Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


16.03.2017  10:26 

Filmin sonu...





A+  A-

Minlərlə tələbənin sevimli müəllimi, ustad kinoşünas Aydın Dadaşov bundan sonra xatirələrdə yaşayacaq
Milli kinomuzun tarixində öz sözünü demiş ustad Aydın Dadaşov martın 14-də ürək çatışmazlığından dünyasını dəyişdi. Onun bu vaxtsız ölümü hər kəsi sarsıtdı. Vida mərasimi mərhumun evində keçirildi. Kinoşünas Xırdalan qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olundu, özünün də arzuladığı kimi.

Mən kino aləmində onun kimi səmimi və maraqlı ikinci bir insan tanımıram. Aydın Dadaşova xərçəng diaqnozu qoyulmuşdu. Ancaq o bunu hamıdan gizlədirdi. Maraqlısı da orasındadır ki, kinoşünas məhz xərçəngdən deyil, ürək çatışmazlığından dünyasını dəyişdi. Belə ki, sən demə, bu diaqnoz ona səhvən qoyulubmuş. Bunu ona deyəndə, ağlayıb. Öözü də elə belə yox, hönkürtü ilə. Ürək də buna tab gətirməyib... Ölüm öz sözünü acizanə şəkildə deyib. Bir bayram gecəsi onu itirdik. Qismət deyilən bir şey İlaxır çərşənbəni sənətkara çox gördü. Və beləliklə, bayram səhərini ağır xəbərlə açdıq. O, artıq bizimlə deyil...

"Bir də gəlmə mənim dərsimə”

Aydın Dadaşov bu gün jurnalistika, kino, mədəniyyət sahəsində çalışan və sözünü demiş insanların əksəriyyətinin müəllimi olub. Onun ölümü əlbəttə ki, bizləri çox sarsıtdı. 2 həftə bundan əvvəl müəllimin 65 yaşı tamam olmuşdu. A.Dadaşov əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor idi. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya” fakültəsinin "Kinoşünaslıq” kafedrasına rəhbərlik edib. Tanınmış kinoşünas, yaxşı ssenarist idi. Aydın Dadaşov 1980-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada iki illik ali rejissorluq və ssenari kurslarını bitirib.

Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil olarkən o, "Kinoşünaslıq” fakültəsinə rəhbərlik edirdi. Tələbələr onu çox sevirdi. Yaxşı xatırlayıram, bir çox dərsləri buraxıb, Aydın müəllimin başqa kurslara keçdiyi dərslərdə gedib oturar, onunla müasir kinodan, teatrdan danışardıq. O, öz tələbələrinə həyatda lazım olan ən incə məqamları öyrədirdi. Yaratmağın, qurmağın, mübarizənin düsturunu açmağa çalışırdı. Bizim bütün diskussiyalarımızın sonu dava-dalaşla qutarardı. Çünki Aydın müəllim həmişə sözünü sərt deyirdi, ağına-bozuna baxmırdı. Gələcəkdə tənqidçi olacağımı və hər zaman da həqiqəti yazacağımı, heç bir mübaliğə etməyəcəyimi deyirdim. O isə "həqiqət hərdən o qədər darıxdırıcı olur ki, onu uydurmaq lazım gəlir - deyirdi - Uydurmasan, heç nə yaza bilməyəcəksən. Zaman da səni buna məcbur edəcək, özün də bilmədən”. Bəzən səsimizə kafedradan müəllimlər tökülüb gələrdilər. Tələbəlik illərində çox inadkar idim, elə müəllimim də. "Bir də gəlmə mənim dərsimə, gələcəksənsə, o fikirlərini dəyiş gəl” desə də, hər dəfə koridorda, küçədə, redaksiyada məni görəndə, "məsələ sənin düşündüyün kimi deyil” deyib məni qınayırdı. Hər uğurumda ilk olaraq məni Aydın Dadaşov təbrik edib. Magistraturaya qəbul olanda da "təhsilini davam etdir” deyə çox inad göstərmişdi. Ancaq bu dəfə mən müəllimimin sözünə baxmadım. Nəticədə peşmançılığını çəkdim də...

Onun yazdığı "Dramaturgiya”, "Ekran dramaturgiyası”, "Ssenari yaradıcılığı”, "Ekran publisistikası”, "Televiziya reklamı”, "Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, "Kinoşünaslıq”, "Rejissorluğun üslub problemləri”, "Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, "İran kinosunun inkişaf təmayülləri” monoqrafiyalarını dərs prosesində istifadə edir və ondan çox yararlanırdıq. Bu gün də o kitablar mənim stolüstü kitablarımdandır.

"Atam xəstə deyildi”

1975-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.

A.Dadaşov dünyasını dəyişən gün oğlu Orxan Dadaşzadə "Facebook” səhifəsində "Sən həmişə mənə deyirdin... möhkəm ol... Mən də oldum. Allah sənə rəhmət eləsin, Ata” - deyə bir status yazdı. Bu sözlər mənə çox toxundu. Çox keçmədi ki, oğlunun ilk açıqlamasını da mətbuatdan oxuduq: "Atam xəstə deyildi, qəfildən infarkt keçirdi. Gecə halı pisləşibmiş, mənə zəng elədi ki, tez yanıma gəl. Özümü çatdırdım... Bu barədə danışmaq mənə çox ağırdır. Anam onu dalınca apardı. Yeddi ay əvvəl anamı itirmişdik. İndi də atam getdi. Anam rəhmətə gedən ərəfələrdə atam qəza keçirtmişdi. O ağır günlərində anam bir dəqiqə də olsun onun başı üzərindən çəkilmədi. Anam həkim idi, atamı sağaldıb ayağa qaldırdı, özü dünyasını dəyişdi. Təsəvvür edin, atam ayağa qalxan gün onu son mənzilə yola saldı. Elə deyirdi ki, mən onsuz yaşamayacam. Dediyini də elədi. Atam anamı həddən artıq çox sevirdi və həyatını onsuz təsəvvür etmirdi. Yeddi ayın içində iki ağır itki yaşamaq dəhşətdir...”

Onun ölümü tələbələrini də məyus etdi. Dünəndən "Facebook” sosial şəbəkəsində mərhum sənətkarın dostları, həmkarları, tələbələri onunla bağlı xatirələrini bölüşür, kədərləndiklərini bildirirlər. Onlardan bir neçəsini istəyirəm ki, sizlərə təqdim edim.

Tələbələrin xatirələri...

Jurnalist Ümidə Həsənli yazıb ki, Aydın Dadaşov iki il ona dərs deyib: "Həmişə deyirdi ki, sən mənim xüsusi tələbəmsən, çünki müharibə görmüsən, atan da müharibə veteranıdır. Bir dəfə soruşdum ki, müəllim, bunlara görə mənə hörmət edirsiniz, bunlara görə məni çox istəyirsiniz? Dedi, "niyə narahat olursan ki? Elə bunlar sənin özünsən”. Bir neçə dəfə məni müharibə xatirələrimlə bağlı danışdırmışdı, atamla da görüşmüşdü. Bu barədə yazacağını deyirdi. Bu illər ərzində ha deyirdim ki, Aydın müəllimlə görüşüm, soruşum ki, müəllim, nə oldu, söz verdiyiniz yazını yazdınızmı?

Elə bilirdim ki, onunla hələ görüşməyə çox vaxt var. Həyat belədir, elə insanlar var ki, gərək onlarla görüşü heç vaxt təxirə salmayasan. Aydın müəllimin tələbələri bilir ki, o, sıradan müəllim kimi auditoriyaya girib, dərsini deyib çıxmırdı. O, bizimlə bütün mövzularda söhbətlər edirdi. Bir dəfə də mən dərsə tez getmişdim, auditoriyada ikimiz idik, yenə söhbət etməyə başladıq. Mənə həyatı haqqında çox ibrətamiz bir hadisə danışdı. Ondan sonra mənim bəzi mövzular haqqında fikrim tamamilə dəyişdi. Bax belə idi Aydın müəllim. Bütün müəllimlərim kimi onun da üzərimdə haqqı var. Müəllim, halal et haqqını”.

Gənc rejissor Elvin Abdullayev yazır ki, onunla yenicə zəngləşiblərmiş: "Təsəvvür edə bilməzsiniz ki, Azərbaycan incəsənəti kimi itirdi. O elə bir müəllim idi ki... Mən tələbə vaxtı öz dərslərimdən qaçıb, onun dərsində oturmaq üçün tələsirdim. Ekran sənətini dibinə qədər izah edirdi. O danışanda, ağzıaçıq dinlədiyim müəllimlərimdən biri idi. Yüzlərlə elmi işin müəllifi. Xətrimi çox istəyirdi, dəstəkləyirdi. Azərbaycan kinoşünaslığının atası idi. Allah rəhmət etsin. Çox pis oldum, çox. Hələ ondan öyrənəcək çox şeyimiz var idi”.

İctimai Televiziya və Radio Yayımları Şurasının əməkdaşı Bəhruz Niftəliyev müəllimini itirdiyini belə ifadə edib: "Neçə saat keçib bu xəbəri eşitdiyimdən... İnana bilmirəm və uzun müddət bəlkə də qəbul etməyəcəm. Sevimli müəllimim, bunu sizə heç yaraşdırmadım... Bir neçə gün öncə Attestasiya blankını təqdim edəndə, mənə müsbət rəyinizi elə coşğu ilə vermişdiniz ki, bütün kafedra eşitmişdi. İndi məni bu çətin yolda tək qoydunuz. Bu necə elmi rəhbərlik, bu necə müəllimlikdi. Xatirələrim o qədər çoxdur ki... və o qədər yaxşı tanıyırdım sizi, hələ də belə bir gediş etdiyinizi ağlıma gətirə bilmirəm. 6 illik tələbəlik vaxtımda yeganə "4” -ü sizdən almışam və bu mənim üçün çox "əla”lardan yüksək qiymət oldu. Çünki Sizdən "5” almaq o qədər də asan məsələ deyildi. Amma buna da nail oldum. Sizin dissertantınız oldum və dönə-dönə "sən mənim ən yaxşı tələbəmsən” sözlərini eşitdim. Mən sizi bir müəllim kimi örnək göstərdiyim kimi, siz də məni tələbələrinizə nümunə çəkirmişsiniz. Bircə təsəllim var ki, elmi işimin ilk variantı ilə tanış olub müəyyən tövsiyələrinizi vermisiniz və indi onlarla məşğul oluram. Məsləhətlərinizin ömrü həyatınızdan uzun oldu, müəllimim. Qürurla deyirəm və həmişə də səsləndirəcəm... Mən Aydın Dadaşovun tələbəsiyəm. Sizdən öyrəndiklərim çoxdur və bu biliklər yolumda işıq olacaq. Tez-tez sual verirdiniz, müxtəlif təriflər barədə. Məsələn "xarakter nədir?” Mən də tez "ideyası uğrunda ölümə gedən” - cavabını verərdim. "Afərin” deyərdiniz. Axı sizin xarakterinizdə sözündən qaçmaq, dostunu yarıyolda qoymaq yox idi. Axı siz həm də bir dost idiniz mənim üçün. Bilirsiniz, ən çox da mübahisələrimiz üçün darıxacam. Siz təkcə bir tələbə, alim yox, həm də bir vətəndaş yetişdirirdiniz. Mənə verdiyiniz söz hələ də xatirəmdədir, sonuncu təbəssümünüz kimi”.

Əslində ustadımızın ölümü hamımızı sarsıtdı. Hər zaman bizimlə zarafatlar edir, incidiyimizi görüb könlümüzü alırdı. Ancaq bu dəfəki "zarafat”ından sonra könlümüzü alan olmayacaq... Bir nağıl idi, bitdi. Yerin behişt olsun, ustad!

Xəyalə Rəis

Xəbər 1892 dəfə oxunub.




29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +