Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


10.02.2017  14:27 

“Avantürist layihələrə milyardlarla pul xərcləndi, xalqın pulları talandı”





A+  A-


Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Modern.az saytına müsahibə verib.

XəzərNews.az onunla müsahibəni təqdim edir:

-Ötən ilin sentyabr ayında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. Daha sonra isə prezidentin sərəncamı ilə dəyişikliklər qüvvəyə mindi. Siyasi sistemdə vitse-prezidentlik institutu yaradılacaq. Sizin proqnozlarınız necədir? 

-Bir dəfə mətbuata müsahibəmdə kimlərin vitse-prezidentlər ola biləcəyini demişdim. Amma onu da vurğulamışdım ki, bu məsələlər prezidentin səlahiyyətinə daxildir. Hesab edirəm ki, vitse-prezidentlik kifayət qədər ciddi institutdur. Buna görə də, bu institutun başında duran şəxslər həm prezidentə sadiq olmalıdırlar, həm də kifayət qədər siyasi təcrübələri, bacarıqları olmalıdır. Gözləntilər çox böyükdür. Ümid edilir ki, yeni vitse-prezidentlər hökumətin fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olacaq.

Konstitusiyaya dəyişikliklər qüvvəyə minib. Ancaq proses bir qədər yubanır. Hər şey prezidentin iradəsindən asılıdır – nə zaman istəyir, yeni vəzifələrə təyinat aparacaq. Ola bilsin ki, vitse-prezidentlik haqqında qanun qəbul olunduqdan sonra vitse-prezidentlər təyin olunacaq. Xalqın nə qədər gözləntiləri var! Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. 

-Hökumət bundan əlavə də struktur islahatlarına start verib. Bir-birini təkrarlayan hansı qurumlar ləğv olunmalı və ya da birləşdirilməlidir? 

-Bələdiyyələr yarananda belə deyirdilər ki, icra hakimiyyəti strukturlarındakı səlahiyyətlərin 85 faizi bələdiyyələrə verilməlidir. Buna görə ki, bələdiyyələrin rəhbərləri birbaşa xalqın özünün seçdiyi şəxslərdir. Düşünürəm ki, bu səlahiyyətlər artıq bələdiyyələrə verilməlidir. İkincisi, nazirliklərin sayı xeyli dərəcədə azaldılmalıdır. Xeyli nazirliklər birləşdirilə bilər. Dünyanın bir çox inkişaf etmiş ölkələrində Nazirlər Kabinetinin tərkibi 22-24 nəfərdən ibarətdir. Azərbaycanda isə bu, 44 nəfərdir. Az qala 2 dəfə çoxdur. Elə dövlət orqanları var ki, onların çoxuna ehtiyac yoxdur. Ortaya başqa məsələlər də çıxır.

Məsələn, vitse-prezidentlik institutu yaradılırsa, Nazirlər Kabinetini saxlamağa ehtiyac yoxdur. Ölkədə Amerikadakı kimi I vitse-prezident olacaqsa, o, həm də hökumətin işinə rəhbərliyi həyata keçirəcək.

Bizdə dövlət idarəetmə xərcləri azaldılmalıdır. Hökumətdə ən azından 30 faiz ixtisar aparmaq mümkündür və labüddür. 

-Qüdrət müəllim, ümumi danışdınız. Hansı nazirlikləri nəzərdə tuturdunuz? Ad çəkə bilərsinizmi? 

-Ad çəkib əlavə problemlər yaratmaq istəmirəm. Birinin adını çəkirsən,  kimsə “filan nazirliyə qarşı fikir söylədi” deyirlər. Bu istiqamətdə real müzakirələr başlasa, ad da çəkmək olar, konkret təkliflərlə çıxış etmək də. 

-Dediyimiz kimi, hökumətin palitrasında dəyişiklik gözlənilir. Özünüzü hansısa bir vəzifədə görürsünüzmü? Misal çəkim, keçmiş deputat həmkarlarınız Mübariz Qurbanlı və Əli Əhmədov bundan öncə hökumətdə vəzifə aldı. 

-Hesab edirəm ki, hökuməti formalaşdırmaq birbaşa prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Bun görə də, nə qədər ki, ölkə başçısı tərəfindən konkret təkliflər yoxdur, bu tipli məsələləri müzakirə etməyi, bu tipli məsələləri gündəmə gətirməyi etik baxımdan düzgün saymıram. Təbii ki, özümə münasibətdə.

Əlbəttə, ölkədə hüquqi islahatların keçirilməsinə çox böyük ehtiyac var. Əgər müvafiq komissiyalar yaradılacaqsa, bu istiqamətdə millət vəkili kimi öz köməyimi göstərməyə hazıram.

İslahatların nəticəsi olaraq ölkədə qanunun aliliyi daha da gücləndirilməlidir. Bu da ölkəyə daha çox investisiyanın qoyulmasına gətirib çıxaracaq. İnsanlar biləcək ki, onların əmlakı toxunulmazdır və onlar qanunla məmur özbaşınalığından qorunurlar. 

-Azərbaycanın iqtisadi mənzərəsindən ən aktual məsələlərdə biri də problemi kreditlərin hələ də qalmasıdır. Manatın devalvasiyasından sonra hökumət nə əhaliyə, nə də banklara güzəşt etdi. Artıq manat dollara nisbətən möhkəmlənməyə başlayıb. Sizə elə gəlmirmi ki, maliyyə qurumları yeni təkliflər verməli və problemi kreditlər öz həllini tapmalıdır?

-Parlament müxbiri kimi özünüz müşahidə etmisiniz ki, mən həm büdcə müzakirələrində, həm də hökumətin hesabatlarında qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı məsələ qaldırmışam. Parlamentin iclaslarında dəfələrlə bildirmişəm ki, neft pullarının bir hissəsi xarici banklardan gətirilib Azərbaycan banklarında yerləşdirilməlidir. Bununla Azərbaycan sahibkarları az faizli kreditə çıxış əldə etməlidirlər ki, qeyri-neft sektoruna investisiya yatırılsın. Ancaq bizdə görün neft pulları nələrə xərcləndi! Bir hissəsi büdcəyə gətirildi. Və büdcə vasitəsi ilə infrastruktur layihələrinə xərcləndi. Düzü, bu da zəruri idi, buna da ehtiyac var idi.

Məsələ burasındadır ki, o pulların bir hissəsi sahibkarların ixtiyarına verilmədi ki, sahibkarlar öz dünyagörüşlərinə, təşəbbüskarlıqlarına, ağıllarına uyğun olaraq bu vəsaitdən real sektorun inkişafı üçün istifadə etsinlər. Təəssüflər olsun ki, neft pullarını daha çox hökumət xərclədi. İş adamları xərcləmədi. Beynəlxalq Bankın vasitəsi ilə xərclənən pullar barədə də  bilirsiniz ki, heç bir şəffaflıqdan söhbət getmir. Böyük məbləğdə vəsait sadəcə olaraq nəzarətsizlik ucbatından dələduzluq yolu ilə mənimsənildi. 

Çox avantürist layihələrə milyardlarla pul xərcləndi və bu pulların da hamısı batıb getdi. Bir sözlə, xalqın pulları talandı. Həmişə demişəm ki, bu pullardan səmərəli istifadə edilməyib. Bundan başqa neftdən gələn pullar və Mərkəzi Bankın valyuta ehtiyatları manatın kursunun saxlanılmasına xərclənirdi. Halbuki, bu da özünü doğrultmadı. Bizim pul-maliyyə sahəsi ilə məşğul olan məmurlarımız hesablaya bilmədilər ki, bu vəsaitlə manatın kursunu sabit saxlaya biləcəklər ya yox! Məmurlar hesablamaları düzgün apara bilmədilər, real vəziyyəti düzgün təhlil edib qiymətləndirmədilər. Bizdə ayda təqribən 1 milyarda yaxın pul ancaq manatın kursunun sabit saxlanılmasına yönəldi. Halbuki, bu pullar banklarda yerləşdirilməli və manatın məzənnəsi sərbəst buraxılmalı idi. Bu vəsaitlər real sektora xərclənməli idi. İş adamları bu pullardan kredit götürüb istifadə etməli idilər. Ancaq yanlış yol seçildi. Biz nə qədər dediksə də, məmurlar bunlara əhəmiyyət vermədilər. Öz bildiklərini etdilər. Bunun da nəticəsi budur ki, insanlarımız indi çox əziyyət çəkir. Hazırda stolumun üstündə Saatlıdan bir nəfərin şikayət məktubu var. Yazıb ki, onun “Bank of Baku”ya borcu var və belə getsə, özünü yandıracaq. İnsanlar bu cür çıxılmaz bir durumdadır. 

-İqtisadi proseslər zəncirvari olduğuna görə, yəqin ki, bahalaşma da bununla bağlıdır. Yoxsa siz başqa amilləri də istisna etmirsiniz? 

-Bəli, bahalaşma da mən dediyim amillərlə bağlıdır. Bahalaşma bundan sonra da davam edəcək. Manatın kursunun indiki qiyməti, ümumiyyətlə manatın məzənnəsinin qalxıb-düşməsi düşünmürəm ki, iqtisadi proseslərin nəticəsidir. Burada da hansısa manipulyasiya var. Pulun arxasında iqtisadiyyat, mal dayanmalıdır. Bunlar yoxdursa, manatın dəyərini süni formada yüksək saxlamaq mümkün deyil. Uzunmüddətli buna nail olmaq mümkün deyil.

Ölkəyə daimi olaraq valyuta daxil olmalıdır və bu, bazara çıxarılıb satılmalıdır. Ya da ixrac güclü olmalıdır. Bilirsiniz ki, Azərbaycanın da ixracı çox aşağı səviyyədədir. Neft sektorundan başqa Azərbaycanın ölkəyə milyardlarla vəsait gətirə bilən, dünya bazarlarına çıxara biləcəyi ciddi bir məhsulu yoxdur. 

-Pensiya yaşının artırılmasına dair fikirlər səsləndirilir. İndiki şəraitdə bu, məqbuldurmu? Nəzərə alın ki, orta ömür uzunluğu da azalmağa doğru gedir. 

-İndiki dövrdə pensiya yaşını endirmək doğru olmazdı. Buna görə ki, ölkədə iqtisadi problemlər var. Ancaq, artırmağı da yanlış sayıram. Bəzən deyirlər ki, güc strukturlarında işləyənlər bundan sonra daha 10 il artıq çalışmalıdır ki, pensiyaya çıxsınlar. Bunları da doğru saymıram. Hesab edirəm ki, İsveçdəki kimi iş saatı 8 saatdan 6 saata endirilməlidir. Bu da insanların öz ailəsi, yaxınları ilə daha çox vaxt keçirmək imkanları yaradacaq. Bu baxımdan düşünmürəm ki,  insanları ömrünün sonuna kimi işlətmək lazımdır. Bu siyasəti düzgün hesab etmirəm. Hökumət indi daha çox sosialyönümlü siyasət yürütməlidir. 

-Məcburi köçkünlər üçün işıq və qaza qoyulan limit aradan götürüldü, əvəzində isə adambaşına 36 manat müavinət ayrılır. Bu məntiqli addımdır, yoxsa bəzilərinin dediyi kimi xeyirli deyil? 

-Hökumət məcburi köçkünlərin problemlərinə diqqəti artırmalıdır. Hazırda məcburi köçkünlərlə bağlı yürüdülən siyasəti kökündən yanlış sayıram. Adambaşına 36 manat verib, bunun qarşılığında sayğac quraşdırmaq yanlışdır. Çünki 9 mindən artıq məcburi köçkün hazırda qəzalı binalarda yaşayır. O binalarda isə qaz yoxdur. Belə yerdə yaşayan məcburi köçkünlər elektrik enerjisindən həm otaqları qızdırmaq, həm də işıqlandırma, həm də yemək bişirmək üçün istifadə edirlər. Bu da bir ailə üçün qış aylarında 200-300 manatlıq elektrik enerjisindən istifadə etmək deməkdir. Bir ailədə lap deyək ki, 5nəfər var. Adambaşına 36 manatdan hesablayanda 180 manat pul edir. Belə çıxır ki, məcburi köçkünlər yenə də öz büdcələrindən pul xərcləməlidir ki, kommunal ödənişləri versinlər. Məcburi köçkünlərlə bağlı qərar sona qədər düşünülməyib.

Məcburi köçkünlərlə bağlı prezidentə məruzə edən məmurlar düzgün məlumat verməyiblər. Bu məsələyə yenidən qayıdılmalıdır. O binalar qəzalı olduğuna görə, ora qaz çəkmək də mümkün deyil. Buna görə də, məcburi köçkünlərin bir hissəsi haqlı olaraq tələb edir ki, heç olmasa, onlar qazla təmin olunsun, sonra sayğac quraşdırılsın.

Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərin qazı yoxdur. Bununla belə, bu azmış kimi, onların işığını da kəsmişdilər. Buna görə də onlar etiraz etdi. İndi isə etiraz edənlərin bir neçəsi həbsdə saxlanılır. Hamısı kasıb, imkansız adamlardır. Sizin vasitənizlə müraciət edirəm ki, bu adamlar azad olunmalıdır. O məcburi köçkünləri həbs edənlər də, bu göstərişi verənlər də, özlərini o insanların yerinə qoysun. Sənin evində qaz yoxdur və işığı da kəsirlər. Bəs sənin evində körpə uşaq, xəstə bu qışın soyuğunda hansı vəziyyətdə keçinməlidir?! Bu insanların emosiyalarını başa düşmək lazımdır. Ola bilsin ki, kimsə emosiyaya qapılıb, özünə nəzarəti itirib və hansısa zorakılığa yol verib. Bu adamları inzibati qaydada da məsuliyyətə cəlb etmək olardı. Ya da azadlıqdam məhrum etməyən qətimkan tədbiri seçilə bilərdi. Düşünürəm ki, etiraz aksiyasında həbs olunanlar azad olunmalıdır.

İstər “Dövlətqaçqınkom”un rəhbərliyinə olan hücumlar, istərsə də, məcburi köçkünlərlə bağlı digər məsələlərə sanki gözə görünməyən bir qüvvə rəhbərlik edir. Mən açıq deyirəm ki, istənilən sahədə nöqsanlar var. Ancaq bu nöqsanları problemlərin həllinə nail olmaq üçün yox, bu sahədə bir nizamın pozulmasına nail olmaq məqsədi ilə aşırı dərəcədə qabardılması doğru deyil. Məcburi köçkünlər uzun illər böyük məhrumiyyətlərə dözüblər. Ölkədə sabitliyin pozulmasına imkan verməyiblər. İndi isə sanki kimlərsə məcburi köçkünlərdən bu məqsədlərlə istifadə etməyə çalışır. Hesab edirəm ki, hökumət ciddi düşünməlidir. Hökumətə yeni kadrlar cvəlb olunmalıdır. Azərbaycanın xarici ölkələrdə təhsil almış, yaxşı mövqe tutmuş, özünü təsdiqləmiş kifayət qədər vətəndaşları var. Belə mütəxəssislərə ehtiyac var.

Bir sözlə, ölkədə bütü sahədə islahatlar dərinləşməlidir. Bu qədər dövlət universiteti kimə lazımdır?! Bu qədər xəstəxanalar, idman kompleksləri nəyə lazımdır?! Prezident özəlləşdirmə ilə bağlı sərəncam imzalayıb, amma bu proses genişlənməyib. Nazirliklər öz tabeliyində olan obyektlərin özəlləşdirilməyə çıxarılmasına imkan vermir. 

-Həmkarınız Vahid Əhmədov demişdi ki, hakimiyyət komandası dəyişməlidir. Mən istərdim ki, bu fikir kontekstində fikirlərinizi dinləyim. 

-Düzdür, Milli Məclisdə bu fikrə qarşı fikir söylədilər (Siyavuş Novruzovu nəzərdə tutur-red.). Dedilər ki, komandanı dəyişmək səlahiyyəti yalnız prezidentə məxsusdur və heç kim bu təkliflə çıxış edə bilməz. Maraqlısı budur ki, bunu deyən adamların özləri də vaxtı ilə təkliflərlə, təşəbbüslərlə çıxış edib. Məsələn, deyirdilər ki, sərhəd bölgələrindəki rayonlara keçmiş generallar icra başçısı təyin olunmalıdır (Yenə Siyavuş Novruzovu nəzərdə tutur-red.). Onda bu məntiqlə sual vermək olar ki, bu da prezidentin səlahiyyətidir və hansı haqla bu təklifi irəli sürürsünüz? 

Son qərarı təbii ki, prezident verir. Amma buna qədər cəmiyyətdə müzakirələr gedir. Ayrı-ayrı deputatların, partiya sədrlərinin haqq var ki, müxtəlif təklifləri gündəmə gətirsinlər. Bu, o demək deyil ki, kimsə nəsə deyən kimi, nəzərə alınacaq. 

-Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya var. Korrupsiyaya qarşı mübarizədə nəticələr əldə olunub, bunu danmaq olmaz. Amma göstəricilərimiz yenə də ürəkaçan səviyyədə deyil. Hələ də rüşvət, korrupsiya var. Özü də böyük məbləğdə vəsaitlərdən söhbət gedir. 

-Əvvəla onu deyim ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya korrupsiyanın subyekti ola biləcək şəxslərdən təşkil olunmalı deyil. Bizdə izə bu komissiyanın üzvlərinin özləri korrupsiyanın subyektləridir. Yəni, bu adamlar biri o birinin problemini qaldırırsa, o birisi də analoji addım atacaq. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə nazirlər, deputatlar, digər icra hakimiyyəti orqanlarının başında duran adamlar korrupsiyanın subyektləridir. Bizdə isə bu komissiyanın üzvləri nazirlər, deputatlar və başqa yüksək vəzifəli məmurlardır. Buna görə də, bu komissiya tamamilə müstəqil şəxslərdən ibarət olmalıdır.

Məhkəmə-Hüquq Şurası da məhkəmələrin müstəqilliyinə nail olmaq üçün sırf hakimlərdən təşkl olunmalıdır. Ancaq bizdə burada həm deputatlar, həm nazirlər, həm vəkillər, həm də prokurorluq işçiləri var. 

-Hüquqşünas Aslan İsmayılovla qalmaqalınız oldu, amma bu məsələdə heç zaman özünüz bir fikir bildirmədiniz. 

-Mənə elə gəlir ki, bu məsələ artıq bitib. Bircə onu söyləyə bilərəm ki, Azərbaycanda heç kim tənqiddən kənarda qalmamalıdır. Mən də tənqid oluna bilərəm. Ancaq hər şey etika çərçivəsində olmalıdır. Kimsə təhqir səsləndirirsə, təhqir olunanın yaxınlarından, tərəfdarlarından da adekvat addım atılacaq. 

-Bu məsələ məhkəmə predmeti olmuşdu, nə yenilik var? 

-Mənim bildiyimə görə, məhkəmə qarşılıqlı olaraq bu iddiaları rədd edib. 

-Bir zamanlar təcavüz etməyə görə həbs edilənlərin axtalanması haqqında qanun layihəsi təqdim etmişdiniz. Son zamanlar isə Qüdrət Həsənquliyev qanunvericilik təşəbbüsü ilə çıxış etmir. Səbəbi nədir? 

-Mən vaxtı ilı cəmiyyət üçün o qədər də populyar olmayan başqa məsələlərlə də bağlı təkliflər vermişdim. Demişdim ki, yüngül tərkibli narkotik maddələrin istifadəsi ilə bağlı müzakirələr olmalıdır. Dünyanın bir çox ölkələrində artıq marixuanaya görə cinayət məsuliyyəti aradan qaldırılıb. Azərbaycanda isə həbsxanaların çoxu marixuana istifadəçiləri ilə doludur.

Millət vəkillərinin verdiyi təkliflər o demək deyil ki, onlar dərhal qanun kimi qəbul olunmalıdır. Ancaq qeyd etmək istəyirəm ki, inkişaf etmiş ölkələr bəzi məsələlər cinayət hesab olunmursa,  bu təcrübəyə müraciət etmək lazımdır. Sivil dünyanın keçdiyi bir yol var. Bu yolla da biz getməliyik.

Bəs niyə yeni təşəbbüslərlə çıxış etmirəm? Ona görə ki, bizim qaldırdığımız məsələlərə lazımi diqqət göstərilmir. Ona görə də, yeni təşəbbüslərlə çıxış etməyi əhəmiyyətsiz, vaxt itkisi sayıram. Sadəcə təklif səsləndiririk və bu hökumət üçün zəruri olacaqsa, bu ideyaları götürəcək. Vaxtı ilə biz İşğal altında olan ərazilərin hüquqi statusu haqqında” qanun layihəsi də təqdim etmişdik. Heç müzakirə də olunmadı. Belə qanunu Azərbaycanla eyni problemi yaşayan Gürcüstan, Moldova, Ukrayna da qəbul edib. Konstitusiya islahatları barədə qanun layihəsi təqdim etmişik, bu da müzakirəyə çıxarılmayıb.

 



Xəbər 1958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +