınıza möhtac olan ən birinci insan elə siz özünüzsünüz!

İlqar Kamil


Xəbər 3868 dəfə oxunub.




28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +