Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


06.04.2017  12:57 

Mədəniyyətlər arası anlaşmanın inkişafı təşəbbüslərinə dəstək - I YAZI





A+  A-

Mədəniyyətin ən mühüm şərtlərindən biri mədəni müxtəliflik və plüralizmdir. Bu problem etnik, milli və ümumbəşəri miqyasda mədəni ünsiyyət və inteqrasiyanın təhlili üzərində qurulur. Mədəniyyətin təsiri və funksiyaları sivilizasiya tiplərində müxtəlif cür özünü göstərir. Bu da mədəniyyətin daxili məzmun və strukturunda mövcud olan dəyər oriyentasiyalarının fərqliliyindən irəli gəlir.
Milli-mədəni müxtəlifliyin təməl elmi prinsip, fakt və yanaşma metodu kimi əsaslandırılması dahi alman mütəfəkkiri İ.Herderin adı ilə başlayır. O özünün, "Bəşəriyyətin tarix fəlsəfəsinə dair ideyalar" (1784-1791) əsərində bəşər cəmiyyətinin formalaşmasında mədəniyyəti ən mühüm faktor kimi səciyələndirmişdir. (Qerder İ.Q. İdei k filosofii istorii çeloveçestva. M. 1991. s-59.)
İ.Herderin fikrincə, məhz dində, dildə, sənətdə, elmdə təcəssümünü tapan mədəniyyət hər bir cəmiyyətin bənzərsizliyini, identikliyini şərtləndirir.
Mədəniyyəti, yalnız, öyrənmək deyil, həm də qəbul etmək başqa mədəniyyətin mövcud olması kimi təbii tarixi fakt olaraq qəbul etmək lazımdır. (Kaqan M.S. "Filosofi kulturı". 1996, s-74)
Etnologiyada yayılmış fikrə görə, "mədəni birlik" dedikdə, müəyyən etnosu təşkil edən hər hansı bir toplum başa düşülür və burada mədəniyyət sosial həyatın bütün tərəflərini (siyasət, iqtisadiyyat və s. sahələrə ayrılmadan) əhatə edir. Yenə burada mədəniyyət dedikdə, bütövlükdə cəmiyyət nəzərdə tutulur. (Kratkiy slovarı kulturoloqiçeskix ponyatiy i terminov. M, 2000. s-98.)
Soyuq müharibədən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. (Xantinqton S. "Stolknovenie çivilizaçiy". M. 2003. s-607.)
Mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığı çox mühüm rol oynayır. Bu səviyyələrin fərqləndirilməsi "mədəni müxtəliflik" anlayışı məzmununu başa düşməyə kömək edir.
Etnik mədəniyyət müstəvisi məlum olduğu kimi, etnosun formalaşmasında, yalnız, mədəni deyil, coğrafi (təbii mühit), sosial (sosial strukturların bənzərliyi), biososial (antropoloji tip kimi) və təsərrüfat faktorlarının da rolu böyükdür. Təbii mühit və başqa amillərin təsiri ilə insanların fəal münasibəti nəticəsində bəzi dil, adət, ənənə, məişət və psixoloji cəhətlərin ümumiliyi formalaşa bilir. Lakin istənilən insan birliyi, etnik özünüdərketmə şüuru bu etnosa mənsubluq hissi formalaşdıra bilmirsə, onda bu birliyin parametrləri, mahiyyəti qeyri-müəyyən və dumanlı qalır.
"Etnik qrup" və ya "etnos" sözləri bəzi konseptual anlaşılmazlığı özündə əks etdirsə də, müasir elmdə özünün, məxsusi, özəl tarixinin kollektiv, (ictimai şüur səviyyəsində) anlamı, dərki nəticəsində, dil, din, irq və milli identikliyə malik sosial qrupdur. Etnos bir neçə kollektiv identiklik formalarının daşıyıcısı, yəni mədəni, dini, milli, identiklik formalarıdır. Etnik spesifika və əlamətlər anlayışı mövcuddur. Bura, əsasən, dil, mədəni adət, ənənə, norma və qaydalar, din, ərazi, tarix kimi amillər də daxildir. (Etnik azlıqların linqvistik hüquqları üzrə 1998-ci il Oslo tövsiyəsi.)
Mədəniyyətin differensiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistem yaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.
Bu və ya digər amilin rolu və əhəmiyyəti, əsasən, nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən, müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu, yalnız, mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülmüşdür.
Etnik mədəniyyətlərin qarşılıqlı ünsiyyəti daxilən ziddiyyətli prosesdir. Mədəniyyətdən bəhrələnmə inteqrasiya proseslərinə təkan verməklə bərabər, paralel olaraq etnik spesifikanın mühafizəsinə yönəlmiş özünüdərk şüurunda götür-qoy edilir.
"Etnik insan birliyinin" səviyyəsi millətin formalaşması ilə yoxa çıxmır. Əksinə, millətlərin əksəriyyəti üçün etnik mənsubiyyət - "milli hiss" fenomeninin mənbələrindən biridir. İnsanlar özlərini, əsasən - mənşə, tarix və dil kimi kollektiv birlik və ümumilik hissi sayəsində fərqləndirirlər.
Bir çox hallarda biz elmi-kütləvi, yaxud, publisistik ədəbiyyatda "etnik və milli mədəniyyət" anlayışlarının eyniləşdirilməsinin şahidi oluruq. Lakin yuxarıda qeyd olundu ki, insanların etnik birliyinin mənbəyi genetik xüsusiyyətlərin və təbii məişət şəraitinin ümumiliyi ilə fərqlənən ilkin qrupdur. (İordanskiy V.B. "Etnos i naçii". 1992. s-93.)
Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, tarixinə, coğrafiyasına onların sürəkli sadiqliyi və mənsubluğu, bünövrədən bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən intişar tapmışdır. Azərbaycanın və "azərbaycançılığın" əzəməti bu müqəddəs diyarı öz Vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən də "azərbaycançılığın" ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız, xoş məram və niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur.
Xalqımızın tarixi kökləri taleyin hökmü ilə bütün dünyaya səpələnmiş ümumtürk etnosuna gedib çıxır. Bununla yanaşı, coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşımışdır.
Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud, əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geopolitik və mədəni məkandır. (Jdanov Y.A. "Avrasiyanın günəş çələngi". M.1999. səh-68.)
Ölkəmizdə bir ailə kimi, vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar: talışlar, ləzgilər, avarlar, kürdlər, tatlar və başqaları özlərini azərbaycanlı adlandırırlar. Bu xalqların mənəvi yaddaşı tarix boyu zərdüştlükdən başlamış dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə daim zənginləşmişdir. Mədəniyyət və ünsiyyət tariximiz bizə ruhi-mənəvi böyüklüyün və əzəmətin çoxsaylı nümunələrini miras qoymuşdur. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.
Azərbaycanda etnik müxtəlifliyi maraq və məqsədlər üçün istifadə etmək istəyən qüvvələr - həm daxildə, həm də xaricdə həmişə olmuşdur. Azərbaycanın əzəmət və qüdrətini sübut edən bu rəngarəng "sosial-mədəni kapitalı" əleyhimizə yönəldənlərin son cəhdlərinin qarşısı Azərbaycan xalqının böyük lideri, müdrik rəhbərimiz Heydər Əliyev tərəfindən qətiyyətlə alındı. (Aslanova Rəbiyyət. "Qloballaşma və mədəni müxtəliflik". Bakı 2004. Səh-255.)
Gəlin, açıq etiraf edək ki, əgər, zamanında Ulu öndərin qətiyyəti, sarsılmaz inamı, yenilməzliyi, xalqın öz dilində danışmaq, xalqla ünsiyyət qurmaq məharəti, ən nəhayət, doğma yurda tükənməz sevgisi olmasaydı, bu gün Azərbaycanın hansı aqibətlə üzləşəcəyini təsəvvür etmək belə çətin olardı. Bəlkə də müstəqilliyimizin bir neçə "müstəqilliyə" bölünməsinə - bu sevgili Vətənin amansız bir zərbə alacağına şahidlik edərdik. Heydər Əliyev kimi dünya çaplı bir siyasətçinin proseslərə vaxtında müdaxiləsini - xalqın səsinə səs verərək onu ağlasığmaz bəlalardan xilas etməsini Tanrının bu xalqa ən böyük lütfü kimi də səciyyələndirmək olar. Biz, məhz, onun sayəsində müstəqillik sınağından üzüağ çıxa bildik.

Bu YAZI “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətlər arasında (mədəni müxtəliflik) anlaşmanın inkişafı təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.


Xəbər 2478 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +